18 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstanın “Kazinform” agentliyinə geniş müsahibə vermişdir. Dövlət başçısının bu çıxışı təkcə iki ölkə arasında əlaqələrin mövcud vəziyyətini deyil, həm də gələcək strateji istiqamətləri müəyyən edən siyasi sənəd xarakteri daşıyır. Müsahibədə Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan münasibətlərinin dərin tarixi köklərinə, bu əlaqələrin müasir mərhələdə qardaşlıq, etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişafına geniş şəkildə toxunmuşdur. Azərbaycan və Qazaxıstanı birləşdirən əlaqələr diplomatik münasibətlərin çərçivəsindən çox-çox genişdir. Hər iki xalqın ortaq türk mənşəyi, tarixi, dili və mədəniyyəti bu əlaqələrin əsas sütunlarını təşkil edir. Azərbaycan və Qazaxıstan xalqları əsrlər boyu bir-birinə bağlı olub, ortaq tarixə, ortaq dəyərlərə və ortaq məqsədlərə malik qardaş xalqlarıq. Müstəqillik illərində də bu qardaşlıq ənənəsi qorunub saxlanılır, dövlət başçılarının qarşılıqlı səfərləri, iqtisadi, humanitar və mədəni əməkdaşlıq layihələri bu münasibətləri daha da gücləndirir.
Azərbaycan-Qazaxıstan əlaqələri bu gün regionda strateji tərəfdaşlıq nümunəsi kimi qiymətləndirilir. İki ölkə arasında imzalanmış çoxsaylı sənədlər, birgə hökumətlərarası komissiyaların fəaliyyəti və enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil kimi sahələrdə əməkdaşlıq proqramları bu münasibətlərin praktik əsaslarını möhkəmləndirir. Dövlət başçısı müsahibəsində qeyd etmişdir ki, Transxəzər Nəqliyyat Dəhlizi iki ölkəni birləşdirən mühüm iqtisadi arteriyadır və bu layihə təkcə regional deyil, həm də beynəlxalq səviyyədə strateji əhəmiyyət daşıyır. Azərbaycan və Qazaxıstan bu istiqamətdə qarşılıqlı fəaliyyətlə Avrasiya məkanında sabitlik və iqtisadi dinamikanın təminatçısına çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözlərinə görə, qarşılıqlı etimad və əməkdaşlıq regionda sülhün və təhlükəsizliyin mühüm dayağıdır.
Mühüm istiqamətlərindən biri də humanitar və mədəni sahələrdir. Cənab Prezident müsahibəsində vurğulamışdır ki, mədəniyyət və təhsil sahəsində əməkdaşlıq xalqlar arasında mənəvi körpüləri daha da möhkəmləndirir. Qazaxıstanda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, Azərbaycan mədəniyyət günləri və təhsil mübadilə proqramları bu istiqamətdə mühüm rola malikdir. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq dəyərlərin qorunması və türk dünyasının inteqrasiyası istiqamətində Azərbaycan və Qazaxıstanın fəal əməkdaşlığı diqqətəlayiqdir. Ölkə başçısının vurğuladığı kimi, “Türk Dövlətləri Təşkilatı bizim ortaq evimizdir və bu evin möhkəmlənməsi həm Azərbaycan, həm Qazaxıstan, həm də bütün türk dünyası üçün strateji prioritetdir”.
Azərbaycan və Qazaxıstan regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Xəzər dənizinin enerji resurslarının birgə istifadəsi və nəqliyyat infrastrukturunun genişləndirilməsi qarşılıqlı maraqlara xidmət edir. Bu əməkdaşlıq təkcə iqtisadi sferanı deyil, həm də siyasi sabitliyi təmin edən mühüm mexanizmdir.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri – xüsusən Cənub Qaz Dəhlizi, həmçinin Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə nəqli iki ölkə arasında enerji əməkdaşlığının parlaq nümunələridir.
Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycan-Qazaxıstan münasibətlərinin gələcək inkişaf istiqamətlərini də aydın şəkildə müəyyənləşdirir. Dövlət başçısının qeyd etdiyi kimi, iki ölkə arasında qarşılıqlı hörmət, etimad və birgə inkişaf prinsiplərinə əsaslanan bu əməkdaşlıq regionun gələcək siyasi arxitekturasında da mühüm rol oynayacaq. Azərbaycan və Qazaxıstan xalqları ortaq tarixdən gələcək tərəfdaşlığa doğru inamla addımlayır. Bu münasibətlər təkcə regional sabitliyin deyil, həm də türk dünyasının birliyinin möhkəmlənməsi baxımından strateji əhəmiyyət kəsb edir.
18 oktyabr 2025-ci il tarixində cənab Prezident İlham Əliyev “Kazinform” agentliyinə verdiyi müsahibə, Azərbaycan-Qazaxıstan münasibətlərinin qardaşlıq, etimad və strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini bir daha nümayiş etdirdi. Bu münasibətlər regionda sabitliyin, əməkdaşlığın və qarşılıqlı dəstəyin nümunəsinə çevrilmişdir. Azərbaycan diplomatiyasının əsas məqsədi sülh, əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləridir. Həmin bu münasibətlər gələcək inkişafın təminatıdır.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini