“Azərbaycanla Qazaxıstan arasında əlaqələr uğurla inkişaf edir. Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkənin münasibətlərini daha da gücləndirəcək”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər qədim tarixə malikdir. Hər iki ölkənin xalqları eyni kökə, mədəniyyətə, ənənələrə sahibdir. Ölkələrimiz arasında əlaqələr davamlı olaraq inkişaf edir. Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır. Bu gün dünyada baş verən proseslər bizə münasibətləri dərinləşdirmək üçün tarixi imkanlar yaradır. Biz Türk Dövlətləri Təşkilatını müstəvisində də fəal əməkdaşlıq edirik. Səfər zamanı dövlət başçıları geniş müzakirələr aparıblar. Strateji müttəfiqlik qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələrimizi məhz strateji xarakterli əməkdaşlığa yönləndirir. Ötən il Qazaxıstan Prezidentinin ölkəmizə səfəri zamanı dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi tarixi hadisə oldu. Bu dəfə isə Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirildi.
Millət vəkilinin sözlərinə görə, iki ölkə arasında əlaqələrin daha da güclənməsi üçün geniş potensial var. Prezident İlham Əliyevin dediyi kimi, Bakı və Astananın fəal qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı vurğulayıb: “Bu gün ölkələrimiz arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və tez-tez vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələb edir”. Liderlərin görüşündə və mətbuata bəyanatında Cənubi Qafqazda sülhün əldə edilməsinin önəmi də vurğulanıb. Prezident İlham Əliyev vacib bir məqamı da qeyd etdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub: “Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”. Bu fakt dövlətimizin sülh üçün atdığı mühüm addımlar sırasındadır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə Azərbaycanın Qazaxıstan üçün müstəsna ölkə, qardaş dövlət olduğunu bəyan edib: “Bizi ortaq tarixi köklər, zəngin mənəvi-mədəni irs, nəhayət uyğun mentalitet, hadisələrə, vəziyyətin inkişafına baxış birləşdirir. Bu sarsılmaz təməl üzərində çoxşaxəli əməkdaşlığımızı uğurla inkişaf etdiririk”.
Sevinc Fətəliyeva qeyd edib ki, ötən illər ərzində Azərbaycan və Qazaxıstan arasında təqribən 170 sənəddən ibarət mükəmməl hüquq-müqavilə bazası formalaşıb, siyasi, iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb: “Xüsusilə bu il 20 illiyi qeyd edilən Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə iki ölkə əlaqələrinin inkişafında mühüm rol oynayıb. Bu sənəd əməkdaşlığın müxtəlif sahələrdə etibarlı əsasını formalaşdıraraq son illərdə münasibətlərin daha da genişlənməsinə və dərinləşməsinə şərait yaradıb. Oktyabrın 18-də Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform” Agentliyinə eksklüziv müsahibəsində ölkələrimiz arasındakı çoxtərəfli əməkdaşlıqla bağlı fikirlərini bölüşərək deyib: “Azərbaycan və Qazaxıstan, həmçinin çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür”. Bütün bunlar sübut edir ki, ortaq soykökə və tarixi-mədəni əlaqələrə malik olan ölkələrimiz arasındakı münasibətlər təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də təhsil, mədəniyyət və humanitar sahələrdə də davamlı olaraq inkişaf edir. Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfəri isə qarşılıqlı əlaqələrimizi əhəmiyyətli dərəcədə gücləndirəcək”.