PDF Oxu

Siyasət

  • 659

Azadlıqdan inkişaf yoluna aparan addımlar

image

Qubadlı rayonu Azərbaycanın qəhrəmanlıq salnaməsində özünəməxsus yeri olan, təbiəti, tarixi və zəhmətkeş insanları ilə seçilən qədim bir diyardır. Bu rayonun taleyinə uzun illər həsrət, işğal və nəhayət, azadlıq yazılıb. 2020-ci ilin 25 oktyabr tarixi Qubadlının və bütövlükdə Azərbaycanın tarixində unudulmaz gün kimi qalacaq. Məhz həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Qubadlı şəhərini düşmən tapdağından azad etdi. Bu hadisə yalnız bir şəhərin azadlığı deyil, həm də 27 illik həsrətin, ədalətsizliyin və işğalın sonu, xalqımızın əzminin və birliyinin təntənəsi idi. İllərlə doğma yurdlarından didərgin düşən minlərlə qubadlılı azadlıq xəbərini qürurla qarşıladı. Qubadlının azad edilməsi ilə bu torpaqlar yenidən öz sahiblərinə qayıtdı. Hazırda dövlətin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində Qubadlıda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Qubadlıda həyat yenidən canlanır, torpaqlar becərilir, kənd təsərrüfatı və iqtisadi fəaliyyət bərpa edilir. Bu torpaq artıq öz əsl sahiblərinin əlləri ilə dirçəlir. Qubadlının azad olunması Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu.
1993-cü ildə işğala məruz qalan Qubadlı 27 il düşmən tapdağı altında qaldı. Lakin xalqımız heç vaxt bu torpaqları unutmadı, “Qubadlısız Azərbaycan natamamdır” deyərək azadlıq ümidini qorudu. 2020-ci ildə baş verən Vətən müharibəsi bu ümidləri reallığa çevirdi. Qubadlının azad edilməsi həm strateji, həm də mənəvi baxımdan mühüm əhəmiyyət daşıyırdı. Bu qələbə Azərbaycanın ümumi Zəfər salnaməsinə qızıl hərflərlə yazıldı. Qubadlının azad edilməsi Vətən müharibəsinin gedişində mühüm mərhələ oldu. Bu qələbə Azərbaycanın cənub-qərb istiqamətində üstünlüyünü möhkəmləndirdi və ümumi Zəfəri daha da yaxınlaşdırdı. Qubadlının azad olunması ilə Ordumuz Şuşaya doğru irəliləmək üçün strateji mövqelər əldə etdi. Həmin günlərdə Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi “Qubadlı bizimdir!” kəlmələri hər bir azərbaycanlının qəlbində qürur və sevinc hissi yaratdı.
Qubadlı rayonunun ümumi torpaq sahəsi 79.812 hektardır. Bu torpaqlarda kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün münbit şərait vardır. Eləcə də rayon ərazisi təbii ehtiyatlar baxımından çox zəngindir. Uzun illər işğal altında qaldığı dövrdə bu torpaqlar istifadəsiz qaldı, təbii sərvətlər talan edildi. Lakin azadlıqdan sonra bu torpaqlar yenidən canlanmağa başlayıb. Dövlətin dəstəyi ilə torpaq sahələrinin bərpası, meliorasiya və irriqasiya işləri aparılır, kənd təsərrüfatı infrastrukturu yenidən qurulur. Qubadlının 27 illik işğal dövründə rayon tamamilə dağıdılmışdı. 94 kənd və şəhər mərkəzi yerlə-yeksan edilmiş, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, tarixi abidələr məhv edilmişdi. Qubadlıda təbiətə də ağır zərbə vurulmuş, meşələr qırılmış, torpaqlar yandırılmışdı. Lakin bütün bu dağıntılara baxmayaraq, bu gün Qubadlı yenidən dirçəlir. Azad torpaqlarda həyat qayıdır, infrastruktur bərpa olunur, yeni mədəniyyət və təhsil müəssisələri inşa edilir.
Qubadlının azadlığı uğrunda döyüşən hərbçilərin qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirildi. Prezident İlham Əliyevin 2020-ci il 26 noyabr tarixli fərmanı ilə “Qubadlının azad olunmasına görə” medalı təsis olundu. Bu medal Qubadlının azad edilməsi uğrunda igidlik göstərmiş Azərbaycan Ordusunun hərbi qulluqçularına təqdim edildi. Bu mükafat həm qəhrəmanların şücaətinə, həm də Azərbaycanın tarixində yazılan Zəfər səhifəsinə verilən dəyər idi.
Bu gün Qubadlının Mahruzlu və Zilanlı kəndlərində böyük bərpa işləri həyata keçirilir. Müasir “ağıllı kənd” konsepsiyası əsasında salınan bu yaşayış məntəqələrində müasir evlər, məktəblər, sosial obyektlər və kommunikasiya xətləri tikilir. Qubadlının yeni siması qurulur və bu sima müasir, güclü, abad Azərbaycanın rəmzinə çevrilir. 25 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıya səfər etdilər. Bu səfər zamanı bir sıra mühüm layihələrin təməli qoyuldu və açılış mərasimləri keçirildi. Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimi, “Qubadlı” yarımstansiyasının açılışı, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin istifadəyə verilməsi, eləcə də Qubadlı rayon ictimaiyyəti ilə görüş bu torpaqlarda həyatın yenidən bərpasına start verdi. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Qubadlının bərpası Azərbaycanın ümumi dirçəliş proqramının tərkib hissəsidir və yaxın illərdə bu bölgə Cənubi Qafqazın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri

Digər xəbərlər