Azərbaycanın beynəlxalq məsələlərdə ədalətli mövqeyi, hər zaman sülhün yanında olması ölkəmizə olan diqqəti artırıb. Azərbaycan Prezidentinin Misirdə keçirilən Qəzza sammitində iştirakı da bununla bağlıdır. Məlum olduğu kimi, dövlət başçımız sözügedən sammitə ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Abdülfəttah əs-Sisi tərəfindən dəvət edilmişdi. Sammit çərçivəsində cənab Prezidentlə D.Tramp arasında keçirilən görüş, eləcə də digər dövlət başçıları ilə təmaslar Azərbaycana yüksək səviyyəli münasibəti bir daha təsdiqlədi.
Orta güc kimi Azərbaycan Yaxın Şərq sülh gündəliyinə yalnız müsbət töhfə verə bilər. Ölkəmiz uzun müddət işğaldan, münaqişədən, humanitar fəlakətdən əziyyət çəkən tərəf kimi bütün regionlarda sabitliyi, dayanıqlı təhlükəsizliyi dəstəkləyir.
Şübhəsiz, Yaxın Şərqdə sülh sammiti tarixi əhəmiyyət daşıyır, burada imzalanan yekun sənəd uzunmüddətli münaqişəyə son qoymağa hesablanıb. Vaşinqtonun təklif etdiyi plana əsasən, Qəzza bölgəsi HƏMAS ilə əlaqəsi olmayan mülki administrasiyanın rəhbərliyinə veriləcək. Bu administrasiya Fələstin muxtariyyətinə sadiq olacaq və beynəlxalq nəzarət altında, Körfəz ölkələrinin maliyyə dəstəyi ilə fəaliyyət göstərəcək.
Ağ Evin “dönüş nöqtəsi” hesab etdiyi sammitin regional sabitlik epoxasının əsasını yaradacağına ümidlər böyükdür. Ev sahibi kimi Misir ərəb dünyası ilə beynəlxalq birlik arasında əlaqələndirici missiyanı yerinə yetirmiş oldu.
Belə tarixi bir hadisənin iştirakçıları arasında yer almaq Azərbaycanın diplomatik üstünlüyüdür. Bu platformaya dialoqa, sülhə dəstək verən tərəf kimi qatılan Azərbaycan sammitdə iştirak edən bütün tərəflərlə normal münasibətlərə malikdir. Azərbaycan Suriyaya yardım məqsədilə onun enerji təminatına dəstək verir.
Yeri gəlmişkən, son dövrlər İsrail–Suriya, Türkiyə–İsrail arasında vasitəçilik təşəbbüsləri Azərbaycana beynəlxalq aləmdəki etimadı daha da artırıb. Əsas məsələ budur ki, vasitəçilik missiyası zamanı da Azərbaycan üçün beynəlxalq hüququn norma və prinsipləri prioritet təşkil edir. Bütün bunlar Azərbaycan Prezidentinin sülhsevər lider kimi nüfuzunu möhkəmləndirir. Hesab edirəm ki, Yaxın Şərqdə yeni start götürən sülh prosesinə Azərbaycan öz zəngin təcrübəsi əsasında töhfə verəcək.
Nigar Məmmədova
Milli Məclisin deputatı