PDF Oxu

Siyasət

  • 536

20 Oktyabr - Zəngilan Şəhəri Günü kimi qeyd edilir - ŞƏRH

image

30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

Zəngilan şəhərinin işğaldan azad edilməsinin 5 ili tamam olur. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.Sərəncama əsasən 20 oktyabr – Zəngilan şəhər günü kimi qeyd olunur.

20 oktyabr – Zəngilan günü yalnız bir rayonun deyil, bütövlükdə Azərbaycan xalqının bayramıdır. Bu gün Azərbaycan əsgərinin qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində əldə edilmiş zəfərin simvoludur. Zəngilan bölgəsi zəngin flora və faunaya sahib, təbii ehtiyatlarla dolu bir ərazidir. İşğal illərində bu sərvətlər dağıdıldı, meşələr qırıldı, ətraf mühitə ciddi zərər verildi. Azadlıqdan sonra burada ekoloji bərpa prosesi də aparılır. Yaşıl enerji konsepsiyası əsasında inkişaf planlaşdırılır. Su, günəş və külək enerjisi potensialı yüksəkdir. Bu resurslar həm daxili tələbatı ödəyəcək, həm də ixrac imkanları yaradacaq. Beləliklə, Zəngilan təkcə hərbi yox, iqtisadi qələbənin də rəmzinə çevrilir. Bu, gələcəyin yaşıl şəhəridir.

Bu gün Zəngilan yenidən qurulur, müasir şəhər kimi sürətlə inkişaf edir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri, yeni yollar, məktəblər və yaşayış məhəllələri Zəngilanın dirçəlişinin rəmzinə çevrilib.Zəngilanın işğal tarixi onun azad olma tarixi ilə əvəz olunmuş, Qələbə ruhlu 20 oktyabr 2021 tarixi şərəf və qürur tariximizə çevrilmişdir. İndi Zəngilanda da abadlıq-quruculuq işləri gedir və “Böyük Qayıdış” planları bu ərazilərimizdə də sürətlə reallaşır.

Zəngilan şəhəri günü torpaqlarımızın azadlığı uğrunda canını fəda edən qəhrəmanlarımızın xatirəsinə hörmət, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpasının təntənəsidir.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-də Zəngilan Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Müzəffər Ordumuzun döyüş meydanında göstərdiyi rəşadət sayəsində 44 günlük Vətən müharibəsi dövründə Zəngilan rayonu işğaldan azad edildi. Tarixi Azərbaycan torpağı olan Zəngilan rayonu mühüm coğrafi-strateji əhəmiyyət daşıyır. Rayonda Beynəlxalq Hava Limanının təməlinin qoyulması və bir sıra quruculuq işlərinin həyata keçirilməsi Böyük qayıdışın ilk addımları kimi uğurlu sosial-iqtisadi inkişaf üçün vacib rol oynayacaqdır.

Əli Paşayev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər