PDF Oxu

Siyasət

  • 515

Əməkdaşlığı gücləndirmək üçün mühüm platforma

image

Prezident İlham Əliyev: "Bu mötəbər tədbir regionun dayanıqlı inkişafına və ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcəkdir"

Dünyanın ən inkişaf etmiş ölkələri sırasında olan Azərbaycan öz gözəlliyinə, inkişafına və digər keyfiyyətlərinə görə diqqət mərkəzindədir. Ölkəmiz son illər ardıcıl olaraq çox nüfuzlu beynəlxalq tədbirlərə, toplantılara ev sahibliyi edir. Beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək səviyyədə keçirilməsinə böyük şərait yaradır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin dövlət maraqlarımıza uyğun formada keçirilməsi də təqdirəlayiqdir.

Bu gün artıq Azərbaycanın işğaldan azad olunuan Şərqi Zəngəzur və Qarabağ da beynəlxalq tədbirlər məkanına çevrilib. Oktyabrın 15-də Xankəndi şəhərində III Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib. Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin ünvanladığı müraciətində bildirdiyi kimi, Azərbaycanda üçüncü dəfə təşkil olunan və artıq ənənə halını almış bu tədbir şəhərsalma sahəsində milli, regional və beynəlxalq tərəfdaşları bir araya gətirərək təcrübə mübadiləsi aparmaq, yeni təşəbbüslər formalaşdırmaq və əməkdaşlığı gücləndirmək üçün mühüm platforma rolunu oynayır.

Forum "İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunda keçirilib. Tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə tərəfdaşlığı çərçivəsində reallaşıb. Tədbir şəhərsalma sahəsində aktual çağırışların və imkanların müzakirəsi üzrə yerli və beynəlxalq ekspertlər üçün vahid platforma rolunu oynayır. Forumda münaqişə və təbii fəlakətlərdən sonrakı dayanıqlı bərpa prosesləri, mənzil təminatı və layiqli yaşayış məskənləri, dayanıqlı və sağlam şəhərlər, ekoloji və enerji üzrə effektiv təcrübələr, rəqəmsallaşma və innovativ yanaşmalar, Davamlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyi, regional və beynəlxalq tərəfdaşlıqların inkişafı kimi mövzularda müzakirələr aparılır. Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, tətbiq olunan müasir şəhərsalma standartları və innovativ texnologiyalar, Azərbaycanın postmünaqişə dövründə əldə etdiyi nailiyyətlər, həmçinin müxtəlif ölkələrin qabaqcıl təcrübələrinə dair təqdimatlar edilir. Eyni zamanda, şəhərsalma üzrə tədqiqatlar aparan nüfuzlu akademik heyətin iştirakı ilə təşkil olunan müzakirələr bu sahədə bilik mübadiləsini gücləndirəcək, elmə əsaslanan dayanıqlı qərarların qəbuluna təkan verəcək.

"REGİONUN DAYANIQLI İNKİŞAFINA VƏ ÜMUMİLİKDƏ QLOBAL URBANİZASİYA MƏQSƏDLƏRİNƏ MÜHÜM TÖHFƏ VERƏCƏK"

III Azərbaycan Milli Şəhərsalma Forumunun qlobal şəhərsalma gündəliyinin həyata keçirilməsi və dayanıqlı şəhərlərin qurulması istiqamətində mühüm çoxtərəfli əməkdaşlıq fürsəti olması təkcə Azərbaycan üçün deyil, bütün region və dünya üçün mühüm əhəmiyyət daşıyır. 2026-cı ildə ölkəmiz Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına ev sahibliyi edəcəkdir. 2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. "Bu mötəbər tədbir Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcəkdir", - deyə Prezident bildirib: "Bugünkü Forum 13-cü Ümumdünya Şəhərsalma Forumuna gedən yolda mühüm mərhələdir. Əminəm ki, burada aparılan müzakirələr şəhərlərin planlaşdırılması, bərpası və davamlı inkişafı sahəsində strateji təşəbbüslərin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcək, gələcək nəsillər üçün daha yaşıl, inklüziv və firavan yaşayış mühitinin formalaşdırılmasına xidmət edəcəkdir".

Azərbaycan Prezidenti Forum iştirakçılarına müraciətində bildirib ki, BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində keçirilən Milli Şəhərsalma Forumları Azərbaycanın bu sahədə beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığının növbəti parlaq təzahürüdür, "Builki Forumda 60-dan çox ölkədən 200-dən artıq xarici qonağın, ümumilikdə 400-ə yaxın nümayəndənin iştirakı həm ölkəmizə olan etimadın və dostluğun, həm də şəhərsalma istiqamətində ortaq məqsədlər naminə həmrəyliyimizin göstəricisidir"

Dünyanın müxtəlif ölkələrindən iştirakçıların nın qatıldığı Milli Şəhərsalma Forumu dayanıqlı şəhər inkişafı sahəsində təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır və Azərbaycanın urbanizasiya siyasətini beynəlxalq standartlara uyğunlaşdırmaq təşəbbüsü baxımından əhəmiyyət daşıyır. "Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir. Ölkədə şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlılığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını və icra imkanlarını nümayiş etdirir", - deyə Azərbaycan Prezidenti bildirib. Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində Bakıdan Qarabağadək, ölkənin bütün bölgələrinə qədər genişmiqyaslı şəhərsalma transformasiyası həyata keçirir. Bu transformasiya Azərbaycanın dayanıqlı inkişaf, innovativ şəhərsalma və inklüziv böyüməyə olan sadiqliyini əks etdirir.

"İŞĞALDAN AZAD OLUNMUŞ 6 ŞƏHƏR, 2 QƏSƏBƏ VƏ 20 KƏNDƏ İNSANLAR GERİ QAYIDARAQ MƏSKUNLAŞIB"

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika 44 günlük Vətən müharibəsində döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatınısürətlə həyata keçirməyə imkan verdi. Azərbaycan Ermənistanın belini qırmaqla öz torpaqlarını düşmən tapdağından azad etdi. XXI əsrin müharibəsini aparan Azərbaycanın hərbi gücü, qüdrəti 44 günlük müharibə zamanında özünügöstərdi. Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən keçmiş məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaratmış oldu. "Ötən otuz il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində şəhər və kəndlər tamamilə viran edilmiş, tarixi-mədəni irsimiz dağıdılmış, torpaqlar geniş miqyasda mina çirklənməsinə məruz qalmış, bir milyondan artıq azərbaycanlı öz yurd-yuvasından didərgin salınmışdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər sayəsində həmin ərazilərin işğaldan azad edilməsi ölkəmiz üçün bərpa, yenidənqurma və dirçəliş dövrünün əsasını qoydu", - bildirən dövlət başçımız qeyd edib ki, bu gün Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Regionun ümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr ərazini əhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğma şəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icra olunur: "Əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin Baş planları artıq təsdiqlənib. İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbə və 20 kəndə insanlar geri qayıdaraq məskunlaşıb".

"BU ŞƏHƏR BU GÜN SÜLHÜN, BƏRPANIN VƏ DİRÇƏLİŞİN RƏMZİDİR"

Azərbaycanın dilbər guşəsi Qarabağımız və Şərqi Zəngəzur müasir dünyamızda yeni dövrünü yaşayır. Qarabağımız müasir dünyanın ahəngində qurulur, ona yeni həyat verilir. Bu gün Zəfər qazanan Azərbaycan tarixin dönəmində inkişaf yolu keçmiş Qarabağımızda böyük quruculuq işlərinə başlanılıb. Bu gün Şuşamızda, Zəngilanda, Laçında və digərərazilərdə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. Tezliklə işğaldan azad olunan hər bir şəhər, qəsəbə və kənd müasir məkana çevrilir. Müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Burada son dörd il ərzində 3 yeni beynəlxalq hava limanı, avtomobil və magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam etdirilir."Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun Xankəndi şəhərində keçirilməsi xüsusi məna daşıyır. Uzun illər işğal altında qalmış bu şəhər bu gün sülhün, bərpanın və dirçəlişin rəmzidir", - deyən Prezident bildirib ki, Xankəndidə icra olunan infrastruktur layihələri şəhərin müasir, ağıllı və innovativ şəhər konsepsiyasına uyğun inkişafını təmin edir.

Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır və şəhərlərin dayanıqlı inkişafına xidmət edir". İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji infrastrukturunun yenidən qurulmasına və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. “Yaşıl enerji" zonası elan edilmiş və 10 min meqavat yaşıl enerji üzrə texniki potensiala malik Qarabağ və Şərqi Zəngəzurda Günəş və külək enerjisi layihələri sürətlə həyata keçirilir. Burada “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur", - fikirləri Prezident İlham Əliyevin müraciətində yer alıb.

İşğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir.

Qlobal enerji istehlakının 75 faizdən, istixana qazı emissiyalarının 70 faizdən çoxu şəhərlərdə formalaşır. Bununla belə, iqlim dəyişikliyinin təsirləri də ən çox şəhərlərdə hiss olunur – temperaturun artmasından və dəniz səviyyəsinin yüksəlməsindən tutmuş daşqınlara və su qıtlığına qədər. Buna baxmayaraq, şəhərlərin ehtiyacları daxili və qlobal iqlim maliyyələşməsində kifayət qədər təmsil olunmur.

Azərbaycanda keçirilən Milli Şəhərsalma forumları dialoq, əməkdaşlıq və təcrübə mübadiləsi üçün mühüm platforma kimi çıxış edir. 2022-ci ildəki ilk forum hökumət nümayəndələri, ekspertlər və beynəlxalq tərəfdaşları bir araya gətirərək, milli şəhərsalma çərçivəsini formalaşdırmağa imkan verdi. Bu təməlin üzərində, 2023-cü ildə keçirilən ikinci forum əməkdaşlıq mühitini daha da gücləndirib və innovasiyaların təşviq edilməsi ilə yanaşı, Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluğu təmin edib.

Son üç il ərzində Milli Şəhərsalma Forumu sadəcə adi tədbir deyil, davamlı şəhərsalma sahəsində dialoq, əməkdaşlıq və ortaq irəliləyiş üçün institusional bir platformaya çevrilib. "Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma sahəsində qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-nin Məskunlaşma Proqramı ilə birgə həyata keçirilən təşəbbüslər xüsusi önəm daşıyır", - deyə Prezident bildirib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər