Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və 8 Noyabr Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar YAP Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər-Bərdə avtomobil yolununun kənarlarında ağacəkmə aksiyası keçirilib.
Aksiyada YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və rayon təşkilatının əməkdaşları, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP fəalları , Vətən Müharibəsi iştirakçıları, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, İƏD üzrə nümayəndələr, Bələdiyyə sədrləri və “DOST MMC”-nin işçiləri iştirak ediblər.
Aksiya çərçivəsində ərazidə 180 ədəd eldar şamı əkilib, əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.
Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildiyini bildirib. O, bu kimi aksiyaların rayon ərazisində mütəmadi olaraq davam etdiriləcəyini qeyd edib.