PDF Oxu

Siyasət

  • 981

Türk dövlətlərinin birliyi həm də qardaşlığın təzahürüdür

image

Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilmiş XII Zirvə Görüşü təşkilatın yalnız regional yox, eyni zamanda, qlobal arenada təsir gücünü artırmaq istiqamətində atdığı strateji addımların ən mühüm göstəricisidir. Bu Zirvə Görüşü TDT-nin beynəlxalq sistemdə artan çəkisini, strateji ideyalarını və perspektiv proqramlarını açıq şəkildə ortaya qoydu. Qəbələ Bəyannaməsi isə bu inkişafın rəsmi ifadəsi olmaqla, həm iqtisadi, həm də siyasi və hərbi əməkdaşlıq sahələrində konkret hədəfləri təsdiqləyir.

Əsas diqqət çəkən məqam TDT-yə üzv dövlətlərin hərbi və təhlükəsizlik sahəsində birgə fəaliyyətlərinin gücləndirilməsi ilə bağlı təşəbbüslərin irəli sürülməsidir. Azərbaycan Prezidentinin 2026-cı ildə birgə hərbi təlimlərin keçirilməsi təşəbbüsü bu istiqamətdə həmrəylik və kollektiv müdafiə modelinin gücləndirilməsinə xidmət edir. Bu, təşkilatın yalnız iqtisadi və diplomatik platforma kimi deyil, həm də strateji güc mərkəzi kimi mövqeyini möhkəmləndirir.

Budəfəki Zirvə Görüşü Türk dünyasında nəqliyyat-logistika və enerji sahələrində inteqrasiyanın dərinləşdirilməsinə ciddi təkan verdi. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində mərkəzi rolunun və bərpaolunan enerji sahəsindəki liderliyinin tanınması TDT-nin regionda dayanıqlı inkişaf və enerji təhlükəsizliyi siyasətində nüfuzunu artırır.

Qəbələ Zirvə Görüşü həm də regional sülhün və təhlükəsizliyin təmin edilməsində Azərbaycanın təşəbbüskarlığını və nüfuzunu bir daha ortaya qoydu. Azərbaycanın Ermənistanla sülh təşəbbüsləri, Vaşinqtonda sülh sazişi layihəsinin paraflanması, həmçinin TDT-nin bu proseslərdə oynadığı rol təşkilatın beynəlxalq hüquqa və regional dayanıqlılığa verdiyi önəmi göstərir. Bu, yalnız siyasi mövqeyin gücləndirilməsi deyil, həm də Türk dünyasının gələcək geosiyasi dayaqlarının möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Bundan başqa, TDT-nin iqtisadi və investisiya imkanları XII Zirvə Görüşündə xüsusi vurğulandı. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında yaradılmış birgə fondlar, həmçinin 20 milyard ABŞ dollarından artıq sərmayə regional iqtisadi inteqrasiyanın təməllərini qoyur. Bu fondlar vasitəsilə enerji, nəqliyyat və yaşıl enerji sahələrində reallaşdırılacaq layihələr təşkilatın qlobal iqtisadi arenada söz sahibi olmasına imkan yaradır.

Zirvə görüşü zamanı üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq və qarşılıqlı investisiya imkanları geniş şəkildə müzakirə olundu. Prezident İlham Əliyev çıxışında mədəniyyət, təhsil və turizm sahələrində yeni təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini qeyd etdi. Bu təşəbbüslər Türk dünyasının birliyini gücləndirir, həmçinin regional və qlobal səviyyədə Azərbaycan və digər üzv dövlətlərin nüfuzunu artırır.

Nəticə olaraq, 12-ci Zirvə Görüşü Türk Dövlətləri Təşkilatının davamlı inkişafına və üzv ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edən mühüm platforma oldu. Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın təşəbbüskarlığını və regional liderliyini bir daha göstərdi, həm də gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdi.

Saleh MƏHƏRRƏMOV,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Digər xəbərlər