Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi altında regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edir.
ÇOXŞAXƏLİ VƏ TARAZLAŞDIRILMIŞ XARİCİ SİYASƏT
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfəri qlobal siyasətdə ölkəmizin nüfuzunun daha bir təzahürüdür. Cənubi Qafqazın lider ölkəsi olaraq Azərbaycan həm Avropa, həm də Asiya ölkələri ilə balanslaşdırlmış xarici siyasət həyata keçirir, qarşılıqlı əməkdaşlıq münasibətləri qurur, iqtisadi və siyasi əlaqələrini möhkəmləndirir və bununla da geosiyasi mövqeyini gücləndirir. Azərbaycanın Avropa ilə yanaşı, Yaxın Şərq diplomatiyası da çoxşaxəli və tarazlaşdırılmış xarici siyasət prinsiplərinə əsaslanır.
Vurğulamaq yerinə düşər ki, müasir dünyada Azərbaycan qlobal məsələlərin həllində iştirak edən dövlətə çevrilib. Təkcə bu ilin, oktyabr ayı ərzində Azərbaycan Prezidenti İlham Əliyev fərqli coğrafiyada keçirilən samttlərin iştirakçısı olub. 1-2 oktyabr tarixlərində Kopenhagendə Avropa Siyasi Birliyinin sammitində, 6-7 oktyabr tarixlərində , Qəbələdə Türk Dövlətləri Təşkilatının sammitində, 9-10 oktyabr tarixlərində isə , Düşənbədə MDB Sammitində iştirak edib. Beynəlxalq təşkilatların fəal üzvünə çevrilən Azərbaycan müxtəlif beynəlxalq platformalarda yalnız üzləşdiyimiz problemlərin deyil, eyni zamanda, qlobal miqyaslı problemlərin həllinə töhfə verir. Azərbaycanın səyləri və təşəbbüsləri dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Bu siyasət Azərbaycanın coğrafi mövqeyindən, enerji resurslarından və regional təhlükəsizlik maraqlarından qaynaqlanır. Misirdə keçirilən sammitdə iştirak Azərbaycanın həm İslam dünyası, həm də Qərb siyasi mərkəzləri ilə əlaqələrinin qarşılıqlı etimada əsaslanan yeni mərhələyə qədəm qoyduğunu da göstərir.
Azərbaycan beynəlxalq təşkilatlarda etibarlı, nüfuzlu və edalətli bir ölkədir. Artıq Azərbaycan dəfələrlə müxtəlif beynəlxalq təşkilatlarda istər üzv ölkə kimi, istərsə də bu beynəlxalq təşkilatlara sədrlik etdiyi müddətdə həm ölkəmizə, həm də bu təşkilatlara böyük nüfuz qazandırmışdır. Sözsüz ki, bu zəngin təcrübəyə və mükəmməl diplomatik birliyə və idarəetmə məharətinə malik olan möhtərəm Prezidentimiz İlham Əliyevin fəaliyyətinə görədir. Ötən illər ərzində müxtəlif beynəlxalq təşkilatlarda dəfələrlə sədrlik etdiyi müddətdə Prezident İlham Əliyev unikal və zəruri əhəmiyyətə malik təşəbbüsləri ilə ölkəmizə beynəlxalq aləmdə böyük nüfuz qazandırmışdır. 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərdi. Qeyd etmək lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatı üzvlərinin legitim maraqlarını, eyni zamanda beynəlxalq hüquq və ədaləti müdafiə edir. Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə böyük məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdi. Azərbaycan Prezidenti 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılıb.
Bugün Azərbaycan Prezidenti İlham Əliyev qlobal çağırışların həlli istiqamətində təşəbbüsləri və aktiv fəaliyyətilə Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada rolu və nüfuzunun artdığı etiraf olunub. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi.
DÜNYANIN GƏLƏCƏK TALEYİNİN HƏLL OLUNACAĞI SAMMİT
Bu gün Misirdə yalnız Yaxın Şərqin deyil, dünyanın gələcək taleyinin həll olunacağı samit keçirilir. Şarm-əl-Şeyxdə Qəzza bölgəsinin gələcəyi ilə əlaqədar təşkil olunan sammitdə qlobal siyasətdə söz sahibi olan dövlətlərin başçıları iştirak ediblər.
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və Misir prezidenti Abdel Fəttah əs- Sisinin təşkilatçılığı ilə keçirilən yüksəksəviyyəli siyasi tədbirdə Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliya Nazirlər Şurasının Sədri Corcia Meloni, İspaniyanın Baş naziri Pedro Sançes, həmçinin Yaponiya, Hindistan, Kanada, Yunanıstan, Bəhreyn, Əl-Küveytin, Qətər və İordaniyanın xarici işlər nazirləri, eləcə də BMT və Avropa İttifaqının təmsilçiləri iştirak ediblər. Misir və ABŞ prezidentlərinin həmsədrlik etdikləri sammitə Azərbaycan da daxil olmaqla 20-dən çox ölkənin liderinin qatılması tədbirin əhəmiyyətini bir daha nümayiş etdirir.
Son onillikdə Yaxın Şərqdə baş verən geosiyasi proseslər Suriya, İraq, Liviya kimi dövlətlərdə vətəndaş müharibələrinin başlamasına, hakimiyyətlərin zorla devrilməsinə və bunların nəticəsində milyonlarla insanın qaçqın düşməsinə səbəb olub. İsrail ilə Fələstin arasındakı münaqişə artıq dünyanı narahat edən bir vəziyyətə çatıb ki, bunu da ABŞ Prezidenti Donald Tramp həll edərək, regionda sülhə nail olmaq qərarına gəlib.
SAMMİT REGİONAL SABİTLİK EPOXASININ ƏSASINI YARADACAQ
Ağ Evin tədbirlə bağlı bəyanatında deyilir: “Bu Sammit dönüş nöqtəsi olaraq, regional sabitilik epoxasının əsasını yaradacaq”. Misir isə Sammit vasitəsilə ərəb dünyası ilə beunəlxalq birlik arasında əlaqələndirici olduğunu nümayiş etdirir.
Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən Sammitə şəxsən dəvət olunması isə artıq Azərbaycanın qlobal siyasətdə özünəməxsus yer tutduğunu göstərir. ABŞ-da ikinci dəfə Prezident seçilən D. Tramp dünyada baş verən münaqişələrə son qoymaqda qərarlıdır. Bu ambisiyaların reallaşması üçün yaxın müttəfiqlər və geniş dünyagörüşünə malik liderlər lazımdır. Bu il avqustun 8-də Prezident D.Trampın təşəbbüsü və iştirakı ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. İki dövlət arasında sülhə nail olmaq istiqamətində sənəd imzalandı. Vaşinqton razılaşması bölgədə uzun illər davam etmiş münaqişənin başa çatmasının siyasi təsdiqi kimi qiymətləndirilir. Bu sənəd hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması, gələcək münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında qurulması üçün mühüm zəmin yaratmışdır.
Zəngəzur dəhlizinin açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqə yaratmaqla yanaşı, bütövlükdə region üçün strateji üstünlüklər və iqtisadi imkanlar açacaqdır.
Zəngəzur dəhlizi eyni zamanda Avrasiyanın nəqliyyat xəritəsində yeni bir alternativ marşrutun formalaşmasına xidmət edəcəkdir. Bununla da Azərbaycan həm Şərq–Qərb, həm də Şimal-Cənub istiqamətində beynəlxalq logistika mərkəzinə çevriləcək. Qalib, ərazi bütövlüyünü, suverenliyini, eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququ təkbaşına təmin etmiş Azərbaycan bu gün regional və qlobal miqyasda aparıcı faktora çevrilib.
SÜLH, ƏMƏKDAŞLIQ VƏ QARŞILIQLI İNKİŞAFA YÖNƏLMİŞ SİYASƏT
Azərbaycanın 44 günlik Vətən müharibəsində Zəfər qazanması rəsmi Bakının hərbi əməliyyatlar apararaq yalnız işğal altında olan torpaqlarını geri qaytarmasını deyil, ədalətin bərpası üçün həyata keçirdiyi tədbirlərin zəruriliyini göstərdi. Bu baxımdan Prezident İlham Əliyevin Prezident D.Tramp tərəfindən Yaxın Şərq Sülh Sammitinə dəvət alması təsadüfi xarakter daşımır. Azərbaycan Suriyaya yardım məqsədilə onun enerji təminatına dəstək verərək, bu ölkəyə təbii qaz ixrac etməsi faktı Prezident İlham Əliyevin humanist baxışlarını göstərməklə yanaşı, sülhə doğru addım atan siyasi liderlik qabiliyyətində olduğunu da nümayiş etdirdi. Bütün bunlar Azərbaycan Prezidentinin dünya liderləri arasında sülhsevər dövlət başçısı kimi nüfuzunu möhkəmləndirir.
Azərbaycan özünün praqmatik siyasi xətti və iqtisadi inkişafı ilə dünya birliyində layiqli yerini tutub və regionda sülh, əməkdaşlıq və qarşılıqlı inkişafa yönəlmiş siyasət yürüdür.
Nəzakət ƏLƏDDİNQIZI