Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə köç planına əsasən, 19 yaşayış məntəqəsində əhalinin məskunlaşdırılması istiqamətində işlər davam edir. Artıq 1040 ailə – 4064 nəfər keçmiş məcburi köçkün doğma yurduna qayıdıb. Ümumilikdə, bu ərazilərdə 22 mindən çox şəxs məskunlaşıb və bütün sosial xidmətlərlə təmin olunub. SİA-nın bölgə müxbiri xəbər verir ki, bunu Xankəndi şəhərində keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.E.Yusubov bildirib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Dayanıqlı məskunlaşma, yaşıl enerji zonalarının yaradılması, mədəni irsin qorunması və yeni iş yerlərinin açılması Konstitusiyanın əsas prinsipləri olan insan rifahı, sosial ədalət və inkişafın real təcəssümüdür.Bölgədə təhsil, səhiyyə və sosial infrastruktur sürətlə bərpa olunur. Qarabağ Universitetinin, müasir klinikanın, məktəb və uşaq bağçalarının fəaliyyətə başlaması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması əhalinin dayanıqlı məskunlaşmasına mühüm töhfə verir. Hazırda ərazidə 546 sahibkarlıq obyektinin fəaliyyət göstərdiyi yerlərdə 3 mindən artıq şəxs işlə təmin olunub, ümumilikdə 65 milyon manatdan çox investisiya həyata keçirilib.Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin inkişafında qeyri-hökumət təşkilatlarının rolu mühüm əhəmiyyət daşıyır. QHT-lər dövlət siyasətinin həyata keçirilməsində, ictimai nəzarətin gücləndirilməsində, sosial layihələrin təşviqində və reinteqrasiya proseslərində mühüm tərəfdaş kimi çıxış edirlər.“Qeyri-hökumət təşkilatları işğal dövründə və ondan sonrakı illərdə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, dezinformasiya kampaniyalarına qarşı mübarizədə, insan hüquqları və mədəni irsin qorunması istiqamətində böyük rol oynayıb. Bu gün isə onların qarşısında yeni və strateji vəzifə durur – azad edilmiş ərazilərin reinteqrasiyasında, sosial adaptasiya və bərpa proseslərində fəal iştirak etmək,” - deyə Elçin Yusubov vurğulayıb.