Azərbaycanın hər bir guşəsi Vətənimizin ayrılmaz bir parçasıdır. Bu torpaqların hər biri tariximizin, mədəniyyətimizin və milli kimliyimizin daşıyıcısıdır. Qubadlı da həmin müqəddəs torpaqlardandır. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Qubadlı rayonu 27 il həsrət içində yaşadı. Bu illər ərzində qubadlılılar doğma yurdlarına qayıdacağı günün ümidi ilə yaşadılar.
2020-ci il 44 günlük Vətən müharibəsi həmin ümidləri gerçəyə çevirdi. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəmanlıq göstərərək düşməni torpaqlarımızdan qovdu. 25 oktyabr 2020-ci ildə Qubadlının azad edilməsi xəbəri hər bir azərbaycanlının qəlbini qürur və sevinc hissi ilə doldurdu. O gün Azadlığın səsi məhz Qubadlıdan ucaldı, Vətən torpaqlarının azadlığı uğrunda döyüşən igidlərimizin qəhrəmanlığı tarixə yazıldı. Qubadlının azad olunması təkcə bir rayonun deyil, bütün Azərbaycanın azadlıq salnaməsində parlaq səhifədir. Bu qələbə xalqımızın birliyinin, ordumuzun gücünün və rəhbərliyimizin müdrik siyasətinin nəticəsidir.
Qubadlı torpaqları indi yenidən dirçəlir, yollar, evlər, məktəblər və mədəniyyət ocaqları bərpa olunur. Doğma yurdlarına qayıdan insanlar bu torpaqlarda həyatın səsini, azadlığın nəfəsini yenidən duyurlar. Bu gün Qubadlıda yeni həyat başlanır. Azadlıqla nəfəs alan bu torpaqlarda yenidənqurma və quruculuq işləri geniş vüsət alıb. Müasir infrastruktur layihələri, yeni yaşayış məhəllələri, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri inşa olunur. Qubadlının hər qarışı indi gələcəyə doğru addımlayan güclü Azərbaycanın rəmzinə çevrilib.
Qubadlının azadlığı həm də vətənpərvərliyin, milli birliyin və mübarizə əzminin təntənəsidir. Hər bir azərbaycanlı bu qələbə ilə fəxr edir, çünki bu zəfərin arxasında xalqın iradəsi, ordumuzun rəşadəti və şəhidlərimizin müqəddəs qanı dayanır. Onların xatirəsi daim qəlbimizdə yaşayacaq, gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsi olacaq. Azadlığın səsi Qubadlıdan ucaldı və bu səs bütün Azərbaycan boyu yayıldı. O səs bizə Vətənin qiymətini, torpağın müqəddəsliyini və birlikdən doğan gücü xatırladır. Məhs Qubadlının dirçəlişi Azərbaycanın gücünün, xalqımızın əzminin və azadlıq sevgisinin ən parlaq sübutudur. Bu səs indi hər dağdan, hər dərədən, hər ağacdan gəlir “Mən azadam!” deyə hayqıran Qubadlı torpaqlarından. Vətən torpaqlarında ucalan bu azadlıq səsi heç vaxt susmayacaq, çünki bu səs millətin ruhudur, Azərbaycanın qalib ruhudur.
Qubadlının hər bir kəndi, hər bir küçəsi indi yenidən həyatla dolur. Uşaqlar oynayır, məktəblər zəng çalır, insanlar torpaqla, işlə və sənətlə məşğuldur. Hər kəs bilir ki, bu azadlıq sadəcə bir ərazi uğrunda deyil, gələcək nəsillərin təminatı, milli qürurun və dövlətimizin möhkəmlənməsinin simvoludur. Hər qarış torpaq, hər yüksəklik indi tariximizdə qürurla anılır və gələcək nəsillərə əbədi bir xatirə olaraq qalır. Azadlığın səsi Qubadlıdan ucaldı və o səs artıq susmayacaq. O, hər zaman bizə xatırladacaq: Vətən sevgisi, birlik və qürur hər birimizin ürəyində yaşayır və bu torpaqları əbədi qoruyacaq.
Həsənova ARZU
YAP Ağcabədi rayon təşkilatının gənc fəalı