Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” agentliyinə müsahibə verib. Ölkə Prezidenti oktyabr ayının 18-də verdiyi müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olmasından, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələrin hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunduğunu bildirib.
İlham Əliyev son üç ildə qardaş ölkəyə yeddinci dəfə səfər etdiyini, Qazaxıstana hər səfərində dinamik inkişafı, yeni uğurları müşahidə etdiyini, ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi qeyd edib.
Vurğulanıb ki, həmin müddət ərzində Prezident Kasım-Jomart Kemeleviç Tokayev Azərbaycana altı dəfə səfər edib. Bütün bunlar ölkələr arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müştərək səyləri nümayiş etdirir.
İlham Əliyev işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə qardaş Qazaxıstana minnətdarlığını bildirib.
Müsahibə zamanı bildirilib ki, Qazaxıstan və Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 yaşı var. Ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası - təqribən 170 sənəd işlənib hazırlanıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Həmçinin ilk iclası Qazaxıstan Prezidentinin ötən il Azərbaycana dövlət səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranın əhəmiyyəti də çox böyükdür. Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.
Azərbaycan və Qazaxıstan, həmçinin çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür.
Azərbaycan ilə Qazaxıstan arasındakı siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur – bu, həm rəsmi bəyanatlar, həm praktiki əməkdaşlıq, həm də strateji baxışların uyğunluğu ilə özünü göstərir. Tariximədəni bağlar, dövlət səviyyəsində müntəzəm və aktiv dialoq, çoxsahəli əməkdaşlıq bu münasibətləri sadə diplomatik əlaqədən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Bu əlaqələrin gələcək inkişafı isə həm siyasi iradənin davamlılığına, həm real layihələrin icrasına, həm də xalqlar arasında daha dərin bağların qurulmasına bağlıdır.
Vüqar İsmayılov
Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının əməkdaşı