PDF Oxu

Siyasət

  • 1 266

Əməkdaşlığın inkişafı mühüm əhəmiyyət kəsb edir

image

Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soykökə malikdir. Azərbaycan-Qazaxıstan münasibətləri Sovet İttifaqı dağıldıqdan sonra da yüksələn xətlə inkişaf edir. Həmçinin hər iki dövlət Xəzəryanı ölkələr kimi ortaq su sərhədinə malikdir.

Dövlət başçısı İlham Əliyevin oktyabrın 20-də Qazaxıstana dövlət səfəri iki dost, müttəfiq ölkənin münasibətlərinin dünəninə işıq salaraq perspektivləri açıqladı. “Əvvəlcə qardaş Qazaxıstana dövlət səfərinə dəvətinizə, həmçinin qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istərdim. Azərbaycanın ünvanına söylədiyiniz xoş sözlərə görə sağ olun. Biz qardaş Qazaxıstan xalqına münasibətdə də eyni hissləri bölüşürük” söyləyən dövlət başçısı İlham Əliyev onu da vurğuladı ki, bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik. Tərəfdaşlığımızın möhkəmləndirilməsi üçün yeni addımları müəyyən edəcəyik.
Xalqlarımız arasında münasibətlərin böyük tarixi var və bu münasibətlər həmişə qardaşlıq nümunəsi olub. Bu gün gələcəyimizi bu möhkəm təməl üzərində qururuq. Müxtəlif strukturlar arasında imzalanan sənədlər gələcək barədə aydın təsəvvür yaradır.
Humanitar sahədə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri, Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri təşkil edilir. Bu, xalqlarımızı daha da yaxınlaşdırır, qədim tariximizi və mədəniyyətimizi daha da zənginləşdirir.
Sözügedən səfər zamanı Prezidentlərin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirildi. Cənab İlham Əliyev çıxışında vurğuladı ki, ikitərəfli gündəliyin bir çox məsələsi, həmçinin regional məsələlər, beynəlxalq siyasət mövzuları üzrə fikir mübadiləsi aparmaq imkanına malik olduq. Müzakirə edilən mövzular üzrə mövqelərin tam uyğun gəlməsi, həmçinin müttəfiqlik qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə istiqamətlənmək sevindirici haldır. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, iqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsi üzrə ciddi nailiyyətlər əldə olunub, əmtəə dövriyyəsi artır və bu, təbii ki, bizi çox sevindirir. Təsis etdiyimiz Birgə İnvestisiya Fondu da böyük potensiala malikdir. Artıq həyata keçirilmə mərhələsində olan bir neçə layihə mövcuddur və konkret layihələrin nəzərdən keçirilməsi, Birgə İnvestisiya Fondu mexanizmi ilə müştərək maliyyə ilə bağlı təkliflər var.
Məlumdur ki, cənab İlham Əliyev səfərdən öncə, oktyabrın 18-də “Kazinform” agentliyinə müsahibə verdi. Dövlətimizin başçısı həmin müsahibədə də son illər Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın inkişafından bəhs edərək bildirdi ki, Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir. İqtisadi-ticari qarşılıqlı fəaliyyətin davamlı artımını məmnunluqla qeyd edirik. Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkün olub.
Ölkəmizdə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Bu, investisiya mühitinə yüksək etimadı təsdiq edir və iqtisadi qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır. Bununla yanaşı, Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir.
Həm dövlət başçısı İlham Əliyevin sözügedən müsahibəsi, həm də səfər çərçivəsində keçirdiyi görüşlər, mətbuata bəyanatları iki ölkənin yüksələn xətlə inkişaf edən münasibətlərinin təqdimatı oldu. Qazaxıstan Prezidenti mətbuata bəyanatında bildirdi ki, ölkələrimiz ümumi köklərə və tarixə malikdir. Azərbaycan Qazaxıstanın mühüm etibarlı strateji tərəfdaşıdır. Bu gün münasibətlərimiz sabit inkişaf edir. Dövlətlərarası əlaqələrimizin möhkəmlənməsinə xüsusi diqqət yetiririk. Xalqlarımız arasında dostluğun gələcəkdə də hərtərəfli möhkəmlənməsi və müxtəlif sahələrdə əməkdaşlığa yeni təkan verilməsi əsas məqsəddir. Bu, iki ölkənin köklü maraqlarına uyğundur. Səfər Qazaxıstan-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə kömək edəcək.

Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri

Digər xəbərlər