"Bərdə terrorunun törədilməsindən 5 il ötür, lakin o günün dəhşətləri bu gün də hər bir azərbaycanlının yaddaşında canlıdır". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.Onun sözlərinə görə, 2020-ci ilin 28 oktyabr tarixində Ermənistan silahlı qüvvələri Bərdəyə “Smerç” tipli kaset bombaları ilə hücum edərək onlarla dinc sakinin həyatına son qoydu, yüzlərlə insanı yaraladı. Bu, təkcə müharibə cinayəti deyil, həm də insanlığa qarşı açıq terror aktı idi: "Bu hadisə Azərbaycan cəmiyyətində dərin psixoloji iz buraxdı, eyni zamanda xalqımızın birliyini və mübarizə əzmini daha da gücləndirdi. Hər kəs anladı ki, düşmən təkcə əsgərlə yox, xalqla da döyüşür, məqsədi qorxu yaymaq və müqaviməti sındırmaq idi. Amma əksinə, Bərdə faciəsi Azərbaycan xalqının bir yumruq kimi birləşməsinə, ordumuza və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyinə olan inamın daha da artmasına səbəb oldu. Strateji baxımdan bu hadisə Azərbaycanın müdafiə və təhlükəsizlik sistemində də ciddi dəyişikliklərə təkan verdi. Hərbi ekspert kimi qeyd etməliyəm ki, son beş ildə Azərbaycan təkcə döyüş meydanında deyil, informasiya və diplomatik cəbhədə də daha çevik və peşəkar yanaşma formalaşdırıb. Bərdə terroru göstərdi ki, mülki əhalinin qorunması, hava hücumundan müdafiə sistemlərinin daha da gücləndirilməsi, eləcə də beynəlxalq hüquqi mübarizə mexanizmlərinin aktivləşdirilməsi prioritet olmalıdır.Beynəlxalq səviyyədə isə təəssüf ki, həmin dövrdə bu terror aktı lazımi səviyyədə qiymətləndirilmədi. Bu, ikili standartların bir daha təzahürü idi. Lakin Azərbaycan indi öz həqiqətlərini daha güclü səs və faktlarla dünyaya çatdırır. Bərdə terrorunun sənədləşdirilməsi, beynəlxalq tribunalarda müzakirə olunması və günahkarların cəzalandırılması istiqamətində addımlar atılmalıdır. Bərdə faciəsi bir daha sübut etdi ki, Azərbaycan sülh istəyən, amma təhlükəsizliyini hər zaman qorumağa hazır dövlətdir. Bu hadisə həm hərbi, həm siyasi, həm də milli mənəvi baxımdan Azərbaycanın gələcək təhlükəsizlik konsepsiyasının formalaşmasında mühüm dönüş nöqtəsi oldu".
Müəllif: Ziya Hikmətoğlu