"Cari ilin may ayında Laçında Azərbaycanın 9-cu beynəlxalq hava limanı açılıb. Hazırda Ələt Azad İqtisadi Zonasında yeni beynəlxalq karqo hava limanının tikintisi davam edir. Bu və bir sıra digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib". SİA xəbər verir ki, bu sözləri Azərbaycanın Baş naziri Əli Əsədov V Beynəlxaq İpək Yolu Forumundakı çıxışı zamanı deyib.Baş nazir qeyd edib ki, bütün bu layihələr Orta Dəhlizin tərkib hissəsidir.“Bu dəhliz Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı marşrut kimi artıq özünü təsdiqləyib. Azərbaycan və Gürcüstan bu strateji nəqliyyat dəhlizinin formalaşması və inkişafında aparıcı mövqe tutur. Ölkələrimiz həm coğrafi mövqelərinə, həm də müasir nəqliyyat infrastrukturuna görə Orta Dəhlizin ən mühüm iştirakçıları sırasındadır. Biz bu istiqamətdə səylərimizi birləşdirərək dəhliz boyunca infrastrukturun genişləndirilməsi, keçid proseslərinin sadələşdirilməsi və tranzit imkanlarının artırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atırıq. Liman və logistika mərkəzlərinin modernləşdirilməsi, rəqəmsal həllərin tətbiqi kimi layihələr bu əməkdaşlığın bariz nümunələridir”, - deyə Əli Əsədov vurğulayıb.