PDF Oxu

Siyasət

  • 728

Zəngilan Şəhəri Günü – qələbə, qayıdış və yenidənqurmanın rəmzi - ŞƏRH

image

44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər xalqımızın qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biridir. Bu Qələbənin simvol şəhərlərindən biri olan Zəngilanın işğaldan azad edildiyi 20 oktyabr 2020-ci il tarixi bu gün ölkəmizdə “Zəngilan şəhəri günü” kimi böyük iftixar və milli qürur hissi ilə qeyd olunur. Zəngilan şəhərinin və rayonun azad edilməsi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti nəticəsində mümkün olmuşdur. 20 oktyabr 2020-ci il tarixində Ali Baş Komandanın “Zəngilan şəhəri azad edildi!” xəbərini xalqa çatdırması, yüz minlərlə insanın qəlbində unudulmaz sevinc və qürur hissi yaratdı. Bu qələbə yalnız bir şəhərin azad olunması deyil, Respublikanın suverenliyinin bərpası, ədalətin və tarixi haqqın təntənəsi idi. Zəngilanın azadlığı Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərin strateji mərhələsində mühüm rol oynayaraq, müharibənin taleyini Azərbaycanın xeyrinə dəyişdi.

Zəngilan Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Oxçuçay vadisində yerləşən bu ərazi arxeoloji tapıntılar və yazılı mənbələrə əsasən minilliklər boyu mədəniyyət mərkəzi kimi tanınıb. Təbiətinin gözəlliyi, meşə və dağ ekosistemi, nadir flora və faunası, qədim körpüləri və memarlıq abidələri ilə Zəngilan diyarı ölkəmizin təbii və tarixi sərvətlər xəzinəsində mühüm yer tutur. İşğal dövründə şəhər və kəndlər tamamilə dağıdılmış, infrastruktur yerlə-yeksan edilmişdir. Lakin bu torpaqların azad edilməsi ilə xalqımızın qayıdış arzusu gerçəkləşməyə başladı.

Zəngilanın işğaldan azad edilməsindən dərhal sonra ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən şəhərin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə başlanılmışdır. Bu gün Zəngilan “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyalarına əsaslanan inkişaf modelinə malikdir. Rayonun Ağalı kəndi Azərbaycanın və regionun ilk “ağıllı kənd” layihəsi kimi dünya miqyasında innovativ nümunə hesab olunur. Burada bərpa olunan enerji mənbələrindən istifadə, müasir kənd təsərrüfatı sistemləri, rəqəmsal idarəetmə və ekoloji tarazlıq prinsipləri əsasında yeni həyat qurulub. Zəngilan Beynəlxalq Hava Limanı, Zəngilan-Cəbrayıl-Horadiz avtomobil yolu, Zəngəzur dəhlizinə çıxış verən logistika şəbəkəsi, eləcə də şəhərdaxili infrastruktur layihələri bu bölgəni qısa zamanda Cənubi Qafqazın mühüm nəqliyyat və iqtisadi mərkəzinə çevirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Zəngilan rayonuna edilən çoxsaylı səfərlər, burada keçirilən açılış mərasimləri və təməlqoyma tədbirləri dövlətin bu bölgəyə olan xüsusi diqqətini və strateji yanaşmasını nümayiş etdirir.

Zəngilanın bərpa konsepsiyası “yaşıl enerji zonası” statusu üzərində qurulmuşdur. Günəş və külək enerjisinin tətbiqi, ekoloji təmiz istehsal sahələrinin yaradılması, şəhərsalma prosesində müasir texnologiyaların inteqrasiyası davam edir. Bu model Azərbaycanın dayanıqlı inkişaf strategiyasına tam uyğun gəlir və regionda ekoloji balansın bərpasına xidmət edir.

Zəngilan şəhəri günü Böyük Qayıdış proqramının rəmzi kimi dəyərləndirilir. İşğaldan azad edilmiş ərazilərə əhalinin mərhələli şəkildə köçürülməsi, yeni yaşayış evlərinin, məktəblərin, tibb ocaqlarının və mədəniyyət mərkəzlərinin tikintisi bu torpaqlarda həyatın bərpasına real nümunədir. Qayıdan hər bir ailə, qurulan hər bir ocaq, açılan hər bir məktəb – Vətənə sədaqətin və milli birliyin təcəssümüdür. Bu proses Azərbaycanın dövlət idarəçiliyində sosial rifah, iqtisadi inkişaf və milli mənəvi dəyərlərin birgə tətbiqinin parlaq göstəricisidir.

Zəngilan şəhəri günü dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan bir gündür. Bu gün xalqımızın iradəsinin, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının təntənəsidir. Zəngilan bu gün qələbənin, quruculuğun və gələcəyə inamın rəmzidir. Dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Zəngilan yaxın gələcəkdə regionun iqtisadi, ekoloji və mədəni mərkəzinə çevriləcəkdir. Zəngilanın bərpası və dirçəlişi – Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qurulan yeni Azərbaycanın inkişaf salnaməsinin parlaq səhifəsidir.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər