Füzuli bölgənin tarixində, iqtisadi və mədəni həyatında mühüm yer tutan bir məkandır. Bu torpaq öz qədimliyi, zəngin mədəni irsi və strateji mövqeyi ilə seçilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər nəticəsində Füzuli işğaldan azad olundu və artıq sürətlə bərpa edilərək, müasir şəhərsalma və dayanıqlı inkişafın yeni modelinə çevrilməkdədir.Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən başlayaraq Araz çayına qədər uzanan geniş düzənlik və alçaq sahələri əhatə edir. Coğrafi baxımdan bu ərazi həm strateji, həm də iqtisadi üstünlüklərə malikdir. Rayonun qərbində Cəbrayıl, şimalında Xocavənd, şimal-şərqində Ağcabədi, şərqində isə Beyləqan rayonları yerləşir. Cənubdan isə Araz çayı boyunca İranla həmsərhəddir.Ərazidən axan Quruçay, Köndələnçay və Çərəkən çayları Araz hövzəsinə daxildir və su ehtiyatlarının formalaşmasında mühüm rol oynayır. 1386 kvadrat kilometr sahəni əhatə edən bu torpaqlar həm kənd təsərrüfatı, həm də sənaye potensialı baxımından böyük imkanlara malikdir. Füzulinin yerləşdiyi mövqe, eyni zamanda onun regionda mühüm kommunikasiya və logistika mərkəzinə çevrilməsini təmin edir.Füzuli tarix boyu Qarabağın mədəni və iqtisadi həyatında aparıcı mövqedə olmuşdur. Əsası 1827-ci ildə qoyulan yaşayış məntəqəsi 1930-cu ildə Qaryagin rayonu kimi inzibati vahid statusu almışdır. 1959-cu ildə böyük şair Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Bu torpaq həm də zəngin tarixi-memarlıq irsinə malikdir. Babı kəndindəki səkkizguşəli Şeyx Babi Yaqub türbəsi (XIII əsr), Aşağı Veysəllidəki Mirəli türbəsi (XIV əsr), Əhmədalılar kəndindəki sənduqə formalı qəbirdaşları və XIX əsrə aid Cəlil türbəsi həmin diyarın çoxəsrlik mədəni ənənələrindən xəbər verir.1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu hadisə nəticəsində minlərlə füzulili doğma yurdlarını tərk etməyə məcbur qaldı, onilliklər boyu Vətən həsrəti ilə yaşadı. İşğal zamanı yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edildi, məktəblər, xəstəxanalar, mədəniyyət evləri, dini abidələr dağıdıldı.Məlumatlara görə, 400-ə yaxın rayon sakini müharibə əlili olmuş, 663 nəfər şəhid, 181 nəfər isə əsir və itkin düşmüşdür. 1994-cü il yanvarın 5-də Azərbaycan Ordusu Füzulinin 22 kəndini azad etsə də, şəhərin özü uzun illər düşmən tapdağı altında qalmışdır. 2020-ci il oktyabrın 17-si Azərbaycan xalqının tarixinə əbədi yazıldı. Həmin gün Müzəffər Ordumuz Füzuli şəhərini və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini işğaldan azad etdi. Füzuli uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən ağır, eyni zamanda strateji əhəmiyyətli əməliyyatlarından biri idi. Düşmən illərlə möhkəmləndirdiyi müdafiə xətlərini itirərək geri çəkildi. Bu şanlı Qələbə ölkə rəhbərliyinin uzaqgörən hərbi-siyasi qərarlarının, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının uğurlu nəticəsi idi.Füzuli uğrunda döyüşlər xalqımızın qəhrəmanlıq salnaməsinə yazılıb. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Bu mübarizədə iştirak etmiş 25325 hərbi qulluqçu bu medalla təltif olunub. Həmin addım şanlı ordunun şücaətinə verilən dəyər, Füzulinin azadlığı uğrunda canını fəda edən igidlərin xatirəsinə ehtiramın təcəssümüdür.Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən, 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunub. Füzuli azad edildikdən sonra qısa müddətdə genişmiqyaslı bərpa və quruculuq işlərinin mərkəzinə çevrilib. 2023-cü il martın 18-də “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Bu sənəd şəhərin müasir standartlara uyğun, ekoloji və sosial cəhətdən davamlı məkana çevrilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə “Füzuli” yarımstansiyası, Rəqəmsal İdarəetmə Mərkəzi, Köndələnçay su anbarı kompleksi istifadəyə verilib. Füzuli Beynəlxalq Hava Limanı, Zəfər və Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolları bu bölgənin iqtisadi cəhətdən canlanmasında mühüm rol oynayıb.2023-cü il avqustun 18-dən etibarən Füzuliyə keçmiş məcburi köçkünlərin qayıdışı başladı. İlk mərhələdə 824 ailə (3141 nəfər) doğma yurduna qovuşdu. Böyük Qayıdış Proqramına əsasən, 2026-cı ilin sonunadək Füzulidə 22 min, ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda isə 140 min insan yaşayacaq. Bu proses dövlətin sosial siyasətinin, vətəndaş rifahına qayğısının və milli həmrəyliyin ən bariz nümunəsidir. Qayıdan ailələr üçün inşa olunan müasir mənzillər, məktəblər, xəstəxanalar və sosial obyektlər yeni həyatın başlanğıcını simvolizə edir.Füzulinin bərpası prosesində qardaş ölkələrin dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Mirzə Uluqbəy adına tam orta məktəb inşa edilmişdir. Bu təhsil ocağı həm maddi, həm də mənəvi yardımla həyata keçirilmiş dostluq nişanəsidir. Eyni zamanda, 2024-cü il martın 12-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birlikdə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olmuşdur. Bu layihələr türk dünyasının qardaşlıq əlaqəlarının gücləndiyini və birgə gələcəyə inamın təntənəsinə çevrildiyini göstərir.Artıq Füzuli “ağıllı şəhər”, “yaşıl enerji”, “davamlı inkişaf” kimi anlayışların real tətbiq olunduğu bir məkana çevrilməkdədir. Burada aparılan yenidənqurma işləri gələcək nəsillər üçün müasir, ekoloji cəhətdən təmiz və iqtisadi baxımdan dayanıqlı şəhər modelinin formalaşmasına xidmət edir.
Nurlan Həsənov
Milli Məclisin deputatı