PDF Oxu

Siyasət

  • 742

Cənab Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı: elm, zəfər və inkişaf strategiyası

image

3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə keçirilən mərasimdə cənab Prezident İlham Əliyevin çıxışı həm elmi ictimaiyyət, həm də bütövlükdə cəmiyyət üçün strateji əhəmiyyət daşıyan mühüm siyasi bəyanat kimi tarixə düşdü. Dövlət başçısının nitqi bir tərəfdən elmimizin keçdiyi şərəfli inkişaf yoluna nəzər salır, digər tərəfdən isə gələcək mərhələdə Azərbaycan elminin dövlət siyasətində prioritet istiqamət kimi əhəmiyyətini bir daha təsdiqləyirdi. Cənab Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, “Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər”. Bu fikir təkcə elmi fəaliyyətin vacibliyinə deyil, eyni zamanda milli inkişaf modelində intellektual potensialın əsas dayağa çevrildiyinə işarədir. Bu gün Azərbaycan alimləri təkcə akademik mühitdə deyil, həm də iqtisadiyyatın, texnologiyanın, kənd təsərrüfatının, enerji sektorunun və müdafiə sənayesinin modernləşməsində mühüm rol oynayır. Elm və təhsilin inteqrasiyası nəticəsində formalaşan yeni intellektual nəsil artıq dövlət idarəçiliyi və innovativ istehsal sahələrinə real töhfələr verir. Cənb Prezident İlham Əliyev çıxışında Ulu Öndər Heydər Əliyevin elmə və alimlərə olan xüsusi münasibətini xatırladaraq bildirdi ki, “Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi.” Həqiqətən də, 1970–1980-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan elmi yeni yüksəliş mərhələsinə qədəm qoymuş, elmi müəssisələrin infrastrukturu yenilənmiş, tədqiqat istiqamətləri genişləndirilmişdir. Məhz o dövrdə formalaşan elmi kadrlar bu gün Azərbaycan elminin onurğa sütununu təşkil edir. Cənab Prezident İlham Əliyev atasının iradəsini və siyasi irsini xatırladaraq bildirdi ki, “Məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı bizi böyük bəlalardan qurtara bilmişdir.” Bu ifadə Azərbaycan tarixinin ən çətin dönəmlərində Ulu öndər Heydər Əliyevin göstərdiyi xilaskarlıq missiyasının elmi və siyasi baxımdan qiymətləndirilməsidir. Dövlətin müstəqilliyi, təhlükəsizliyi və sabitliyi üçün əsas təməl dəyərlər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji istiqamətlərdə hələ də yaşayır və inkişaf edir. Son onillikdə Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmışdır. Bu, cənab Prezident İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirmək” siyasətinin konkret nəticəsidir. AMEA-nın institutları yenilənir, gənc alimlərin xaricdə təhsili və beynəlxalq layihələrdə iştirakı dəstəklənir, elmi nəticələrin kommersiyalaşdırılması istiqamətində yeni hüquqi mexanizmlər formalaşır. Elmin iqtisadiyyata birbaşa təsiri artıq real göstəricilərlə ölçülür. Cənab Prezidentin “Bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb” fikri elmin və milli ruhun vəhdətini göstərir. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər təkcə hərbi gücün deyil, həm də intellektual planlaşdırmanın, yüksək texnologiyaların və elmi düşüncənin nəticəsi idi. Bu Zəfər Azərbaycanın siyasi, mənəvi və elmi potensialının bir simvoluna çevrildi. Cənab Prezident İlham Əliyev çıxışında texnoloji tərəqqinin ölkənin əsas prioriteti olduğunu xüsusi vurğuladı. “Texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır.” Bu çağırış milli iqtisadiyyatın rəqəmsallaşması, süni intellekt, biotexnologiya, kosmik tədqiqatlar və müdafiə sənayesi sahələrində elmi fəaliyyətin gücləndirilməsi məqsədi daşıyır. Müasir Azərbaycan artıq regional texnoloji mərkəzə çevrilmək istiqamətində ciddi addımlar atır. Cənab Prezidentin “Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa” sözləri gələcəyin strategiyasını müəyyən edir. Neft, qaz, digər təbii resurslar zamanla tükənə bilər, lakin insan ağlının və yaradıcılığının məhsulu olan bilik və ideyalar ölkəni davamlı inkişaf etdirəcək yeganə dəyərdir. Dövlətin bu potensiala sərmayə qoyması, gənc alimlərin stimullaşdırılması və elmi ixtiraların real iqtisadi layihələrə çevrilməsi Azərbaycanı XXI əsrin intellektual güc mərkəzinə çevirə bilər. Azərbaycan elminin 80 illik tarixi yolunun zirvəsində səslənən bu çıxış, əslində, yeni dövrün başlanğıcı kimi qiymətləndirilə bilər. Cənab Prezident İlham Əliyevin elmi siyasəti milli təhlükəsizlik, iqtisadi inkişaf və texnoloji müstəqilliyin ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan yalnız zəngin təbii resursları ilə deyil, həm də elmi düşüncəyə, intellektual kapitala və milli ruhun gücünə əsaslanan müasir dövlət modeli ilə dünyada seçilir.

Nicat İsmayılov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər