PDF Oxu

Siyasət

  • 548

Azərbaycan - Qazaxıstan: strateji tərəfdaşlığın yeni hədəfləri

image

Prezident İlham Əliyev: "Bu gün ölkələrimiz arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir"

Beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə nail olan Azərbaycan Mərkəzi və Orta Asiya ölkələri ilə də sıx siyasi və iqtisadi əlaqələrə malikdir. Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir göstərən mühüm amillərdən biridir. Son illərdə Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə, eləcə də bu ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri intensiv xarakter alıb. Bu qarşılıqlı səfərlər nəticəsində ikitərəfli və çoxtərəfli formatlarda mühüm sənədlər imzalanıb, yeni əməkdaşlıq istiqamətləri müəyyən edilib. Azərbaycanın sıx və tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri Qazaxıstandır. Ölkəmizin Mərkəzi və Orta Asiyanın türkdilli dövlətləri arasındakı münasibətləri yüksələn xətlə inkişaf etməsinə Azərbaycanın Qazaxıstanla olan əlaqələri də öz töhfəsini verir. Azərbaycan və Qazaxıstan çoxəsrlik dostluq ənənələrini nəinki qoruyub saxlamağa, genişləndirməyə, Azərbaycan-Qazaxıstan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirməyə nail olub. Bu gün xarici siyasətdə iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda Qazaxıstan və Azərbaycan nümayəndələri fəal əməkdaşlıq edir və hər zaman bir-birini dəstəkləyir. Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanın ali mükafatı, “Altın kıran” - “Qızıl qartal” ali ordenlərlə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət idi.

Qardaş dövlətlər olan Azərbaycan və Qazaxıstanın bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirməsi Bakı ilə Astanın strateji tərəfdaşlar, müttəfiqlər olduğunu təsdiqləyir. İitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfəri mövcud əlaqələrin davamlığına və daha da dərinləşməsinə dəlalət edir.

Oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü keçirilib. "Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük prioritetdir". Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşündə söyləyib. "Üstəlik, Azərbaycan Sizin güclü liderliyinizlə öz mövqelərini xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid hissəsində regional güc kimi çox mühüm rol oynayır", - deyə o əlavə edib.

Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkənin həm sosial-iqtisadi inkişafda, həm də beynəlxalq mövqelərin möhkəmləndirilməsində uğurlarına sevindiyini diqqətə çəkib. "Bu gün Qazaxıstan yüksək inkişaf səviyyəsi nümayiş etdirir. Ölkədə ictimai-siyasi sabitlik təmin olunur, iqtisadiyyat güclənir. Biz Sizin həyata keçirdiyiniz islahatları maraqla müşahidə edirik və ölkənin modernləşdirilməsinə, onun potensialının möhkəmləndirilməsinə yönəlmiş kursunuzu tam dəstəkləyirik", - deyə Azərbaycan Prezidenti bildirib.

QAZAXISTAN PREZİDENTİ:"SARSILMAZ TƏMƏL ÜZƏRİNDƏ ÇOXŞAXƏLİ ƏMƏKDAŞLIĞIMIZI UĞURLA İNKİŞAF ETDİRİRİK”

Qazaxısan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfərinin iki ölkə arasında strateji tərəfdaşlığın gələcək inkişafı üçün çox böyük əhəmiyyətini qeyd edib. Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Qazaxıstan dövlətinin başçısı deyib: "Əvvəlcə strateji tərəfdaşlığın, müttəfiqlik münasibətlərinin daha da inkişafı, nəhayət qardaş xalqlarımız və dövlətlərimiz arasında dostluğun möhkəmləndirilməsi baxımından böyük, hətta deyə bilərik ki, kritik əhəmiyyətə malik olan Qazaxıstan Respublikasına rəsmi dövlət səfərinizdə Sizi bir daha salamlamaq istərdim”. Onu da bildirib ki, Azərbaycan Qazaxıstan üçün müstəsna ölkə, qardaş dövlətdir.

Qazaxıstan dövlətinin başçısı vurğulayıb: "Bizi ortaq tarixi köklər, zəngin mənəvi-mədəni irs, nəhayət uyğun mentalitet, hadisələrə, vəziyyətin inkişafına baxış birləşdirir. Bu sarsılmaz təməl üzərində çoxşaxəli əməkdaşlığımızı uğurla inkişaf etdiririk”.

"TORPAQLARIMIZIN İIŞĞAL ALTINDA OLDUĞU UZUN İLLƏR ƏRZİNDƏ QAZAXISTAN ARDICIL OLARAQ AZƏRBAYCANIN SUVERENLİYİNİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİB"

Qazaxıstanın regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təşviqinə yönəlmiş fəaliyyəti Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Xüsusilə Qazaxıstanın Asiyada təhlükəsizliyin möhkəmlənməsi sahəsində irəli sürdüyü “Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub. Xüsusi olaraq qeyd edək ki, Qazaxıstan və Azərbaycan dövlət başçıları arasında bugünkü dostluq və qardaşlıq münasibətləri Ulu Öndər Heydər Əliyev ideyalarının ardıcıl olaraq həyata keçirilməsi üçün böyük bir stimuldur. Bu dostluq bütün zamanlarda öz təstiqini tapıb.

Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edərkən Qazaxıstanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstəyini qeyd edib: “Biz bu dəstəyi həm ikitərəfli, həm imzalanmış sənədlər, həm də Qazaxıstanın beynəlxalq təşkilatlardakı mövqeyi ilə həmişə hiss etmişik və buna görə Sizə çox minnətdarıq”.

Qazaxıstan dost ölkə olaraq Qarabağın bərpasına da töhfələrini verir. Xatırladaq ki, 2022-ci ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı hədiyyə olaraq Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikiləcəyini bildirmişdir. Artıq Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib və istifadəyə verilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Bu müəssisə ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın, qarşılıqlı dəstəyin daha bir simvoludur. Yaxın gələcəkdə Qazaxıstan şirkətlərinin iştirakı ilə bir sıra layihələr də həyata keçiriləcək. Bununla yanaşı, Qazaxıstan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə bağlanmasında maraqlı olan dövlətdir.

"ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASI 2028-Cİ İLİN SONUNADƏK BAŞ VERƏ BİLƏR"

"Azəbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb", - deyə bildirən dövlət başçımız qeyd edib: "Bu gün yeni mərhələ başlayır, hətta deyərdim ki, yeni dövr başlayıb – Azərbaycan ilə Ermənistan arasında sülh dövrü. Son hərbi toqquşmalardan cəmi iki il keçməmiş sülh sazişinin paraflanması hər iki ölkənin kifayət qədər yüksək səviyyədə siyasi iradə nümayiş etdirməsindən xəbər verir".

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasındakı rolu ən yüksək qiymətə layiqdir.

"Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb", - deyən Azərbaycan Prezidenti vurğulayıb: "Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.

Azərbaycan Prezidenti çıxışında Zəngəzur dəhlizinin açılmasına nəzər salıb: "Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər", - bildirən Prezident onu da qeyyd edib ki, hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir: "Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”.

"BAKI VƏ ASTANANIN FƏAL QARŞILIQLI FƏALİYYƏTİ CİDDİ GEOSİYASİ ƏHƏMİYYƏT DAŞIYIR"

Ən son tarixə nəzər saldıqda, 2017-ci ilin oktyabrında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun açılışında Qazaxıstan tərəfinin iştirakı, habelə qardaş ölkənin Azərbaycanın təşəbbüskarı olduğu Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM), TANAP və TRANSXƏZƏR enerji və nəqliyyat dəhlizi layihələrinə dəstək verməsi Bakı ilə Astana arasında strateji əməkdaşlığın daha bir göstəricisidir. "Bakı və Astananın fəal qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı diqqətə çatdırıb: "Bu gün ölkələrimiz arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və tez-tez vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələb edir".

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə "Orta Dəhlizin inkişafı" (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub. Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta Dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır. Dövlət başçılarına Orta Dəhlizin səmərəsini və rəqabətqabiliyyətliliyini artırmaq istiqamətində nəzərdə tutulan konkret addımlar və təşəbbüslər barədə məlumat verilib.

Azərbaycan-Qazaxıstan əməkdaşlığında iqtisadi-ticari münasibətlər strateji önəm daşıyır. Hər iki ölkə iqtisadiyyatın müxtəlif sahələrində ardıcıl birgə təşəbbüslər həyata keçirir və əməkdaşlığı davamlı olaraq genişləndirir. Bu günə qədər Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Qarşılıqlı ticarətdə də aydın və davamlı artım müşahidə olunur. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 470 milyon dollar təşkil edib, 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə artaraq 547 milyon dollara çatıb. Bu yüksəliş Orta Dəhlizin potensialından səmərəli istifadə və nəqliyyat-logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır.

İnvestisiya əməkdaşlığı da getdikcə möhkəmlənir. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollar, Qazaxıstanın Azərbaycana sərmayəsi isə 136 milyon dollar təşkil edir. Bu göstəricilər ölkələrimizin uzunmüddətli tərəfdaşlığa, qarşılıqlı etimada və davamlı iqtisadi inkişafın təmin edilməsinə verdiyi önəmi açıq şəkildə nümayiş etdirir.

Son zamanlar Azərbaycanla Qazaxıstan arasında iqtisadi-ticari münasibətlər yüksələn xəttlə genişlənir. Əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana növbəti səfəri iki qardaş ölkənin yeni hədəflərinin müəyyən olunması baxımından böyük tarixi hadisəyə çevriləcəkdir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər