Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında keçirilən “İnklüziv Təhsil və STEАM Texnologiyaları: Beynəlxalq Təcrübə və Qabaqcıl Təhsil Modelləri” mövzusunda beynəlxalq təlim-seminar öz işini davam etdirir. Tədbidə iştirak edən Özbəkistanın təhsil işçiləri ADPU-nun Quba filialının ictimai-ideoloji həyatı ilə yaxından tanış olublar.
Tanışlıq Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzindən başlanılıb və ayrı-ayrılıq da bütün bölmələri əhatə edib.
ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev mərkəzdə yerləşdirilən bölmələrlə bağlı qonaqları məlumatlandırıb. Direktor diqqətə çatdırıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Özbəkistanın sabiq Prezidenti İslam Kərimov dövlətlərimiz və xalqlarımız arasında bütün sahələr üzrə əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi rol oynayıblar: “Bu gün əsası qoyulan əlaqələrin Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə əzmlə qorunması və daha da inkişaf etdirilməsi təkcə iki qardaş ölkənin münasibətləri üçün deyil, bütövlükdə Mərkəzi Asiya, Qafqaz və Anadolu bölgəsində yerləşən dövlətlərin kompleks inkişafı üçün ciddi stimul yaradır. Hazırda beynəlxalq gücə çevirilən Türk Dövlətləri Təşkilatının dinamik inkişafında Azərbaycan-Özbəkistan münasibətləri müstəsna təsirə malikdir. Azərbaycan və Özbəkistan xalqları eyni dilin, dinin və vahid dəyərlərin daşıyıcılarıdır. Birliyimizi və qardaşlığımızı daha böyük əzmlə qorumaq üçün keçmişimizi daha dərindən öyrənməli və gələcək inkişaf yolumuzda güclərimizi birləşdirməliyik”.
Özbəkistan Respublikasının Surxandərya Regional Pedaqoji Bacarıqlar Mərkəzinin direktoru Murot İsoqov çıxışında tanışlıq zamanı Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində gördüklərinə heyrən qaldığını bildirərək, bu mərkəzin qurulmasına görə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının kollektivinə, xüsusilə də professor Yusif Alıyevə təşəkkürünü bildirib.
Qonaqlar filialda Özbəkistanın tarixini, mədəniyyətini, görkəmli şəxsiyyətləri haqqında məlumatları əks etdirən guşələrin mövcudluğunu böyük qürur hissi ilə izlədiklərini dilə gətiriblər.
Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təlim-Tədris Mərkəzi və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsil Nazirliyinin tabeliyindəki pedaqoji bacarıqlar mərkəzləri (Qaraqalpaqıstan Respublikası, Fərqanə vilayəti, Nəvai vilayəti, Səmərqənd vilayəti, Surxandərya vilayəti, Xorazm vilayəti, Əndijan vilayəti) oktyabrın 19-dək davam edəcək təlim-seminarların əsas tərəfdaşlarıdır.