Ümummilli Lider Heydər Əliyev: "Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır"
Müasir dünyada hər bir qərar istər iqtisadi, istər sosial, istərsə də ekoloji sahədə statistik məlumatlara əsaslanır. Rəqəmlər cəmiyyətin nəbzini tutur, inkişafın istiqamətini göstərir. Statistika elmi sadəcə quru hesablardan ibarət deyil; o, reallığın elmi dilidir, dövlətin iqtisadi siyasətini, insanların gündəlik rifahını və gələcək planlamanı əks etdirən güclü informasiya alətidir. Statistika qədim dövrlərdən dövlət idarəçiliyinin ayrılmaz hissəsi olub. Əhali sayının müəyyənləşdirilməsi, torpaq sahələrinin və vergi potensialının hesablanması kimi məsələlər məhz statistik metodlara söykənib. Zaman keçdikcə bu sahə daha da inkişaf edərək kompleks iqtisadi, sosial, ekoloji və demoqrafik məsələlərin təhlilinə imkan verən güclü elmi əsaslara çevrilib. Bu gün statistika müasir cəmiyyətin “rəqəm dili”dir. Bütün dünyada qərar qəbuletmənin əsasında etibarlı statistik məlumatlar dayanır. Səhiyyə, təhsil, sənaye, ətraf mühit, kənd təsərrüfatı, əmək bazarı və digər sahələr üzrə analizlər cəmiyyətin inkişaf istiqamətini müəyyənləşdirmək üçün vacibdir.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası statistik idarəçiliyin müasir tələblərə cavab verən sistemini qurmağa başladı. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də öz diqqət və köməyini statistikadan əsirgəməmişdir. Ulu Öndərin həyata keçirdiyi islahatlar çərçivəsində 18 fevral 1994-cü ildə imzalanmış “Statistika haqqında” Azərbaycan Respublikasının Qanunu statistika sahəsində yeni bir dövrün başlanmasına təkan vermişdir. Qanunda Avropa İqtisadi Komissiyasının 1992-ci il aprelin 15-də Cenevrədə keçirilən 47-ci sessiyasının qərarı ilə təsdiq edilmiş “Avropa İqtisadi Komissiyası regionunda rəsmi statistikanın əsas prinsipləri”nin bütün tələbləri nəzərə alınmışdır. Beynəlxalq standartlara cavab verən bu qanunda statistik forma və metodların demokratik prinsiplərə uyğunlaşdırılması rəhbər tutularaq rəsmi statistika sisteminin təşkili, səlahiyyət və vəzifələri, kadr təminatı və işçilərin sosial müdafiəsi ilə bağlı digər məsələlər tənzimlənmiş və beləliklə, milli statistikanın hüquqi əsasları yaradılmışdır.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ölkənin sosial-iqtisadi göstəricilərinin toplanması, təhlili və ictimaiyyətə çatdırılması ilə məşğuldur. Komitə tərəfindən hər il minlərlə müəssisə, təşkilat və vətəndaşdan toplanan məlumatlar əsasında hazırlanan rəsmi statistik hesabatlar ölkənin inkişaf dinamikasını göstərir. Komitənin müasir texnologiyalarla təchiz olunmuş məlumat sistemləri vasitəsilə təqdim etdiyi interaktiv elektron məlumat bazaları və onlayn xidmətlər həm yerli, həm də beynəlxalq mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. İnkişaf etmiş ölkələrdə hər bir dövlət proqramı, iqtisadi və sosial layihə yalnız statistik əsaslandırmalara əsasən planlaşdırılır. Azərbaycanda da bu yanaşma getdikcə güclənir. Açıqlanan rəsmi məlumatlar medianın, vətəndaş cəmiyyətinin, sahibkarların və beynəlxalq tərəfdaşların fəaliyyətinə şəffaflıq və proqnoz imkanı yaradır. Ölkənin sosial-iqtisadi inkişafının, demoqrafik proseslərin proqnozlaşdırılmasında öz miqyasına görə mürəkkəb və xüsusilə irihəcmli iş sayılan siyahıyaalmalardan da geniş istifadə edilmişdir. 1990-cı ildən keçən dövr ərzində 1999-cu, 2009-cu və 2019-cu illərdə əhalinin, 2004-cü ildə başa çatdırılmamış istehsal və qeyri-istehsal təyinatlı tikililərin və turizm obyektlərinin, 2005, 2015 və 2025-ci illərdə kənd təsərrüfatının, 2007, 2015 və 2025-ci illərdə fərdi sahibkarların və hüquqi şəxslərin siyahıyaalınmaları keçirilmişdir.
Azərbaycanda rəsmi statistikanın təkmilləşdirilməsi, bu sahədə islahatların başa çatdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması, cəmiyyətin daha geniş məlumatlandırılması və statistikanın dövlətin iqtisadi siyasətinə uyğun daha da inkişaf etdirilməsi, ölkənin sosial-iqtisadi inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, statistik göstəricilər sisteminin dünya standartları səviyyəsinə çatdırılması, iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyasını səciyyələndirən yeni statistik məlumatların əldə edilməsi və onun beynəlxalq statistika standartları səviyyəsinə yüksəldilməsi diqqət mərkəzindədir. Bu məqsədlə, Dövlət Statistika Komitəsi tərəfindən statistika sahəsində islahatların aparılması və onun təkmilləşdirilməsi haqqında dövlət proqramları işlənib hazırlanmış və həyata keçirilmişdir. Bu illər ərzində beş Dövlət Proqramı (1993-1997, 1998-2002, 2003-2007, 2008-2012, 2013-2017-ci illəri əhatə edən) yerinə yetirilmiş, bu günə sonuncu 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı ölkə Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş və yerinə yetirilməkdədir.
Statistika şəffaflıq və planlama üçün əsasdır. Əhali siyahıyaalınmasından başlayaraq inflyasiya səviyyəsinə, orta əməkhaqqından sənaye istehsalına qədər hər bir göstərici milli siyasətin istiqamətini müəyyən edir. Əgər rəqəmlər danışırsa dövlət daha düzgün qərarlar qəbul edə bilər.
Statistika yalnız mütəxəssislər üçün deyil hər bir vətəndaş, xüsusilə gənc nəsil üçün vacib bacarıq sahəsidir. Məktəblərdə və universitetlərdə statistik maarifləndirmənin gücləndirilməsi, rəqəmlərlə düşünmə və məlumat əsaslı qərar qəbuletmə bacarıqlarının inkişaf etdirilməsi gələcəyin uğurlu idarəçilərinin və alimlərinin yetişdirilməsində önəmlidir.
Oktyabrın 20-də dünyada və ölkəmizdə BMT-nin Statistika Komissiyasının qərarı ilə “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı altında Ümumdünya Statistika Günü qeyd ediləcəkdir. Hər beş ildən bir keçirilən “Ümumdünya Statistika Günü”nün beynəlxalq səviyyədə təntənəli şəkildə qeyd edilməsi BMT-nin 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində statistik məlumatların əsas rolunu bir daha vurğulayır. DİM çərçivəsində yoxsulluğun azaldılması, bərabər təhsil imkanları, təmiz enerji və ekoloji davamlılıq kimi məqsədlərin reallaşması ancaq dəqiq və aktual statistikaya söykənərək mümkündür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Bakıda keçirilən “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciətində milli statistikamızın rolunu yüksək qiymətləndirmişdir: ”Bu gün Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalı daim diqqət mərkəzində saxlanılır.”
Cənab Prezident İlham Əliyevin statistikaya göstərdiyi qayğı, Azərbaycanda dövlət idarəçiliyinin daha şəffaf və məqsədyönlü olmasına xidmət edir. Statistika sisteminin müasir tələblərə uyğun qurulması, beynəlxalq standartlara inteqrasiya və innovativ metodların tətbiqi ilə ölkənin strateji hədəflərinə çatmaq üçün möhkəm zəmin yaradılır. Statistikaya verilən bu önəm, həm dövlətin özünü, həm də vətəndaşların həyat keyfiyyətini daha aydın ifadə edən göstəricilərin mövcudluğunu təmin edir.
Dövlət Statistik Komitəsi son illərdə həm daxili quruluş baxımından, həm də metodların modernləşməsi, beynəlxalq standartların tətbiqi və innovasiyaların istifadə olunması baxımından inkişaf etmiş, ISO 9001:2015 keyfiyyət idarəetmə sistemi üzrə beynəlxalq uyğunluq sertifikatı almışdır. Komitə bu sertifikata layiq görülən ilk mərkəzi icra hakimiyyəti orqanı olmaqla yanaşı, MDB məkanında da bu nailiyyəti qazanmış statistik qurumlardan biridir. Statistik məlumatların toplanması və yayılması sahəsində texnoloji yeniliklər tətbiq olunur, çox sayda hesabatlar elektron formatda hazırlanır, məlumatlar onlayn rejimdə təqdim olunur və avtomatik yoxlanılır.
Hazırda 2026 2030 cu illər üzrə rəsmi statistikanın inkişafına dair yeni Dövlət Proqramı layihəsi hazırlanmışdır. Bu layihə gələcəkdə statistika sistemində yeni hədəflərin qoyulması, müasir texnologiyaların tətbiqi və statistikanın beynəlxalq əməkdaşlıq çərçivəsində təkmilləşdirilməsi istiqamətlərini özündə ehtiva edir.
Bəli, bu gün Azərbaycan güclü, öz yolunu seçmiş və bu yolla qətiyyətlə irəliləyən bir dövlətdir. Hər bir sahədə müşahidə olunan yüksəliş istər iqtisadi göstəricilərdə, istər sosial rifahda, istərsə də beynəlxalq nüfuzumuzda uzun və əzmkar bir zəhmətin, düzgün idarəetmənin nəticəsidir. Bu nailiyyətlər sözlə yox, faktlarla danışır. Bu uğurlu yolu isə biz bir daha aydın şəkildə görürük. Çünki statistik rəqəmlər yalan danışmır, onlar reallığın güzgüsüdür. Cənab Prezident İlham Əliyevin söylədiyi kimi: “Statistik rəqəmlərə baxdıqda hər kəs görə bilər ki, biz nə qədər böyük yol keçmişik.” Bu yol zəhmət yolu, inkişaf yolu, qalibiyyət yoludur. Bu yolun hər addımında birlik var, vətən sevgisi var, gələcəyə olan inam var!
Xəzri Məmmədov,
Qax rayon Statistika İdarəsinin rəisi