"Ermənistanın yaxın vaxtlarda sülh prosesinə dair hər hansı yeni və real addımlar atacağı gözlənilmir. Mövcud vəziyyətə nəzər salsaq, bunun əsas səbəblərindən biri ondan ibarətdir ki, indiyə qədər sülh prosesi Azərbaycanın təşəbbüsü və prinsipial mövqeyi əsasında formalaşıb". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev SİA-ya açıqlamasında bildirib.Onun sözlərinə görə, Ermənistan bu prosesdə əsasən reaktiv mövqe tutub, yəni Azərbaycanın irəli sürdüyü təkliflərə cavab verməklə kifayətlənib: "Bu isə onu göstərir ki, Ermənistan sülh prosesində təşəbbüskar tərəf olmayıb və atdığı addımlar da daha çox beynəlxalq təzyiqlərin və ya diplomatik zərurətlərin nəticəsi olub. Hazırkı mərhələdə isə vəziyyət tamamilə fərqlidir. Azərbaycan artıq sülh prosesinin fəal təşəbbüskarı kimi öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib və sülh sazişinin mətninin hazırlanması mərhələsi başa çatıb. Hər iki tərəf bu mətnin ilkin variantını razılaşdırıb və təsdiqləyib. Bu, əslində sülh prosesində tarixi bir mərhələnin sonuna yaxınlaşdığımızı göstərir. İndi əsas məsələ sazişin imzalanmasıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, ölkə bu sənədi imzalamağa tam hazırdır və sülhün təmin olunması istiqamətində heç bir maneə yaratmır.Lakin Ermənistan tərəfi hələ də sülh sazişini imzalamağa hazır deyil. Bunun başlıca səbəbi Azərbaycanın irəli sürdüyü və sazişin imzalanması üçün vacib sayılan tələblərin hələ də yerinə yetirilməməsidir. Bu tələblər arasında ən mühüm məsələlərdən biri Ermənistanın konstitusiyasına dəyişiklik edilməsidir. Belə ki, hazırkı Ermənistan Konstitusiyasında hələ də Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar, xüsusən də keçmiş “Dağlıq Qarabağ”la bağlı müddəalar mövcuddur. Bu müddəalar sülh sazişinin ruhuna və əsas prinsiplərinə ziddir, çünki Ermənistanın öz konstitusiyasında qonşu ölkənin ərazisinə iddia irəli sürməsi beynəlxalq hüququn əsas prinsiplərini pozur. Ermənistan rəhbərliyi isə bəyan edib ki, konstitusiyanın dəyişdirilməsi yalnız 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərindən sonra mümkün ola bilər. Yəni, indiki siyasi və hüquqi çərçivədə hökumətin bu məsələdə qısa müddətdə hər hansı ciddi addım atmaq imkanı yoxdur. Bununla da Ermənistan faktiki olaraq sülh prosesinin uzanmasına, regionda sabitliyin gecikməsinə səbəb olur. Bu baxımdan parlament seçkilərinə qədər Ermənistandan sülhlə bağlı hər hansı bir addımın atılması gözlənilmir".
Müəllif: Arzu Qurbanlı