2020-ci il oktyabr ayı ərzində Füzuli şəhərinin azad olunması məqsədilə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən döyüşlər müasir hərb tariximizə parlaq səhifə kimi daxil olmuşdur. Füzuli şəhəri ətrafında yerləşən kəndlərin mərhələli şəkildə azad edilməsi üçün əvvəlcə kəndlərə daxil olan yollar minalardan təmizləndi, düşmənin müdafiə xətləri zəiflədildi və ardıcıl hücumlarla irəliləyiş təmin olundu. 17 oktyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Füzuli şəhərinin və bir neçə kəndin işğaldan azad edildiyini rəsmi şəkildə elan etdi. Bu hadisə həm hərbi, həm siyasi, həm də mənəvi baxımdan böyük əhəmiyyətə malik idi. Füzuli uğrunda gedən döyüşlər zamanı Azərbaycan əsgəri misilsiz qəhrəmanlıq və döyüş ruhu nümayiş etdirdi. Qəsəbələr və kəndlər uğrunda əlbəyaxa döyüşlər aparıldı, çoxsaylı mina və pusqulara baxmayaraq, əsgərlərimiz irəli getməkdən çəkinmədilər. Füzuli şəhəri ermənilər tərəfindən tamamilə dağıdılmış, yaşayış binaları və infrastruktur yerlə bir edilmişdi. Bu səbəbdən döyüşlər həm fiziki, həm də mənəvi cəhətdən çox ağır keçmişdi. Lakin Azərbaycan Ordusu bu əraziləri bir-bir azad etməklə düşmənin mövqelərini zəiflətdi və şəhərə daxil oldu. Füzuli şəhərinin azad olunması Azərbaycanın hərb tarixi üçün önəmli dönüş nöqtəsi oldu. Bu zəfər Qarabağın digər şəhərlərinin də işğaldan azad olunması üçün mühüm stimul verdi. Füzuli uğrunda döyüşlər ordumuzun gücünü, xalqımızın isə əzmini bir daha sübut etdi.
Nərgiz Hüseynova
YAP Laçın rayon təşkilatının 49 saylı ƏPT-nin sədri
Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru