PDF Oxu

Siyasət

  • 857

Qardaşlıq körpüsü: Prezident İlham Əliyevin “Kazinform” müsahibəsi yeni səhifə açdı - ŞƏRH

image

18 oktyabr 2025-ci il... Bu tarix təkcə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümü deyil, həm də regionda qardaşlıq, birgə gələcək və yeni əməkdaşlıq fəslinin açıldığı gündür.

Həmin gün Prezident İlham Əliyev Qazaxıstanın tanınmış “Kazinform” agentliyinə verdiyi müsahibə ilə həm keçmişi yada saldı, həm bu günü dəyərləndirərək gələcəyə baxışını bölüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın aparıcı informasiya agentliyi olan “Kazinform”-a eksklüziv müsahibəsi onu deməyə əsas verir ki, Azərbaycan–Qazaxıstan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur. Dövlət başçısının bu müsahibəsi Azərbaycan–Qazaxıstan münasibətlərinin dərinləşməsi, regionda strateji əməkdaşlıq və türk dünyasında birliyin güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlər tarixi qardaşlıq, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır: “Bizim əlaqələrimiz təkcə siyasi maraqlara deyil, ortaq köklərə, mənəvi yaxınlığa və xalqlarımız arasındakı sarsılmaz dostluğa söykənir. Azərbaycan və Qazaxıstan bugün türkdilli dövlətlər arasında əməkdaşlığın nümunəsini yaradır. Bu müsahibə sadəcə diplomatik bəyanat deyildi — o, iki türk xalqı arasında körpü rolunu oynayan siyasi mesaj, həm də regionun gələcək xəritəsini formalaşdıran strateji baxış idi. Prezident İlham Əliyevin sözlərində rəsmi terminlərdən daha çox səmimiyyət vardı. O, Azərbaycanla Qazaxıstan münasibətlərini “tarixi qardaşlıq və etimad üzərində qurulan münasibətlər” adlandırdı.

Bu ifadə əslində bir gerçəyi xatırladır: bizim xalqlar arasında münasibətlər rəsmi sazişlərdən çox-çox əvvəldən — sözün, sazın, dilin və inamın gücü ilə formalaşıb. Bu gün isə həmin mənəvi bağlar strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Artıq Azərbaycanla Qazaxıstan təkcə dost deyil, birləşmiş maraqlara malik tərəfdaşlardır.

Dövlət başçısı vurğulayıb ki, ikitərəfli münasibətlərin bugünkü səviyyəsi uzunmüddətli və davamlı əməkdaşlıq strategiyasının nəticəsidir. Prezident İlham Əliyev yaxın vaxtlarda Astana şəhərində keçiriləcək Azərbaycan–Qazaxıstan Yuxarı Dövlətlərarası Şurasının ikinci iclasının əhəmiyyətindən bəhs edib. Bu format iki ölkə arasında qəbul edilmiş qərarların koordinasiyalı şəkildə həyata keçirilməsinə və əməkdaşlığın institusional əsasda möhkəmləndirilməsinə xidmət edir. Şura çərçivəsində ticarət, enerji, nəqliyyat və ekoloji məsələlər üzrə yeni sazişlərin imzalanacağı gözlənilir.

Prezident İlham Əliyev müsahibəsində “Orta Dəhliz”i təkcə nəqliyyat layihəsi kimi deyil, “xalqları birləşdirən strateji damarı” kimi dəyərləndirdi. Bu, təkcə Bakıdan Astanaya gedən yol deyil — bu, Türk dünyasının mərkəzini birləşdirən qəlb yoludur. Bugün Xəzərin sahillərindən keçən bu dəhliz Asiyadan Avropaya, türk dünyasından beynəlxalq iqtisadiyyata açılan qapıdır.

Prezident İlham Əliyevin fikirləri göstərdi ki, Azərbaycan bu dəhlizin təkcə coğrafi deyil, mənəvi və iqtisadi mərkəzinə çevrilməkdədir. Prezident İlham Əliyev xüsusilə “Orta Dəhliz”in (Transxəzər nəqliyyat marşrutu) əhəmiyyətini vurğulayaraq bildirib: “Orta Dəhliz təkcə nəqliyyat marşrutu deyil, həm də Avrasiyanın iqtisadi inteqrasiyasını təmin edən strateji damardır. Azərbaycan və Qazaxıstan bu dəhlizin əsas sütunlarıdır.” Bu istiqamətdə liman infrastrukturlarının modernləşdirilməsi, yükdaşımaların həcminin artırılması və gömrük prosedurlarının optimallaşdırılması kimi layihələr həyata keçirilir. Türk dünyasında birliyin möhkəmləndirilməsində xüsusi rolu olan Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsini əsas prioritetlərdən biri olduğunu qeyd edib.

Ekoloji məsələlər – Xəzər dənizinin qorunması da Prezidentin müsahibəsinin diqqətçəkən məqamlarından biri olub. Xəzər dənizinin ekoloji vəziyyəti ilə bağlı danışaraq Dövlət başçısı dənizin səviyyəsinin azalmasını regional təhlükəsizlik məsələsi kimi qiymətləndirib və sahilyanı ölkələrin bu istiqamətdə birgə fəaliyyət göstərməsinin vacibliyini qeyd edib. Prezident İlham Əliyev vurğulayıb ki, “Xəzər dənizi təkcə təbii sərvət deyil, həm də region xalqlarını birləşdirən mühüm ekosistemdir. Onun qorunması hər birimiz üçün ortaq məsuliyyətdir”.

Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsi onu göstərdi ki, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionları arasında strateji körpü rolunu oynayır. Enerji, nəqliyyat və təhlükəsizlik sahələrində həyata keçirilən birgə layihələr regionda sabitliyin və iqtisadi inkişafın əsas təminatçısıdır.

Prezident İlham Əliyevin diqqət çəkdiyi daha bir məsələ isə Xəzər dənizinin ekoloji vəziyyəti idi. Prezident İlham Əliyev haqlı olaraq dedi ki, dənizin səviyyəsinin azalması yalnız təbiət hadisəsi deyil, bu, insan məsuliyyətinin göstəricisidir. Çünki Xəzər həm Azərbaycan, həm də Qazaxıstan üçün sərvət deyil, həyat damarıdır. Bu fikirlər bir daha göstərdi ki, Azərbaycanın dövlət siyasətində ekoloji məsuliyyət də milli maraqlar qədər vacibdir.

Prezident İlham Əliyevin “Kazinform” müsahibəsi bir növ regionun gələcək yol xəritəsi idi. Burada təkcə diplomatiya yox idi, həm də dərin düşüncə və uzaqgörən lider baxışı vardı. Azərbaycan və Qazaxıstan təkcə iqtisadi müttəfiqlər deyil — onlar ortaq tarixin və mədəniyyətin daşıyıcılarıdır. Bu müsahibə bir daha sübut etdi ki, iki ölkə arasında körpülər artıq sadəcə sazişlərlə deyil, etimad və qardaşlıqla möhkəmlənir.

Əslində, Prezident İlham Əliyevin bu müsahibəsində ifadə olunan hər fikir, hər cümlə bir geosiyasi xəritədir. Azərbaycanın diplomatik dili səmimiyyətlə, strateji baxışı isə reallıqla tamamlanır.

Prezident İlham Əliyevin Kazinform agentliyinə verdiyi müsahibə bir daha sübut edir ki, Azərbaycan və Qazaxıstan əlaqələri qardaşlıqdan strateji müttəfiqliyə yüksəlmişdir. Bu münasibətlər yalnız iki ölkə üçün deyil, həm də bütün türk dünyası və Avrasiya regionu üçün yeni əməkdaşlıq modelinin formalaşmasına zəmin yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə həyata keçirilən uzaqgörən siyasət regionda sabitliyin, birliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.

Azərbaycan və Qazaxıstan mədəni, humanitar və təhsil sahələrində də birgə proqramlar həyata keçirir. Qazaxıstanda keçiriləcək “Azərbaycan Mədəniyyəti Günləri” və elm sahəsində əməkdaşlıq layihələri bu istiqamətdə atılmış mühüm addımlardandır. Prezident İlham Əliyev onu da vurğulayıb ki, “Türk dünyasının birliyi və həmrəyliyi gələcəyimizin əsas dayağıdır. Biz ortaq tariximizə, dilimizə və dəyərlərimizə söykənərək güclü əməkdaşlıq platforması qururuq”. Türk birliyi – gələcəyin təməlidir. Bu birliyin əsasında tarix, dil və dəyərlər dayanır”. Əslində, bu, XXI əsrdə türk xalqlarının ortaq gələcəyinə inamın siyasi ifadəsidir. Azərbaycanla Qazaxıstan bu birliyin iki sütununu təşkil edir. Birində söz və saz mədəniyyəti, digərində bozqır və dədə mirası dayanır.

Bu gün Bakı ilə Astananı birləşdirən yol həm də - tarixin, mədəniyyətin və türk ruhunun yoludur. Və bu yolun adı Prezident İlham Əliyevin dediyi kimi, “qardaşlıq və etimad yoludur.”

İlhamə Qəsəbova

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər