PDF Oxu

Siyasət

  • 898

Füzuli zəfərinin işığında qürurla: Ali Baş Komandanın siyasi irsi və böyük qayıdışın rəmzi

image

17 oktyabr Azərbaycan tarixində əbədi Qələbə səhifəsidir. Məhz bu gün, 2020-ci ilin 17 oktyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi. Bu tarixi gün təkcə bir şəhərin azadlığı deyil, həm də xalqımızın 30 illik həsrətinin sonu, milli qürurumuzun, dövlətimizin qüdrətinin və əsgərimizin qəhrəmanlığının təntənəsi idi. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyini, ordumuzun qüdrətini və dövlət başçısının sarsılmaz siyasi iradəsini dünyaya nümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin “Biz bu torpaqlarda əbədi yaşayacağıq” çağırışı sadəcə siyasi bəyanat deyildi bu, tarixi ədalətin bərpası uğrunda milli mübarizənin təməl ideyası idi. Ali Baş Komandanın strateji qərarları, müasir hərbi texnologiyaların düzgün tətbiqi və diplomatik çevikliyi nəticəsində Azərbaycan Ordusu 30 ilə yaxın işğalda olan torpaqları qısa müddətdə azad etdi. Füzulinin azad edilməsi isə bu zəfər salnaməsinin dönüş nöqtələrindən biri oldu. Məhz Füzuli istiqamətində əldə olunan üstünlük sonradan Xocavənd, Zəngilan və Şuşa istiqamətində qələbələrin əsasını qoydu. İşğal illərində viran qoyulan Füzuli bu gün cənab Prezident İlham Əliyevin “Böyük Qayıdış” siyasətinin mərkəzində dayanır. Azadlıqdan dərhal sonra Füzuli rayonunda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verildi. Cəmi bir neçə il ərzində Füzuli beynəlxalq hava limanı, müasir yollar, kommunikasiya xətləri, yaşayış binaları və sosial infrastrukturla yeni həyat qazanıb. Bu, dövlətin gücünü, xalqın iradəsini və dövlət başçısının uzaq görən siyasətini əyani şəkildə nümayiş etdirir. Füzuli artıq təkcə Qarabağın deyil, bütün Azərbaycanın inkişaf simvoluna çevrilib. “Füzuli modeli” bərpa siyasətində effektiv idarəetmənin və milli həmrəyliyin nümunəsidir. Bu möhtəşəm Qələbə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı sayəsində əldə olundu. Onların hər biri Azərbaycanın azadlığı, torpaqlarımızın bütövlüyü və dövlətimizin gələcəyi naminə canını əsirgəmədi. Cənab Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı bu qəhrəmanlara xalqın və dövlətin yüksək minnətdarlığının təzahürüdür. “Şəhidlərimizin xatirəsi bizim üçün əzizdir, qazilərimiz bizim qürurumuzdur”, bu sözlər dövlət başçısının siyasətində mənəvi dayağa çevrilib. Füzulinin azad edilməsi Azərbaycanın suverenliyinin tam bərpası yolunda mühüm mərhələ idi. Bu gün Füzuli azad, qüdrətli, yenidən doğulan bir şəhərdir. Onun hər daşında, hər binasında qəhrəmanlıq, əzmkarlıq və dövlətçilik ruhu yaşayır. 17 oktyabr Füzuli şəhəri günü, Azərbaycan xalqının yenilməzliyinin, Müzəffər Ali Baş Komandanın qətiyyətli liderliyinin və milli həmrəyliyin rəmzidir. Bu gün Azərbaycan Füzulidə, Zəngilanda, Şuşada və bütün Qarabağda qurur, yaradır və yaşadır. Bu, Qələbə ruhunun davamıdır. Əbədi, dönməz və qalib Azərbaycan ruhunun təntənəsidir. Füzuli şəhəri günü təkcə xatirə deyil, həm də gələcəyə ümidin, milli dirçəlişin və suverenliyin bayramıdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti kimi regionda sülh, təhlükəsizlik və inkişaf modelini formalaşdırır. Füzuli azadlığı ilə başlayan Qələbə yolu bu gün sabitlik, quruculuq və yenidənqurma siyasətində öz davamını tapır. Bu, Müzəffər Ali Baş Komandanın liderliyi ilə qəhrəman xalqın tarix yazdığı yoldur.

Nicat İsmayılov

YAP Yasamal rayon təşkilatı “Akim Abbasov küç.73E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər