Azərbaycan və Qazaxıstan xalqları qədim tarixi, dini və mədəni bağlarla yanaşı, mehriban dostluq və qardaşlıq münasibətləri ilə bir-birinə sıx bağlıdır. Hər iki dövlət arasında siyasi münasibətlər qarşılıqlı etimad, hörmət və sabit əməkdaşlıq prinsipləri üzərində möhkəm şəkildə qurulub.
Dövlət başçılarının yaxın əlaqələri ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm təsir göstərir, ikitərəfli əməkdaşlığın güclənməsinə və yeni istiqamətlər üzrə genişlənməsinə xidmət edir. Azərbaycan və Qazaxıstan prezidentlərinin son illərdəki qarşılıqlı səfərləri münasibətlərin möhkəmlənməsində əhəmiyyətli rol oynayıb. Xüsusilə, son üç ildə Azərbaycan Prezidenti Qazaxıstana yeddi, Qazaxıstan Prezidenti isə Azərbaycana altı dəfə səfər edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il oktyabrın 18-də Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi müsahibədə bildirib ki, keçən onilliklər ərzində xalqlarımızın tarixi qardaşlıq və dostluq ənənələri, ortaq türk kimliyi, oxşar mədəni dəyərlər və mənəvi yaxınlıq əsasında biz möhkəm strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri formalaşdırmışıq. Prezidentin sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə ən çox təsir göstərən amil dövlət başçıları səviyyəsində aparılan fəal, qarşılıqlı etimada əsaslanan dialoqdur ki, bu da bütün istiqamətlərdə əlaqələrin dərinləşməsinə şərait yaradır.
Qazaxıstan, həmçinin Azərbaycanın işğaldan azad edilən torpaqlarında həyata keçirilən bərpa və tikinti işlərinə də öz dəstəyini göstərir. Füzuli şəhərində salınan və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi adlanan bina iki xalq arasında dostluq və mənəvi həmrəyliyin bariz simvoluna çevrilib. Bu mərkəz artıq əhəmiyyətli mədəni-maarif ocağı kimi fəaliyyət göstərir və burada 100-ə yaxın uşaq təhsil alır.
Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Sazişin imzalanmasından 20 il keçir. Prezident İlham Əliyev müsahibəsində bunu xatırladaraq deyib: “Biz bu illər ərzində güclü hüquqi-təşkilati baza – təxminən 170 sənəd qəbul etmişik, siyasi, iqtisadi, investisiya və humanitar sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri qurmuşuq. Bu Müqavilə Azərbaycan-Qazaxıstan münasibətlərinin sabit təməlini yaradıb və ötən illər ərzində əlaqələr bütün sahələrdə əhəmiyyətli dərəcədə inkişaf edib.”
Azərbaycan və Qazaxıstan eyni zamanda beynəlxalq və regional təşkilatlar – BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digər platformalar çərçivəsində də sıx əməkdaşlıq edirlər. Ölkələr bir çox qlobal məsələlərdə bir-birini dəstəkləyir və oxşar mövqelər sərgiləyirlər.
İqtisadi sahədə əməkdaşlıq da geniş vüsət alıb. Prezident İlham Əliyevin sözlərinə görə, hər iki ölkə ardıcıl şəkildə birgə layihələr həyata keçirir, iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığı genişləndirir və bu inkişaf məqsədyönlü dövlət siyasəti, eləcə də işgüzar dairələr arasında fəal dialoq nəticəsində mümkündür. 2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsi 470 milyon dollar təşkil edib, 2025-ci ilin yanvar–avqust aylarında isə bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə artaraq 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin səmərəli istifadəsi, nəqliyyat və logistika infrastrukturunun yenilənməsi ilə bağlıdır. Azərbaycan və Qazaxıstan arasında investisiya sahəsində əməkdaşlıq da getdikcə möhkəmlənir. Prezident İlham Əliyev bildirib ki, Türk Dövlətləri Təşkilatı iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin güclənməsində əsas rol oynayır, siyasi dialoqun dərinləşməsi, iqtisadi əlaqələrin genişlənməsi və humanitar sahədə əməkdaşlığın artması üçün mühüm platforma funksiyasını yerinə yetirir.
Cənab İlham Əliyev vurğulayıb ki, 2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda təsis edilən Türk Dövlətləri Təşkilatı türk xalqları arasında həmrəyliyin möhkəmlənməsinə böyük töhfə verib. Ötən il Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə Görüşü, eləcə də bu yaxınlarda Qəbələdə baş tutan TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə toplantısı çərçivəsində mühüm sənədlər imzalanıb və təşkilat çərçivəsində əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunub. Bu qərarlar Türk dünyasının birliyini, siyasi, iqtisadi və hərbi gücünü artırmağa, onun beynəlxalq nüfuzunu yüksəltməyə xidmət edir. Cənab Prezident İlham Əliyev müsahibəsində Xəzər dənizinin ekoloji problemlərinə də diqqət çəkərək bildirib ki, su səviyyəsinin azalması həm ekoloji, həm də iqtisadi baxımdan ciddi təhlükələr doğurur. Buna görə də bütün Xəzəryanı dövlətlərin birgə fəaliyyət göstərməsi, elmi məlumat mübadiləsini gücləndirməsi və mənfi təsirləri azaltmaq üçün birgə tədbirlər planı hazırlaması son dərəcə vacibdir.
Zaur Mehdiyev,
YAP Gədəbəy rayon təşkilatının sədr müavini.