Vətən müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti bərpa etdi. Beş il bundan əvvəl tarixin bu günü Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri düşmən tapdağından azad olundu. Azərbaycan Prezidenti İlham Əliyev 17 oktyabr 2020-ci il tarixində xalqa müracətində "Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!"– deyə bildirmişdir.
Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, həmin gün Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur. Bu tarixi gün Azərbaycan dövlətçiliyi üçün xüsusi əhəmiyyət daşıyır və bu, Vətən müharibəsində əldə olunmuş strateji uğurların, Ordumuzun şücaətinin və dövlətin iradəsinin simvoludur. Təbii ki, Füzuli şəhərinin azad olunması strateji mövqedə yerləşməsi baxımından əhəmiyyət kəsb edirdi. Füzuli azad olunandan sonra Şuşa istiqamətinə geniş imkanlar açılmış oldu. Ermənistan tərəfinin güclü istehkamlar qurmasına baxmayaraq, ordumuz gücü müqabilində bu istehkamları yararaq qəhrəmanlıq tarixin yazdılar. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri, daha sonra Qubadlı azad olundu və artıq Azərbaycan Zəfərinin bir addımlığında idi.
Azərbaycanın dilbər guşələrindən olan Füzuli 27 ildən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində işğaldan azad olundu və işğal günü Zəfər ilə əvəzləndi.
1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzulinin 51 kəndi və rayon mərkəzi işğal olunmuşdu. 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edərək işğal nəticəsində, öz ata-baba yurdlarından didərgin düşmüşdülər. Yaşadığı ərazilərdə insanların şəxsi mülkləri talan olunub və tarixi memarlıq abidələri məhv edilmişdi. Yağı düşmən tərəfindən Füzuli rayonundakı uzunömürlü təbiət abidələri tamamilə məhv edilib, geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar, bütünlüklə, qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi surətdə məhv edilmişdir. Bütün bu və ya digər hadisələr işğalçıların təcavüzkar siyasətin məntiqi nəticəsidir. İşğal nəticəsində, 1100-dən çox Füzuli sakini şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlil olub. Bu ağrını füzulililər kimi, bütün Azərbaycan xalqı yaşamışdır.
Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirərək Füzuli uğrunda gedən çox şiddətli döyüşlərdə qələbə qazandılar.
Bu gün artıq Füzulidə böyük-abadlıq-quruculuq işləri keçirilir, yeni bir həyat başlayıb. İşğaldan azad edilmiş Füzulidə irimiqyaslı layihələr reallaşır, mədəni abidələr bərpa olunur, abadlıq-quruculuq işləri aparılır. Müharibə Zəfər ilə başa çatandan bir neçə gün sonra 2020-ci ilin noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Füzuliyə səfəri zamanı Füzuli şəhərində üçrəngli Azərbaycan bayrağını qaldırdı. Həmin gün Prezident tərəfindən Füzuli-Şuşa avtomobil yolunun təməli qoyuldu və bu yol Zəfər yolu kimi tarixə həkk olundu. 2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə Sərəncam verdi. Gələcək hava limanının təməlqoyma mərasimi həmin ilin yanvar ayının 14-də baş tutdu. Hava limanının uçuş zolağının inşasının ilin sonuna kimi tamamlanması planlaşdırılsa da, artıq avqust ayında uçuş-enmə zolağı hazır idi. "Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib", - deyən dövlət başçısı çıxışlarının birində bildirib ki, bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir.
Qısa bir zaman məsafəsində dövlət başçısı tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi keyfiyyətlə həyata keçirildi. "Füzuli" yarımstansiyası işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib.
Füzuli azad edilmiş rayonlar arasında ən çox minalanmış ərazidir. Ermənistan ordusu geri çəkilərkən yaşayış məntəqələrində, kənd təsərrüfatı sahələrində və digər ərazilərdə minalar yerləşdirib ki, bu da Böyük Qayıdış prosesini çətinləşdirir. Buna baxmayaraq Azərbaycan dövləti tərəfindən minaların təmizlənməsi işi sürətlə aparılır. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaqdır. Ən əsası isə onu qeyd edək ki, Füzuli şəhərinin Baş planı hazırlanıb. Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur.
Türk dövlətləri də öz töhfəsini verməkdədir. Belə ki, Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi artıq istifadəyə verilib. Bu addımlar Türk dünyasında həmrəyliyin parlaq nümunəsidir. Qısa bir zamanda Füzuli şəhərində reallaşan infrastruktur layihələri, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha nümayiş etdirir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində keçmiş məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmalarına imkan yaranıb. Bu gün digər işğaldan azad olunmuş rayonlarımız kimi Füzuli rayonu da özünün çiçəklənən dövrünü yaşamaqdadır.
Orxan MƏMMƏDZADƏ
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının məsləhətçisi