“Beş il əvvəl, 2020-ci ilin payızında Azərbaycanın Bərdə şəhəri və onun Qarayusifli kəndi XXI əsrin ən dəhşətli hərbi cinayətlərindən birinə məruz qaldı. 27 və 28 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələri müharibə zonasından onlarla kilometr uzaqda yerləşən Bərdəyə “Smerç” tipli, klaster sursatlarla təchiz olunmuş raketlər atdı. Nəticədə 27 oktyabrda Qarayusifli kəndində 5 nəfər həyatını itirdi, onlarla insan yaralandı.
Ertəsi gün, 28 oktyabrda isə Bərdə şəhərinin mərkəzinə atılan raketlər nəticəsində 21 mülki şəxs həlak oldu, 70-dən çox insan yaralandı. Ölənlər arasında uşaqlar, qadınlar və yaşlılar da var idi. Raketlər yaşayış binalarını, ticarət obyektlərini, nəqliyyat vasitələrini və insanların gündəlik həyatının bir parçası olan küçələri yerlə yeksan etdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.Deputat bildirib ki, bu hadisə beynəlxalq humanitar hüququn ən ağır şəkildə pozulması idi: “Bərdə nə cəbhə xəttində idi, nə də orada hərbi obyektlər mövcud idi. Hücumların yeganə məqsədi dinc əhali arasında qorxu və çaşqınlıq yaratmaq, Azərbaycanın xalqının iradəsini sarsıtmaq idi.Azərbaycan bu hücumu terror aktı, mülki əhalinin qəsdən hədəfə alınması kimi qiymətləndirdi. BMT, Avropa Parlamenti və beynəlxalq hüquq müdafiə təşkilatları hadisəni araşdırmaq çağırışları etsə də, cinayəti törədənlər uzun müddət cəzasız qaldılar. Halbuki, Bərdə terroru təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin yaddaşında mülki insanların toxunulmazlığının tapdandığı bir simvoldur.Bərdə hadisələrindən sağ qalanların xatirələri bu faciənin ölçüsünü ən yaxşı ifadə edir. Uşaqlar anasız, valideynlər övladsız qaldı. Qısa bir anda dinc bir şəhərin sakitliyi qan və alova büründü. O gün insanlar ticarət mərkəzinə, bazara, aptekə, adi gündəlik işlərinə gedərkən, bir anın içində ölümün qurbanı oldular.
Ancaq bərdəlilər və bütövlükdə xslqımız bu faciə qarşısında sarsılsa da, diz çökmədi.Bərdə terroru beynəlxalq hüququn, xüsusən də Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması idi. Bu konvensiyalar aydın şəkildə bildirir ki, müharibə zamanı mülki şəxslərin, məktəblərin, xəstəxanaların və yaşayış zonalarının hədəfə alınması müharibə cinayətidir.Bu gün, beş il sonra, Bərdə və Gəncə şəhərlərinə raket hücumları əmri verən şəxslər artıq Azərbaycan ədalət məhkəməsinin qarşısındadırlar. 2020-ci ilin payızında onlarla mülki insanın ölümünə, yüzlərlə ailənin dağılmasına səbəb olan bu əmrlərin məsuliyyətini daşıyan əsas fiqurlar saxlanılaraq Bakıya gətirilib.Əsas təqsirlilərdən biri, Araik Harutyunyan - o dövrdə Xankəndidə separatçı, qondarma rejimin “rəhbəri” olan şəxs - Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən 2023-cü ildə keçirilmiş xüsusi əməliyyat nəticəsində tutulub. O, hazırda mülki əhaliyə qarşı kütləvi qırğınların, o cümlədən Bərdə və Gəncə terrorunun təşkilatçısı kimi istintaq altındadır. Eyni zamanda, Ermənistan ordusunun raket bölmələrinə rəhbərlik edən zabitlər - Artashen Ajatyan, Ari Sargsyan, Vazgen Vardanyan və Tigran Vardanyan - də Bərdə və Gəncə hücumlarının icrasında birbaşa iştiraklarına görə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb olunublar. Bu fakt yalnız qisasın yox, ədalətin təntənəsidir. Azərbaycan dövləti bir daha göstərdi ki, cinayət törədən istənilən şəxs, harada və kimliyindən asılı olmayaraq, gec-tez məhkəmə qarşısında cavab verəcək.Bu gün Bərdə təkcə kədərin deyil, həm də dirənişin və həyat sevgisinin simvoluna çevrilib. Faciənin qurbanlarının xatirəsinə abidə ucaldılıb, dağıdılmış ərazilər bərpa olunub, şəhər yenidən canlanıb.
Bərdə terroru təkcə bir şəhərin faciəsi deyil, dinc insan həyatının müqəddəsliyinin sınağı, milli iradənin təcəssümü və ədalətin bərpası üçün səssiz anddır”.
Müəllif: Səbinə Hüseynli