Bu gün Azərbaycan regional və beynəlxalq müstəvidə aparıcı dövlətlərdən bir olaraq tanınır və qəbul edilir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin reallığa çevrilməsi ilə bölgənin inkişafına, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr vermiş olur. Uğurların, böyük qələbələrin yüksək zirvəsi isə 44 günlük Vətən Müharibəsi ilə 30 il erməni işğalı altında olmuş torpaqlarımızın azad edilməsidir. Bu hərbi zəfər, parlaq qələbə Azərbaycanın gücünə güc qatdı, nüfuzunu daha da artırdı. Təbii ki, qazanılan qələbələr, əldə olunan nailiyyətlər dostları sevindirir, düşmənlərin bağrını yarır. Təəssüflər olsun ki, ikincilərin sırasında sapı özümüzdən olan baltalar da yer alırlar. Hansı ki, onların böyük əksəriyyəti ölkəmizdə yaradılan imkanlardan geninə-boluna bəhrələniblər, özlərinə və ailələrinə göz qamaşdıran şəraitlər yaradıblar.
Qərəzli və düşmənçilik mövqeyindən çıxış edənlərin arasında dağıdıcı müxalifətin, xüsusilə də AXCP sədri Əli Kərimlinin, Müsavatın indiki və keçmiş başqanları İsa Qəmbərin, Arif Hacılının, Milli Şuranın rəhbəri Cəmil Həsənlinin və digərlərinin olması anlaşılandır. Nədən ki, siyasətə gəldikləri gündən onlar üzərlərinə mühüm dağıdıcı öhdəliklər götürüblər. Daim fəaliyyətlərini öhdəliklərinin yerinə yetirilməsinə səfərbər edirlər. Ancaq dağıdıcı ünsürlərin sırasında yüksək dövlət vəzifəsi tutmuş şəxslərin olması müəyyən qədər təəccüb doğurur. Bunun səbəbini araşdırarkən məlum olur ki, əslində, onlar tarixin arxivinə atılmaları ilə barışmır və ziyanverici rolunda çıxış etməklə dövlətin sütunlarına zərər vurmağa, imicini ləkələməyə çalışırlar. Bir qədər də araşdırmaları dərinləşdirdikdə daha ilginc faktlar üzə çıxır. Aydınlaşır ki, xəyanət yolu tutan keçmiş vəzifə mənsublarının bəzisi hansısa xarici ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir.
Zamanında Fərhad Əliyev, Əli İnsanov böyük iddialara düşdüklərindən xarici və daxili qüvvələrlə iş birliyinə getmişdilər. Ancaq onların niyyətləri baş tutmadı və 2005-ci ilin oktyabrında ifşa olunaraq qaninvericiliyin tələbinə uyğun olaraq cəzalarını aldılar. Bu gün yaşananlar, xüsusilə də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, bəzi KİV-lərdə “Boz kardinal” kimi təqdim olunan Ramiz Mehdiyevin həbs olunması göstərdi ki, iştahaları və iddiaları böyük olan keçmiş məmurların siyahısı Fərhad Əliyev və Əli İnsanovla bitmir. Ramiz Mehdiyev kimilər yaşlarının ahıl vaxtı olmasına baxmayaraq yenə də böyük iddialarından ələ çəkmirlər. Çoxları deyə bilər ki, Ramiz Mehdiyev qocalıb, yerişini itirdiyi kimi danışığını və hərəkətlərini də tənzimləməyi bacarmır. Ancaq unutmaq olmaz ki, yaşlandıqca insan daha səbirli və düşüncəli olur. Digər tərəfdən R.Mehdiyev az qala ömrünün yarıdan çoxunu vəzifələrdə keçirib, idarəetmədə çalışıb, bu baxımından onun yaşlanması ilə hərəkətlərinə nəzarət edə bilməməsi versiyası inandırıcı deyil. Əminliklə demək olar ki, Ramiz Mehdiyev uzun illər öncədən hansısa kənar qüvvələrin, xüsusi xidmət orqanlarının əməkdaşı olub. Sadəcə, vəzifələrdə olduğu üçün dövlətlərarası əlaqələrlə bağlı mövqeyi, atdığı addımları gözlənilən hal kimi qiymətləndirilib. Elə təəssürat yaranıb ki, bu adam dövlətlərarası münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün çalışır. Lakin sular durulduqca məlum olur ki, onun təklifi və ideyası əsasında həyata keçirlən işlər əslində məqsədyönlü xarakter daşıyıb. Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən onun 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilməsindən sonra Rusiya və Ermənistan mətbuatı dezinformasiya xarakterli xəbərlərə dərc etməsi ipin ucunun Şimala doğru getdiyini deməyə əsas verir.
Rusiya və Ermənistan mətbuatının Ramiz Mehdiyevin həbsinə diqqət ayırmalarıı şübhəli məqamlar üzə çıxarır
Ramiz Mehdiyevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə məxfi yazışmaları barədə mətbuatda məlumatların dərc edilməsi məsələnin ciddi olduğunu göstərir. O fikir də vurğulanır ki, R.Mehdiyev Rusiya xüsusi xidmət orqanlarına müraciət edərək, onları Azərbaycanda dövlət çevrilişi etməyə çağırıb. Təbii ki, “Od olmasa tüstü çıxmaz” məsəlinə uyğun olaraq səbəbsiz yerə kimsə və ya hansısa mətbu orqan R.Mehdiyevin Rusiyanın baş agenti ilə yazışmalarına dair məlumat dərc etməz. Nəzərə almaq lazımdır ki, R.Mehdiyev dövlətə xəyanətdə və dövlət çevrilişinə cəhddə ittiham olunur. Hər iki ittihamı şərh edərkən o qənatə gəlmək olar ki, R.Mehdiyev tək deyil, digər tərəfdən onu buna sövq edən kənar qüvvələr mövcuddur. Həmin kənar qüvvələr deyəndə, göz önünə ilk öncə Rusiya gəlir. Çünki Rusiya qonşuluğunda ərazi bütövlüyünü və suverenliyini tam şəkildə həll edən güclü və qüdrətli Azərbaycanın mövcudluğundan narahatdır. Hər vəchlə ölkəmizdə gərginlik yaratmağa və ictimai-siyasi sabitliyi pozmağa çalışır. Ancaq məkrli planını həyata keçirə bilmir. Birincisi, ona görə ki, xalq-hakimiyyət birliyi möhkəm əsaslara söykənir, ikincisi ölkəmizdə güclü ictimai-siyasi sabitlik hökm sürür, üçüncüsü isə cəmiyyət dövlətimizin qurucusu və memarı Ulu Öndər Heydər Əliyev siyasətinə sadiqdir.
Azərbaycanın ictimai rəyində o fikir mövcuddur ki, Ramiz Mehdiyev Rusiyanın adamıdır. Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu iddia edir ki, R.Mehdiyev uzun illər öncədən Rusiya qarşısında üzərinə öhdəliklər götürüb: “Onun Rusiyanın maraqlarına xidmət etdiyini 10-20 il əvvəldən bilirdik. Sadəcə, o dövrdəki geosiyasi şərait Kremllə açıq qarşıdurmaya imkan vermirdi. Qarabağ problemi ciddi şəkildə gündəmdə idi. Ramiz Mehdiyev bu problemin həllinə də mane olur, eyni zamanda Rusiyanın təsiri ilə Azərbaycan hökumətini və xalqını müəyyən mənada şantaj altında saxlayırdı. O dövrdə ölkəmizin Türkiyə, Pakistan və ABŞ-la münasibətləri indiki qədər güclü deyildi. Nə suverenliyimizə, nə də təhlükəsizliyimizə təminat var idi. Lakin son illərdə vəziyyət ciddi şəkildə dəyişib. Azərbaycan balanslaşdırılmış siyasətdən imtina edərək Avropa və ABŞ-la yaxın əməkdaşlıq kursunu seçib. Bu da Rusiyanın ölkədəki agentura şəbəkəsini neytrallaşdırmaq və təsir imkanlarını məhdudlaşdırmaq üçün şərait yaradıb. Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamların hər biri obyektiv və əsaslıdır. Qanunvericiliyimizin sərtləşməsi, siyasi məhbusların yaranması, ziyalıların və gənclərin ölkəni tərk etməsinə səbəb olan siyasətin başında da məhz Mehdiyev dayanırdı. O, bütün bunları Rusiyadan aldığı göstərişlər əsasında həyata keçirib”.
Söz yox ki, Ramiz Mehdiyev tək deyil, onunla eyni təxribatları, məkrli planları bölüşən şəxslər var. Yəqin ki, Azərbaycan hüquq-mühafizə orqanları tədricən onları həbs etməklə kimliklərini ictimaiyyətlə bölüşəcəklər. Hələlik isə o sual açıq qalır, bundan sonra onun bəh-bəhlə pencəyinin döşünə taxıb, nümayiş etdirdiyi orden və medalların aqibəti necə olacaq? Qanunvericiliyə istinad etsək, o zaman məhkəmənin qərarı ilə onun bütün titullarının, orden və medallarının əlindən alınacağını demək olar. Xalqımızın partiyası olan Yeni Azərbaycan Partiyasının sıralarından da xaric olunacağı şübhəsizdir. Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə bununla bağlı bildirib ki, Ramiz Mehdiyev nə YAP-ın, nə də YAP Veteranlar Şurasının üzvü kimi qala bilməz: “Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılacaq. Bununla bağlı bu günlərdə partiyanın müvafiq qurumlarının iclası olacaq. Məhkum olunan insan partiyada qala bilməz”.
Ramiz Mehdiyevin qeyri-qanuni yollarla əldə etdiyi əmlakı milyonlarla ölçülür
Vəzifədə olarkən, statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə Ramiz Mehdiyev özünə və ailə üzvlərinə dəyəri milyonlarla ölçülən daşınan və daşınmaz əmlak toplayıb. Onun əmlakının bir qismini nəzərdən keçirərkən adam dəhşətə gəlir. Düşünürsən ki, bu insan minlərlə insanın boğazından, əyin başından kəsdirib, özünə böyük var-dövlət toplayıb. Bu şəxs kəndçinin torpaq sahəsini, sahibkarın əmlakını da əlindən almaqdan çəkinməyib. Beləliklə onun əmlakının siyahısı belədir: Novxanıda yerləşən üzüm bağları, Bakı, Abşeron və Goranboy rayonlarında ümumilikdə 216 hektar kənd təsərrüfatı torpaqları, o cümlədən Novxanıda 155 hektar və Xınalıq kəndində 50 hektar sahə. Eyni zamanda Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın adına Maştağada 892 sot, qızı Kamilə Əliyevanın adına isə 240 sot torpaq qeydiyyatdadır. Ailənin nəvəsi Nigar Mehdiyeva 2008-ci ildə Bakıda qeydiyyatdan keçmiş Media FM radiostansiyasının sahibi olan Digital Media MMC-də paya sahibdir.
Kamilə Əliyevaya İstiqlaliyyət küçəsi, 11 ünvanında yerləşən mənzil məxsusdur: həmin ünvan İnfonet MMC və Caspian Telekom MMC-nin hüquqi ünvanıdır. Bundan əlavə, Mehdiyevə Dilarə Əliyeva küçəsi, 251A ünvanında bir sıra obyektlər, o cümlədən Topaz və Qala-R.L Mənzil Tikinti Kooperativləri (MTK), NLT MMC və Premium Store MMC aid edilir. Siyahıda həmçinin NLT, Servis, Grand Palace, Astoriya, Astoriya Tibb Mərkəzi MMC (2020-ci ildən — German Hospital) və 2014-cü ildə açılmış, sahəsi 5 min m²-dən çox olan Qrandezza Ticarət Mərkəzi MMC qeyd olunur.
Həmçinin 50 milyon manat nizamnamə kapitalı olan BTB ASC bankının 75%-i Mehdiyevin nəvəsinə məxsusdur. O, eləcə də BTB Lizinq ASC və BTB Kapital İnvestisiya Şirkəti ASC-nin təsisçisidir.Bundan başqa, Ramiz Mehdiyev Əhmədli qəsəbəsində yerləşən Şərq-Qərb nəşriyyatı ilə əlaqələndirilir. Həmin ərazidə agentliyin binasında 408 mənzilli 16 mərtəbəli yaşayış binası və yaxınlıqda daha bir 16 mərtəbəli bina inşa olunub. Əlaqəli şirkətlər arasında Şərq-Qərb Nəşriyyat Evi MMC və Qlobal East West MMC göstərilir.
Ailəyə həmçinin “Sədərək” və “Binə” ticarət mərkəzlərində paylar, eləcə də bir neçə villa aid edilir: Bakıda Tbilisi prospektində (36 sot, satış qiyməti 8 milyon dollar), həmçinin Göyçay, Şamaxı və Göygöl rayonlarında yerləşən bağ evləri.Heç şübhəsi ki, qeyri-qanuni yollarla əldə olunan var-dövlər məhkəmə tərəfindən müsadirə olunacq. Bunu təsdiq edən amil onun ittiham olunduğu maddələr üzrə əmlaklarının müsadirə olunmasının nəzərdə tutulmasıdır.
İLHAM ƏLİYEV