Mətləb Salahov: ”Ağ Ev rəhbəri dünya qarşısında ciddiliyini sübut etmək üçün Rusiya iqtisadiyyatına ölümcül sanksiya zərbəsi hazırlayır”
“Son beş-altı ay ərzində Vladimir Putin Donald Trampın onunla razılaşacaq sadəlövh, amma qazanc naminə bir çox məsələyə göz yuman ABŞ prezidenti olduğunu düşünürdüsə, artıq bu məsələdə də vəziyyət dəyişib. İndi Kreml rəhbəri ABŞ-dakı həmkarına münasibətdə artıq heç bir “dostluğa”, mövqe birliyinə bel bağlaya bilməz. Çünki artıq D.Tramp da V.Putinin sadəlövhcəsinə aldatdığı prezident obrazından çıxmağa başlayıb. Daha Avropadakılar onu KQB generalının əlində oyuncaq olan milyarder prezident də adlandıra bilməz. Ona görə ki, prezidentliyinin ilk günündən üzü bəri V.Putin tərəfindən aldadılan D.Tramp bütün dünyaya özünün ciddiliyini və supergüc olduğunu sübut etmək üçün Rusiyanı dizə gətirəcək addımlara hazırlaşır. Artıq hədəf Rusiya iqtisadiyyatının çökdürülməsidir.
Dünya siyasətində fırtına kimi əsən ABŞ prezidentinin Rusiya məsələsində yumşaqlıq göstərib özünü hörmətdən salması artıq ən yaxın ətrafı tərəfindən də qəbuledilməz sayılır”.
Bu fikirləri SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, hazırkı ana qədər dünyadakı əksər münaqişələri bitirdiyini idda edən ABŞ prezidentinin Ukrayna müharibəsini bitirə bilməməsi və ən pisi isə V.Putin tərəfindən dəfələrlə aldadılması D.Tramp üçün “qırmızı cizgidir”.
“Budapeştdə V.Putinlə görüşü təxirə salan D.Tramp Avropadakı müttəfiqlərinin də təkidi ilə Rusiya əleyhinə ölümcül sanksiya paketi hazırlayır. Bu qərar həm də D.Trampla V.Putin arasındakı “pis zarafatın” bitdiyi anlamına gəlir.
Artıq zarafat vaxtı keçib. İndiyə qədərki yüngül sanksiyalarla V.Putinin istehzalı atmacalarından başqa heç nə qazanmayan rəsmi Vaşinqton, bu dəfə Rusiya rəhbəri ilə bağlı bütün “pis zarafatları” kökündən alt-üst edəcək tədbirlər görməkdə qərarlıdır. İlk növbədə Moskvanı enerji mühasirəsinə salmaq, iri alıcı dövlətləri Rusiya enerjisindən çəkindirmək, habelə Moskvanı bu vaxta qədər Qərbə qarşı sahib olduğu mühüm rıçaqlardan məhrum etmək əsas hədəfdir. Düzdür, cavabında V.Putin də ABŞ və qoca qitəni hədələyən fikirlər səsləndirib - əlbəttə, hərbi cavab zərbəsini nəzərdə tutaraq. Lakin D.Trampın ölümcül iqtisadi sanksiyaları daha real görünür, nəinki V.Putinin hərbi hədələri”.
Ayşən Vəli