Prezident İlham Əliyev: "Beş ilə yaxındır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və azad olunmuş bütün torpaqlarda geniş quruculuq işləri gedir"
"Bütün Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq - qurduğumuz şəhərlər və kəndlər bunu göstərir". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşü zamanı bildirib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. Tariximizə yazılan Böyük Qaydışın ilk karvanı əzəli torpağımıza yol aldı. 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi ədaləti bərpa edərək, 30 ilə yaxın işğal altında olan torpaqları düşmən tapdığından azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə həyata keçirməyə imkan verdi. Azərbaycan Ermənistanın belini qırmaqla öz torpaqlarını düşmən tapdağından azad etdi. XXI əsrin müharibəsini aparan Azərbaycanın hərbi gücü, qüdrəti 44 günlük müharibə zamanında özünü göstərdi. Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən keçmiş məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaratmış oldu. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olundular. Bu sahədə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətləndi və ardıcıllıqla həyata keçirilib.
Bu gün "Böyük Qayıdış" konsepsiyasına uyğun olaraq kənd, qəsəbə və şəhərlərimiz abadlaşır. Mərhələli olaraq köç karvanları əzəli torpaqlara çatır. "Bu gün Ağalı və Məmmədbəyli kəndlərinin sakinləri üçün çox sevincli bir gündür. Ağalı kəndində əlavə 100 ailə yerləşəcək. Ağalının hüdudları demək olar ki, daha da böyük olur. Məmmədbəyli kəndində isə 180 ailə üçün gözəl evlər, yaraşıqlı binalar inşa edilib. Mən bilirəm ki, siz bu gün buraya gəlmisiniz. Hələ demək olar ki, yerləşməmisiniz. Ancaq əlbəttə ki, gələn günlər ərzində burada tam yerləşib öz doğma dədə-baba torpağında rahat, firavan həyat yaşayacaqsınız", - deyə Prezident bildirib.
44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunan ərazilərimizdə bu gün bayram ovqatı, sevinc hökm sürür. Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Bildiyimiz kimi, birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə etmiş oldu. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirildi. Yenidən qurulan Ağalı kəndi müasir tələblərə uyğun olaraq quruldu. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Bəli, artıq işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına qayıdırlar.
"BÖYÜK QAYIDIŞ" PROQRAMININ BAŞLANĞICINI DA ZƏNGİLAN RAYONUNDA QOYDUQ"
Prezident İlham Əliyev oktyabrın 28-də Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub.
12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 2 hektara yaxındır. Burada 104 mənzil inşa olunub. Binalardan 8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir. Hazırda binaların daxili bəzək işləri yekunlaşıb. Kompleksdəki binaların inşasında müasir memarlıq yanaşmaları əsas götürülüb. Ərazidə uşaq və idman meydançaları quraşdırılıb. Məhəllədə 6 yerüstü və yeraltı avtomobil dayanacağı var. Elektromobillər üçün enerjidoldurma məntəqəsi də nəzərdə tutulub. Yaşayış kompleksinin ərazisində yeraltı su anbarları tikilib, transformator da quraşdırılıb. Kompleks şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və parkın yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.
"Bu gün "Böyük Qayıdış"ın növbəti mərhələsidir. Bilirsiniz ki, biz "Böyük Qayıdış" Proqramının başlanğıcını da Zəngilan rayonunda qoyduq", - deyən Prezident bildirib ki, birinci kənd - Ağalı kəndində artıq üç il yarımdır ki, insanlar yaşayır və çox gözəl şərait yaradılmışdır və gözəl də saxlanılır: "Mən indi Ağalının içi ilə keçdim və yeni binalarla tanış olarkən gördüm ki, bütün həyətyanı sahələr sanki gözəl bir bağa çevrilib. Biz buranı keçmiş köçkünlərə təhvil verəndə qupquru bir yer idi. Necə ki, indi Məmmədbəyli kəndində də hələ ki, o qədər də çox ağac yoxdur. Ancaq illər keçdikcə vətəndaşlar özləri qurub-yaradırlar, əkib-becərirlər. Dövlət nə lazımdırsa edib, sizi gözəl şəraitlə təmin edib və əminəm ki, siz burada rahat yaşayacaqsınız".
Zəngilan da yeni dövrünə qədəm qoyub. "Ağalı" hoteli Zəngilan şəhər mərkəzindən 20 kilometr məsafədə, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində yerləşir. Hotelin binası üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir. Bu baxımdan Füzuli, Zəngilan və Laçında tikiləən beynəlxalq hava limanları azad edilən ərazilərimizin turizm potensialının reallaşmasında, turistlərin cəlb olunmasında mühüm rol oynayacaq.
Əlbəttə ki, işğaldan azad olunan ərazilərimizdə infrastruktur layihələr, yeni yolların çəkilişi, yaşayış yerlərinin təməlinin qoyulması, iaşə müəssisələrinin açılışı və s. plnlı şəkildə layihələr əsasında həyatı keçirilir. Məqsəd insanların rahatlığının və firavanlığının təminatıdır. Artıq Zəngilanda "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyaları istifadəyə verilib. İşğaldan azad edilən ərazilərdə yaşıl enerji zonasının yaradılması, rayonların karbonsuz zonaya çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində hər birinin gücü 10,5 meqavat olmaqla dörd yerdə ümumi gücü 42 meqavat olan "Zəngilan" Su Elektrik stansiyaları silsiləsi layihələndirilərək qısa vaxt ərzində tikilib. İşğaldan azad edilən ərazilərdə ən böyük silsilə su elektrik stansiyası olan Zəngilan silsiləsindən "Cahangirbəyli" SES 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.
Göründüyü kimi, işğal altından azad olunan ərazilərimizdə, eləcə də Zəngilanda abadlıq-quruculuq işələri sürətlə davam etdirilir. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir.
"BU BÖLGƏ ÇOX ÖNƏMLİ NƏQLİYYAT MƏRKƏZLƏRİNDƏN BİRİNƏ ÇEVRİLƏCƏK"
Dövlət başçımız Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib. Ağalı kəndinin ikinci mərhələsində istifadəyə veriləcək evlərin sayı 103 ədəddir. Bunlar 55-i ikiotaqlı fərdi evlərdən, 3-ü isə üçmərtəbəli 2 bloklu "Townhouse" tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd birotaqlı, 12 ədəd isə ikiotaqlı mənzil inşa edilib. Kənddə bütün evlərə kommunikasiya xətləri çəkilib, yaşayış və qeyri-yaşayış binalarının hamısı qazla təmin edilib, evlərdə kombilər quraşdırılıb. Burada ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Park Ağalı və Məmmədbəyli kənd sakinləri, eləcə də qonaqlar üçün açıq istirahət və əyləncə zonası kimi fəaliyyət göstərəcək. Parkın ərazisi 5 funksional zonaya bölünüb. Bu zonalarda uşaqların istirahəti, idman fəaliyyəti və əyləncəsi üçün bütün şərait yaradılıb. Ərazidə müxtəlif ağac və kol bitkiləri əkilib.
"BU BÖLGƏNİN ÇOX GÖZƏL GƏLƏCƏYİ OLACAQ"
Sonra Prezident İlham Əliyev Məmmədbəyli kəndinin açılışında iştirak edib. Kəndin ümumi sahəsi 51,6 hektardır. Kənddə 188 fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq hasarlanıb. Evlərdə Günəş panelləri quraşdırılıb, onlar su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub. Kənddaxili yollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da inşa olunub. İnzibati binalarda, eləcə də keçid və istinad divarlarında zövqlə işlənmiş rəsmlər çəkilib. Bu isə kəndin ümumi görünüşünə əlavə çalarlar qatır. Məmmədbəyli kəndi Ağalı kəndinə çox yaxın məsafədə yerləşdiyindən iqtisadi səmərəliliyin təmin olunması məqsədilə bu kəndləri birləşdirən keçid inşa edilib ki, bu da 360 şagird yerlik Ağalı kənd tam orta məktəbindən, 60 yerlik uşaq bağçasından, Ailə sağlamlıq mərkəzindən, məişət xidməti obyektindən, xidmətlər mərkəzindən, aptekdən, bazar kompleksindən və digər qeyri-yaşayış təyinatlı obyektlərdən istifadənin rahatlığını təmin edəcək.
Kənddə yaradılmış şəraitlə tanış olandan sonra dövlətimizin başçısı Məmmədbəyli və Ağalı kəndlərinə köçən sakinlərlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib. "Beş ilə yaxındır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və azad olunmuş bütün torpaqlarda geniş quruculuq işləri gedir, o cümlədən Zəngilan rayonunda. … Bu gün Zəngilan şəhərində də birinci yaşayış kompleksinin tikintisi demək olar ki, yekunlaşır. Digər binaların tikintisi, məktəb, xəstəxana. Zəngilan məscidi tikilmişdir, gözəl bir memarlıq əsəridir. Konqres Mərkəzi, Zəngilan Beynəlxalq Hava Limanı. Yəni, bura, bu bölgə çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi buradan keçəcək. Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq".
Görülən işlərin məntiqi nəticəsi olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. Bu gün isə əzəli sakinlərin səsi-sədası, toy-büsat çalğısı Füzulidən, Laçından, Şuşadan eşidilir.
Hər bir ərazidə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. Artıq işğaldan azad olunan ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində keçmiş məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmalarına imkan yaranıb və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür.
Zümrüd BAYRAMOVA