PDF Oxu

Siyasət

  • 518

17 Oktyabr – Füzuli Şəhəri Günü

image

17 oktyabr Azərbaycan xalqının qürur duyduğu, qəhrəmanlıq və zəfər tarixini əks etdirən mühüm günlərdən biridir. 2020-ci il 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Füzuli şəhəri məhz bu tarixdə işğaldan azad olunmuşdur. Füzuli rayonunun azad edilməsi Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatlarının və xalq-iqtidar birliyinin nəticəsi olaraq tarixə yazılmışdır. Bu gün hər il "Füzuli şəhəri günü" kimi qeyd edilir və azad edilmiş torpaqlarımızın simvollarından birinə çevrilmişdir.
Füzuli rayonu 1930-cu ildə inzibati rayon statusu almış və Azərbaycanın cənub-qərbində yerləşir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən rayonun böyük hissəsi, o cümlədən Füzuli şəhəri işğal olunmuşdur. İşğal dövründə şəhər tamamilə dağıdılmış, yaşayış binaları, təhsil ocaqları, mədəniyyət abidələri və digər infrastrukturlar məhv edilmişdir. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində 17 oktyabr tarixində Füzuli şəhəri işğaldan azad edilmişdir.
Füzulinin azad olunması uğrunda aparılan döyüşlər Vətən müharibəsinin ən çətin və strateji baxımdan önəmli mərhələlərindən biri olmuşdur. Çünki Füzuli cəbhənin əsas müdafiə xətti idi və buradakı mövqelər Ermənistan ordusu tərəfindən illərlə möhkəmləndirilmişdi. Düşmənin dərin istehkamları, minalanmış sahələr və güclü müdafiə sistemi Azərbaycan Ordusunun irəliləməsini çətinləşdirirdi. Lakin əsgər və zabitlərimizin peşəkarlığı, vətənpərvərliyi və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan dəqiq hərbi əməliyyatlar nəticəsində Füzuli şəhəri və bir neçə kənd azad edildi. Bu döyüşlər həmçinin Cəbrayıl, Zəngilan və Qubadlının da azad olunması üçün yol açmış oldu.
İşğaldan azad edilmiş ərazilər arasında Füzuli rayonu minalarla ən çox çirklənmiş ərazilərdən biridir. Həm piyada, həm də tank əleyhinə minalar burada geniş sahələri əhatə etmişdir. Bu, həm mülki əhalinin qayıdışını, həm də infrastrukturun bərpasını ciddi şəkildə çətinləşdirmişdir. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən həyata keçirilən genişmiqyaslı təmizləmə işləri nəticəsində bir çox sahələr təhlükəsiz hala gətirilsə də, proses hələ də davam edir. Bu, Füzulidə yenidənqurma və inkişaf işlərinin miqyasını və çətinliyini göstərən mühüm amildir.
Füzulinin yenidən qurulması prosesində dost və qardaş ölkələr, xüsusilə Qazaxıstan Respublikası mühüm rol oynamışdır. Qazaxıstan tərəfindən Füzuli şəhərində məktəb binasının inşası və digər sosial layihələr həyata keçirilmişdir. Bu addım Azərbaycan və Qazaxıstan arasındakı strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda, beynəlxalq həmrəyliyin göstəricisidir. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən layihələr yerli əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmişdir.
Füzuli azad olunduqdan sonra rayonun bərpası və yenidənqurulması istiqamətində mühüm addımlar atılmışdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş ərazilərə, o cümlədən Füzuli rayonuna bir sıra səfərlər etmiş və bu səfərlər zamanı əsas sosial və infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir.
17 oktyabr 2021-ci il tarixində Prezident İlham Əliyev Füzuli şəhərinə səfər etmiş, rayon ictimaiyyəti ilə görüş keçirmiş və bir sıra mühüm layihələrin təməlini qoymuşdur. Bunlara Füzuli-Ağdam avtomobil yolu, Dövlətyarlı kəndində “Ağıllı kənd” layihəsi, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi və çoxmənzilli yaşayış məhəlləsi daxildir.
26 oktyabr 2021-ci ildə isə cəmi 8 ay ərzində inşa olunmuş və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilmişdir. Bu, işğaldan azad edilmiş ərazilərin iqtisadi və turizm potensialının inkişafı baxımından mühüm hadisə olmuşdur.
10 may 2022-ci ildə Peşə Liseyinin təməlqoyma mərasimi keçirilmiş, 26 may tarixində isə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanışlıq baş tutmuşdur.
27 sentyabr 2022-ci il tarixində Prezident İlham Əliyev Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət etmişdir. Bu ziyarət şəhidlərin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük mənəvi əhəmiyyət kəsb edir.
7 noyabr 2022-ci ildə isə Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılmış şəraitlə tanışlıq həyata keçirilmişdir.
Bütün bu tədbirlər Füzulinin qısa zaman ərzində sürətli inkişaf yoluna qədəm qoyduğunu və dövlətin bu ərazilərin bərpasına nə qədər böyük önəm verdiyini göstərir.
17 oktyabr Füzuli şəhəri günü təkcə ərazi bütövlüyümüzün bərpasını deyil, həm də Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcını simvolizə edir. Bu gün Füzuli müasir, təhlükəsiz, ağıllı infrastrukturla yenidən qurulur və oraya həyat qayıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində Füzuli rayonunun gələcəyi parlaq görünür. Bu tarixi gün xalqımızın yaddaşında daim qəhrəmanlıq, birlik və zəfər simvolu kimi qalacaqdır.

Kənan Quliyev,
YAP Laçın rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər