PDF Oxu

Siyasət

  • 1 367

MDB məkanında əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi

image

Azərbaycanın regional və beynəlxalq siyasətdə mövqeyi daha da möhkəmlənir. Biz bunun isbatını Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında gördük.

Oktyabrın 10-da Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regional və beynəlxalq arenada artan nüfuzunun növbəti təzahürü oldu. Bu çıxış həm siyasi, həm diplomatik, həm də humanitar aspektlərdən çoxqatlı məna daşıyır. Prezidentin səsləndirdiyi hər bir fikir Azərbaycanın MDB məkanında qarşılıqlı hörmət, əməkdaşlıq və sülh dəyərlərinə sadiqliyinin bariz ifadəsidir.
İclasda dövlət başçımızın qardaş Tacikistan xalqına və onun rəhbərinə ünvanladığı təbrik sözləri bir daha göstərdi ki, Azərbaycan diplomatiyası milli maraqlarla yanaşı, dostluq və tərəfdaşlıq prinsipinə əsaslanır.
Bu səmimi münasibət təkcə siyasi çərçivədə deyil, həm də Azərbaycan xarici siyasətinin əsas fəlsəfəsini - qarşılıqlı etimad, hörmət və bərabərlik prinsiplərini əks etdirir.
Prezident İlham Əliyev çıxışında xüsusi olaraq vurğuladı ki, Azərbaycan və Tacikistan arasında münasibətlər dostluq, qardaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Son illərdə bu münasibətlər yeni dinamika qazanıb, iqtisadi-ticarət əlaqələri genişlənib, humanitar və mədəni sahələrdə qarşılıqlı layihələr həyata keçirilib.
Azərbaycan və Tacikistan prezidentlərinin mütəmadi görüşləri, qarşılıqlı səfərləri və imzalanmış sazişlər bu münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəldib. Bu əməkdaşlıq təkcə iki ölkə arasında deyil, həm də MDB məkanında ortaq inkişaf modelinin formalaşmasına xidmət edir.
Prezident İlham Əliyevin Düşənbədə söylədiyi fikirlər bu münasibətlərin qarşılıqlı etimad və dostluq üzərində qurulduğunu bir daha təsdiqlədi: “Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.”
Bu yanaşma MDB-nin mahiyyətinə uyğun olaraq, təşkilat daxilində dövlətlərarası münasibətlərin bərabərhüquqlu və səmərəli inkişafı üçün mühüm nümunədir.

Cənab Prezidentin çıxışında diqqətçəkən əsas məqamlardan biri Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı idi. Dövlət başçısının bu qərara görə həmkarlarına təşəkkür etməsi və Laçında görülən bərpa işlərini xüsusi qeyd etməsi Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq siyasətinin beynəlxalq miqyasda nümunə kimi qəbul olunduğunu göstərir.
Ölkə rəhbəri İlham Əliyev çıxışında bildirdi ki, bu ilin iyununda Laçında MDB-nin “Mədəniyyət paytaxtı ili”nin açılış mərasimi keçirilib, iştirakçılar şəhərin qısa müddətdə necə dirçəlməsinin şahidi olublar.
"Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib".
Bu sözlər Azərbaycanın Zəfərdən sonra dirçəliş modelinin mahiyyətini çox aydın ifadə edir. Laçın, Füzuli, Şuşa, Zəngilan, Cəbrayıl və digər azad olunmuş bölgələrdə həyata keçirilən nəhəng bərpa layihələri təkcə iqtisadi və infrastruktur baxımından deyil, həm də mədəni diplomatiya yönündən böyük önəm daşıyır.
MDB-nin Laçını mədəniyyət paytaxtı elan etməsi Azərbaycanın beynəlxalq imicinə, onun mədəni irsinin təbliğinə və multikultural dəyərlərinin dünyada tanıdılmasına mühüm töhfə verir.
Prezident İlham Əliyev çıxışında MDB məkanında dostluğu və əməkdaşlığı möhkəmləndirən mühüm hadisələrdən biri kimi III MDB Oyunlarını xüsusi qeyd etdi. Sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə şəhərində və Azərbaycanın digər altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə keçirilən bu möhtəşəm idman tədbiri həm ölkəmizin təşkilati bacarığını, həm də MDB dövlətləri arasındakı birliyi nümayiş etdirdi.
13 ölkədən, o cümlədən MDB-yə üzv və qonaq dövlətlərdən 1600-dən çox idmançının iştirakı bu oyunları həm miqyas, həm də məzmun baxımından beynəlxalq səviyyəli tədbirə çevirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.
Gəncə kimi qədim və zəngin mədəni irsə malik şəhərin belə tədbirə ev sahibliyi etməsi həm Azərbaycanın idman diplomatiyasının, həm də mədəni potensialının nümayişidir. III MDB Oyunları təkcə idman yarışları deyil, xalqları bir araya gətirən, sülh, dostluq və həmrəyliyin bayramına çevrilən hadisə oldu.

Düşənbə çıxışı Prezident İlham Əliyevin beynəlxalq siyasətə yanaşmasının mahiyyətini – praktik realizm və humanitar diplomatiyanın vəhdətini aydın şəkildə ortaya qoydu. Prezident bir daha göstərdi ki, Azərbaycanın xarici siyasət doktrinası təkcə siyasi maraqlarla deyil, həm də mədəni, humanitar və mənəvi dəyərlərlə uzlaşır.
Azərbaycan MDB daxilində etibarlı tərəfdaş, sabitlik dayağı və əməkdaşlıq mədəniyyətinin təşviqçisidir. Bu mövqenin formalaşmasında ölkəmizin balanslaşdırılmış siyasəti, qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə sadiqliyi mühüm rol oynayır.
MDB məkanında Azərbaycanın fəal rolu həm də Prezident İlham Əliyevin şəxsiyyətindən və liderlik vizyonundan qaynaqlanır. Onun təşəbbüsləri sayəsində ölkəmiz təkcə regional deyil, həm də beynəlxalq müstəvidə əməkdaşlıq, sabitlik və inkişafın etibarlı dayağına çevrilib.
Hesab edirəm ki, Prezident İlham Əliyevin Düşənbə çıxışı Azərbaycanın MDB məkanında artan nüfuzunun, beynəlxalq arenada sabitlik və əməkdaşlıq siyasətinin uğurla davam etdiyini bir daha sübut etdi.
Prezidentimizin çıxışı həm dost Tacikistanla münasibətlərdə, həm də MDB dövlətləri ilə əməkdaşlıqda qarşılıqlı hörmət, etimad və qardaşlıq prinsiplərinə əsaslanan siyasətin bariz nümunəsidir. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi və Gəncədə MDB Oyunlarının keçirilməsi Azərbaycanın beynəlxalq səviyyədə mədəni və idman diplomatiyasını yeni zirvəyə qaldırdı.
Prezident İlham Əliyevin çıxışı MDB dövlətlərinə dostluq, əməkdaşlıq və qarşılıqlı etimadın əhəmiyyətini xatırlatmaqla yanaşı, Azərbaycanın sülh və tərəqqi yönümlü siyasətinin real nəticələrini nümayiş etdirdi.
Azərbaycan bu gün təkcə öz milli inkişafına deyil, həm də regionda sabitliyin qorunmasına, xalqlar arasında birliyin möhkəmlənməsinə böyük töhfə verir. Düşənbə çıxışı bu istiqamətdə növbəti mühüm mesaj oldu.
Bir sözlə, Prezident İlham Əliyevin Düşənbədəki çıxışı MDB məkanında yeni əməkdaşlıq mərhələsinin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu çıxış Azərbaycanın beynəlxalq siyasətdə liderlik, sülh, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyini təsdiqlədi. Azərbaycan artıq təkcə regionun deyil, bütün MDB-nin inkişafında mühüm rol oynayan, təşəbbüskarlığı ilə seçilən bir dövlətdir.
Prezident İlham Əliyevin Düşənbə platformasından verdiyi mesajlar həm siyasi uzaqgörənliyin, həm də dövlət başçısının şəxsiyyətində cəmlənmiş liderlik keyfiyyətlərinin parlaq ifadəsidir. Bu çıxış Azərbaycanın gələcək istiqamətini müəyyənləşdirən növbəti strateji mərhələ kimi tarixə düşəcək.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Digər xəbərlər