"Biz bilirik ki, Ermənistanda qarşıdakı il mühüm bir siyasi hadisə — parlament seçkiləri keçiriləcək. Ermənistan parlament respublikası olduğu üçün ölkənin gələcək siyasi istiqamətini bu seçkilər müəyyən edəcək". Bunu SİA-ya açıqlamasında politoloq Kazım Kazımov deyib.Onun sözlərinə görə, Ermənistandakı real vəziyyətə nəzər salsaq, demək olar ki, Nikol Paşinyanın hakimiyyətini davam etdirmək şansı kifayət qədər yüksəkdir: "Çünki onun qarşısında güclü bir müxalifət yoxdur. Son dövrlərdə keçmiş xunta rejiminin nümayəndələri — Robert Koçaryan və Serj Sarkisyan — müəyyən qədər aktivləşiblər. Xüsusilə, Koçaryanın son zamanlar Azərbaycana qarşı nifrət dolu və revanşist bəyanatları diqqət çəkir. Lakin bu, mənim fikrimcə, qısamüddətli və populist bir strategiyadır.Ermənistanda artıq başa düşüblər ki, Azərbaycanla hərbi və siyasi rəqabət aparmaq, yaxud Qarabağı yenidən işğal etmək mümkün deyil. Bu cür ritorika sadəcə cəmiyyətin radikal və marjinal təbəqələri arasında dəstək tapa bilər. Koçaryanın fikirləri də məhz həmin dar çevrədə müəyyən qarşılıq görür.Digər tərəfdən, Ermənistanın iqtisadi vəziyyəti hələ də ağırdır. Demoqrafik göstəricilər mənfidir, əhalinin bir hissəsi ölkəni tərk edir. Xüsusilə, Qarabağdan köçən insanlar sosial və iqtisadi çətinliklər səbəbilə Nikol Paşinyan hökumətindən narazıdır. Onların bir hissəsi etiraz səsi kimi Koçaryana səs verə bilər. Eyni zamanda, revanşist düşüncələrə sahib marjinal qruplar da keçmiş rejim nümayəndələrini dəstəkləyə bilərlər.Bununla belə, hesab edirəm ki, Robert Koçaryanın Nikol Paşinyanı üstələyərək yenidən baş nazir olması ehtimalı çox aşağıdır. Amma bu, o demək deyil ki, Nikol Paşinyan arxayınlaşmalıdır. Çünki o da indiyədək Ermənistan üçün ciddi iqtisadi və sosial inkişaf göstərə bilməyib. Ölkə hələ də xarici donorların maliyyə dəstəyi ilə yaşayır, işsizlik yüksəkdir və əhali arasında ümidsizlik hökm sürür.Paşinyan vəziyyəti sabitləşdirmək və mövqeyini möhkəmləndirmək üçün sürətli, praqmatik və təsirli addımlar atmalıdır. Xüsusilə, Azərbaycanla “Zəngəzur dəhlizi”nin reallaşması istiqamətində konkret addımlar atmaq vacibdir. Bu, Ermənistanın uzun illərdir üzləşdiyi iqtisadi blokadanın aradan qaldırılmasına və ölkənin mühüm bir tranzit mərkəzinə çevrilməsinə imkan verə bilər.Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması, Gürcüstanla əlaqələrin inkişafı Ermənistan üçün yeni regional imkanlar açacaq. Əgər Paşinyan bu istiqamətdə real irəliləyiş əldə edə bilsə, o zaman Ermənistan cəmiyyəti regionun gələcək perspektivini daha aydın görəcək və revanşist siyasətçilərə olan rəğbətini tamamilə itirəcək".
Müəllif: Günel Fərzəliyeva