PDF Oxu

Siyasət

  • 1 148

Tarixi Zəfərin şanlı səhifəsi

image

Prezident İlham Əliyevin 31 iyul 2024-cü il tarixli Sərəncamına əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü qeyd olunur. Bu əlamətdar günün təsis edilməsi Qubadlı rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Oktyabrın 25-də Qubadlının azad edilməsindən 5 il ötür.

Qubadlının azad olunması Azərbaycan xalqının, ordusunun və rəhbərliyinin birliyinin, həmrəyliyinin parlaq təzahürüdür. 25 oktyabr 2020-ci ildə Müzəffər Azərbaycan Ordusu Qubadlını işğaldan azad edərək 30 ilə yaxın bir müddətdən sonra üçrəngli bayrağımızı bu torpaqlarda dalğalandırdı. Bu, həm tarixi ədalətin bərpası, həm də dövlətimizin qüdrətinin təntənəsi idi.
Qubadlı rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Qarabağ yaylasının cənub-şərqində, strateji baxımdan çox mühüm ərazidə yerləşən Qubadlı qədim tarixi, mədəni irsi, zəngin təbiəti və təbii sərvətləri ilə fərqlənir. Rayonun ərazisində çoxsaylı maddi-mədəniyyət nümunələri, tarixi və dini abidələr mövcuddur. Ermənistanla 120 kilometrlik sərhədi olan Qubadlı həm coğrafi mövqeyinə, həm də iqtisadi potensialına görə ölkəmizin mühüm bölgələrindəndir. Həkəri və Bərgüşad çaylarının sahillərində yerləşən bu torpaqlar tarixən kənd təsərrüfatı və təbii ehtiyatlarla zəngin olub.
1988–1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Qubadlı rayonu 31 avqust 1993-cü ildə tamamilə işğal olunmuşdu. Bu dövrdə dinc əhali doğma yurdlarından didərgin salınmış, rayon ərazisində qanunsuz məskunlaşma aparılmışdı. Ermənistan Cenevrə konvensiyalarına zidd olaraq Qubadlının kəndlərində, xüsusilə də Xanlıqda qanunsuz qəsəbə salmışdı. Lakin Azərbaycan xalqı heç vaxt bu işğalla barışmadı. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan Vətən müharibəsi nəticəsində Qubadlı yenidən azad edildi. Qubadlının azad olunması müharibənin strateji dönüş nöqtələrindən biri idi. Sentyabrın 27-də başlanan əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da təsis edilən “Qubadlının azad olunmasına görə” medalı isə qəhrəman əsgər və zabitlərimizin şücaətinə verilən ən yüksək dəyər idi.
Bu gün Qubadlı rayonunda bərpa və yenidənqurma işləri geniş vüsət alıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Qubadlıda yeni həyat qurulur. Artıq Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, eləcə də Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Bu, dövlətimizin azad olunmuş torpaqlarda həyatın bərpasına verdiyi böyük önəmin göstəricisidir.
Qubadlının azad olunması tarixi Zəfər salnaməmizin şanlı səhifəsidir. Bu gün Qubadlıda həyata keçirilən nəhəng quruculuq işləri, bərpa olunan həyat, köç prosesinin başlanması xalqımızın gücünü, dövlətimizin möhkəmliyini nümayiş etdirir. Qubadlı yaxın illərdə tam bərpa olunaraq yenidən çiçəklənən, müasir infrastrukturla təmin edilmiş gözəl bir diyar kimi formalaşacaq. Qubadlı şəhəri günü təkcə bir rayonun deyil, bütün Azərbaycanın qürur və birlik günüdür. Qubadlının azad olunması xalqımızın əzmini, iradəsini və mübarizə ruhunu simvolizə edir. Bu torpaqlarda yenidən doğulacaq həyat gələcək nəsillər üçün qürur mənbəyi olacaq.

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri

Digər xəbərlər