PDF Oxu

Siyasət

  • 1 231

"44 günlük Zəfər Azərbaycanın dövlətçiliyinə və regional mövqeyinə yeni istiqamət verdi" - POLİTOLOQ ŞƏRH ETDİ

image

"2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə, Azərbaycanın müasir tarixində yalnız hərbi və siyasi qələbə kimi deyil, həm də dövlətçilik, milli kimlik və regional siyasət baxımından dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu Zəfər bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə dövlətin əsas məqsədini reallaşdırdı, digər tərəfdən isə milli birliyin və xalq-iqtidar həmrəyliyinin real gücə çevrilə biləcəyini sübut etdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.Onun sözlərinə görə, bu hadisə Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmlənməsinə böyük təsir göstərdi. Vətən müharibəsi dövründə xalq, ordu və siyasi rəhbərlik arasında yaranan qarşılıqlı inam və birliy, dövlətin idarəçilik sisteminin sınaqdan çıxaraq effektivliyini nümayiş etdirdi. Dövlətin qərarvermə mexanizmlərinin koordinasiyalı fəaliyyəti, diplomatik və informasiya cəbhəsindəki uğurlar Azərbaycan dövlətçiliyinin müasir modelini formalaşdırdı - bu model həm milli iradəyə, həm də strateji düşüncəyə əsaslanır: "Zəfər milli birliyin və kimliyin yenidən güclənməsi üçün ideoloji baza yaratdı. Uzun illər davam edən torpaq itkisi və ədalətsizlik hissi cəmiyyətdə müəyyən mənəvi boşluq yaradırdı. Qələbə bu boşluğu doldurdu, milli qürur hissini bərpa etdi və “Azərbaycançılıq” ideyasını real dəyərə çevirdi. Artıq gənc nəsil öz dövlətinə və ordusuna daha güclü bağlılıq hiss edir, bu da gələcəkdə vətəndaş məsuliyyətinin və milli həmrəyliyin daha da möhkəmlənməsinə zəmin yaradır. Azərbaycan müharibədən sonra regionda yeni güc balansı formalaşdıran əsas oyunçuya çevrildi. Bakı artıq təkcə enerji və nəqliyyat layihələrinin mərkəzi deyil, həm də təhlükəsizlik və əməkdaşlıq proseslərində aparıcı rola malikdir. Zəfər nəticəsində Azərbaycan regional sabitliyin təminatçısı, sülhün və iqtisadi inteqrasiyanın təşəbbüskarı kimi çıxış etməyə başladı.Bundan əlavə, bu qələbə Azərbaycanın müstəqil xarici siyasət kursunun doğruluğunu təsdiqlədi. Heç bir xarici gücə arxalanmadan, milli maraqlara əsaslanan strategiya nəticəsində qazanılan uğur ölkənin beynəlxalq imicini gücləndirdi. Bu gün Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan Cənubi Qafqazın aparıcı gücü kimi qəbul olunur. Nəhayət, 44 günlük Zəfər Azərbaycanın gələcək inkişaf strategiyasına yeni istiqamət verdi - azad edilmiş ərazilərin bərpası, regionlararası əlaqələrin bərqərar olunması və sülhün dayanıqlı əsaslar üzərində qurulması bu strategiyanın mərkəzində dayanır. Bu, dövlətin həm iqtisadi, həm də sosial prioritetlərini yenidən müəyyənləşdirərək, milli inkişafın növbəti mərhələsini formalaşdırır".Yekun olaraq demək olar ki, Vətən müharibəsindəki Zəfər Azərbaycanın dövlətçiliyinə güc, milli birliyinə mənəvi dayağ, regional mövqeyinə isə strateji üstünlük qazandırdı. Bu hadisə yalnız keçmişin ədalətini bərpa etmədi, eyni zamanda gələcəyin istiqamətini də müəyyənləşdirdi.

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər