1993-cü il oktyabrın 29-da erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında sonuncu rayonun – Zəngilanın işğalını başa çatdırıblar. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən və mühüm strateji əhəmiyyətə malik Zəngilan rayonunun ərazisi 707 kvadrat km olub. İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağılıb. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu fəaliyyət göstərib. Ümumilikdə I Qarabağ müharibəsində Zəngilan rayonu 188 şəhid verib. Müharibə dövründə rayonun 44 sakini itkin düşüb və onların taleyindən bu günədək xəbər yoxdur.
2020- ci il 27 sentyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. İkinci Qarabağ müharibəsində Zəngilan rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Ordumuz aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində 2020-ci il oktyabrın 20-də Zəngilanı işğaldan azad etdi. 2020-ci il dekabrın 23-də isə Prezident İlham Əliyev Zəngilanda Azərbaycan bayrağını ucaltdı. Prezident İlham Əliyev həmin tarixi günün sevincini xalqla bölüşərək demişdi:
“Zəngilan rayonu… Şanlı Azərbaycan Ordusu Zəngilan rayonuna daxil olub, yaşayış məntəqələrinin azad olunması təmin edilib. Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib! Zəngilan bizimdir! Qarabağ bizimdir! Düşmən acizdir. Qarabağ bizimdir! Yaşasın Azərbaycan!”
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri