PDF Oxu

Siyasət

  • 688

17 Oktyabr - Füzuli Şəhəri Günü

image

Azərbaycanın qədim və çox böyük tarixə malik bölgələrindən biri olan Füzuli rayonudur. Rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ulu Öndər Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli əmri ilə baş tutmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Vətən müharibəsi nəticəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqının öz doğma torpağına sevgisi əbədidir. İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var. Bu gün Füzulinin yeni siması göz oxşayır. İşğaldan azad olunmuş bütün ərazilərdə yenidənqurma işləri aparılır. Bu, yeni reallıqdır.

Bildiyimiz kimi, Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilmişdir, Ağdamda və Zəngilanda və digər şəhərlərdə bütün layihələrimiz təqdim edilmişdir. Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. Füzulidə rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib. Bizim bütün şəhərlərimiz Füzuli kimi olacaq. Çünki Füzulidə birinci şəhərsalma layihəsini icra edirik. Burada şəhər tamamilə yenidən qurulur. Füzulinin timsalında bütün dünya gördü ki, erməni vəhşiliyi nədən ibarətdir. Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. İşğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir. Erməni vandalizmi. Füzuli azad olunanda bir salamat bina olmadı ki, Bayrağımızı qaldıraq. İnsanlara zülm etmək, onlara işgəncə vermək, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq – rəsmi İrəvanın siyasəti bunlardan ibarət olub. Azərbaycan və erməni xalqı hər zaman yanbayan yaşayıb. Onlar bizim çörəyimizi yeyiblər, bizim hesabımıza onlar üçün şəhərlər, kəndlər qurulmuşdu və infrastruktur yaradılmışdı. Sovet dövründə bütün bu işlərin hamısı Azərbaycan büdcəsi hesabına görülmüşdür. Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb. Füzuli indi tamamilə yenidən qurulur. Aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. 800-dən çox insan artıq yerləşib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaqdır. Böyük Qayıdış Proqramı qəbul olunub və uğurla icra edilir. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Digər xəbərlər