Görülmüş tədbirlər nəticəsində son üç ildə Orta Dəhliz üzrə tranzit yük həcmləri təxminən 90 faiz artıb. Bu da, onun səmərəliliyini və artan aktuallığını nümayiş etdirir. Bununla yanaşı, dəhliz üzrə yük daşımaların tranzit müddəti əhəmiyyətli dərəcədə azalaraq 15 günə enib. SİA xəbər verir ki, bu sözləri Azərbaycanın Baş naziri Əli Əsədov V İpək Yolu Beynəlxalq Forumundakı çıxışı zamanı söyləyib.Hökumət başçısı deyib ki, Azərbaycan və Gürcüstan təkcə fiziki infrastrukturun deyil, həm də inzibati və hüquqi mexanizmlərin təkmilləşdirilməsinə xüsusi diqqət yetirir.“Biz beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq şəraitində vahid tarif siyasətinin formalaşdırılması, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi, multimodal daşımaların təşviqi istiqamətində mühüm addımlar atırıq. Bunun təsdiqi olaraq bu ayın əvvəlində Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolu operatorları Orta Dəhliz üzrə daşımalar üçün vahid uzunmüddətli tarifin tətbiqinə dair razılıq əldə ediblər.Bundan əlavə, tərəflər liman, dəmir yolu və logistika infrastrukturunun təkmilləşdirilməsi, mövcud darboğazların aradan qaldırılması, rəqəmsallaşdırmanın genişləndirilməsi və dəhlizin ötürücülük qabiliyyətinin artırılması üçün birgə addımlar atmağa razılaşıblar. Əminik ki, birgə səylərimiz regionun nəqliyyat və logistika potensialının tam reallaşdırılmasına, ticarət dövriyyəsi və investisiya axınının artmasına, habelə Avrasiya məkanında iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verəcək”, - deyə Əli Əsədov bildirib.