PDF Oxu

Siyasət

  • 429

Azərbaycanın beynəlxalq aləmdə artan qüdrəti

image

Müasir Azərbaycan Respublikasının memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminliklə deyə bilərik ki, Ulu Öndərin hazırladığı mükəmməl xarici siyasət strategiyası Azərbaycanı bütün regional məsələlərdə söz sahibi olan müstəqil dövlətə çevirdi. Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artdı.

Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu münasibətlərin qurulmasında maraqlıdır. Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. İkitərəfli münasibətlərin yaxşı olması çoxtərəfli münasibətlərin inkişaf edirilməsinə müsbət təsir göstərir. Bu gün dövlətimiz etibarlı tərəfdaş olmaqla yanaşı, həm də regionun aparıcı ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın qonşu dövlətlərlə dostluq əlaqələri daim bütün ölkələr üçün nümunə olmuşdur. Azərbaycan özünün beynəlxalq və iktərəfli əməkdaşlıq coğrafiyasını genişləndirməkdədir.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi günbəgün möhkəmlənir. Bu özünü həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında təsdiqləyir. Qarşılıqlı səfərlər fonunda münasibətlərin yeni istiqamətlər üzrə inkişafı beynəlxalq təşkilatlarda birgə səylərin göstərilməsinə geniş imkanlar yaradır. Prezident İlham Əliyevin son günlərdə iştirak etdiyi, həmçinin Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin xronologiyasına diqqət yetirsək dünya birliyində söz sahibliyimizi, yerimizi və rolumuzu daha aydın görmək olar.

Oktyabrın 10-da Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regional və beynəlxalq arenada artan nüfuzunun növbəti təzahürü oldu. Bu çıxış həm siyasi, həm diplomatik, həm də humanitar aspektlərdən çoxqatlı məna daşıyır. Prezidentin səsləndirdiyi hər bir fikir Azərbaycanın MDB məkanında qarşılıqlı hörmət, əməkdaşlıq və sülh dəyərlərinə sadiqliyinin bariz ifadəsidir.

Azərbaycan Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətlərə xüsusi önəm verir: “Hər bir səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verir. MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşündə ikitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Bu günədək imzalanmış sənədlər münasibətlərimizin müxtəlif sahələrdə uğurlu inkişafı üçün hüquqi bazadır. 2007-ci ildə imzalanmış “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” əlaqələrin inkişafında yol xəritəsidir. Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Tacikistana səfəri iki ölkənin münasibətlərinin dünəninin, bu gününün və perspektivlərinin aydın mənzərəsini bir daha təqdim etdi. Reallıq budur ki, iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur”.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirirdi. Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib.Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.

Bu gün Azərbaycan–Tacikistan münasibətləri müasir dövrün tələblərinə uyğun olaraq dinamik şəkildə inkişaf edərəkhər sahədə tərəfdaşlığı genişləndirən, həm birlik daxilində, həm də beynəlxalq müstəvidə nümunəvi əməkdaşlıq modelinə çevrilmişdir. Prezident İlham Əliyevin çıxışı bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə və MDB məkanında stabil, qarşılıqlı faydalı tərəfdaşlıq mühitinin yaradılmasına xidmət edəcəyini bir daha təsdiqlədi.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər