Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ilə tələbələrin görüşü keçirilib.
Giriş nitqi ilə çıxış edən BDU rektoru Elçin Babayev Ulu Öndər Heydər Əliyevin adının dövlətçiliyimizin rəmzinə çevrildiyini deyib. O bildirib ki, nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, yüksək vətənpərvərlik hissinə malik olan Ulu Öndər müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi, sosial-mədəni əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu, dövlətçilik idealları və xalqı qarşısında misilsiz xidmətləri tariximizin ən parlaq səhifələrini təşkil edir. Onun zəngin həyat və fəaliyyətinin hər bir məqamı müstəqil Azərbaycanın qurulması, gücləndirilməsi və beynəlxalq aləmdə tanınması üçün strateji bir yol xəritəsidir. Qeyd olunub ki, müstəqil Azərbaycan Heydər Əliyevin əzmkarlıqla qurduğu və gələcək nəsillərə miras qoyduğu şah əsəridir: “Ulu Öndər Heydər Əliyevin milli maraqlara söykənən dövlətçilik fəlsəfəsi Prezident İlham Əliyevin müasir idarəçilik modelində uğurla öz əksini tapır. Xüsusilə Qarabağ Zəfəri bu siyasətin əzəmətini və tarixi əhəmiyyətini bir daha nümayiş etdirdi”.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycanda dövlətçilik ənənələrinin zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması məhz Ulu Öndər Heydər Əliyevin yorulmaz, səmərəli fəaliyyəti sayəsində mümkün olub. Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969–1982-ci illər Azərbaycanda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşüb. 1993-2003-cü illər Ulu Öndər Heydər Əliyevin imzası ilə Azərbaycan tarixində inkişafın və tərəqqinin bünövrəsinin qoyulduğu dövr kimi tarixin yaddaşına qızıl hərflərlə yazılıb. 2003-cü ildən başlayaraq isə ölkəmiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi mütərəqqi islahatlarla inkişafın yeni mərhələsinə qədəm qoyaraq regional güc mərkəzinə çevrilib, dünyada öz layiqli yerini tutub. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Hər bir Azərbaycan vətəndaşının borcu isə Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaq, onun ideyalarını uğurla həyata keçirməkdir. Ömrünü Azərbaycana fəda etmiş müdrik siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı daim dərin hörmətlə xatırlanacaq, onun əziz və unudulmaz xatirəsi xalqımız tərəfindən əbədi olaraq ehtiramla yad ediləcək.
YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, dünya siyasətinə adını yazdıran müdrik siyasi lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Bütün həyatını xalqına həsr edən Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.
Xalqımız həm də ona görə xoşbəxtdir ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi siyasi xətt, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyası onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bunların sayəsində hazırda ölkəmiz intibah və çiçəklənmə dövrünü yaşayır. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır, xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilib, 30 ilə yaxın düşmən əsarətində olan Qarabağımız əbədi azadlığına qovuşub.
Bu gün Azərbaycan bayrağı əzəli torpaqlarımızda, Şuşada, Xankəndidə, Xocalıda, Əsgəranda dalğalanır.
Daha sonra tələbələrin çoxsaylı sualları cavablandırılıb.