PDF Oxu

Siyasət

  • 484

Şanlı tariximizin zəfər günu

image

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Azərbaycanın tarixinə müxtəlif vaxtlarda xalqımızın sevincinə, qürüruna səbəb olan bir çox şərəfli anlar, səhifələr yazılmışdır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qazandılan qələbələr, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizə qızıl hərflərlə yazılmışdır.

Artıq Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərimizin növbəti ildönümünü qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edildi. Artıq həmin Zəfərdən beş il ötür və Azərbaycan xalqı Zəfər Gününü tariximizin ən qürurlu, fəxarətli günü kimi qeyd edir.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu.Artıq 30 illik həsrətdən, nisgildən sonra Qarabağın tutqun üzü açıldı, başındakı duman, çən dağıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz müqəddəs torpaqlarımızdan düşmənin murdar ayağını kəsdi.

8 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz tarix… Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. 8 noyabr 2020-ci il Ali Baş Komandan və şanlı Azərbaycan əsgərinin yazdığı görkəmli tarix, 28 illik həsrəti 44 gün müddətində bitirən müzəffər ordu.Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Torpaqlarımızın işğal altında olduğu 30 illik dövr ərzində hər bayram ən böyük arzusunun növbəti bayramı Qarabağda qeyd etmək istəyi olan xalqımız üçün Zəfər Günü üçün bundan daha möhtəşəm tarix ola bilməzdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə birlikdə, son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilmiş və xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələ həll edilmişdir.

Azərbaycan xalqı 30 il idi Qələbəni, torpaqlarımızı düşmən işğalından azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyirdi. Bu müddət ərzində həm Ulu Öndərin hakimiyyəti illərində, həm də Prezident İlham Əliyevin rəhbərliyi dövründə atılmış hər bir addım, qəbul olunmuş hər bir qərar Azərbaycan torpaqlarının düşmən işğalından azad olunmasına xidmət edib. Vətən müharibəsində qazanılmış Zəfər mükəmməl ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Ordunu dövlətin dayağı, xalqın güvən yeri, qürur mənbəyi adlandıran Ulu Öndər Azərbaycan Ordusunun yaradıcısı olmuş, Silahlı Qüvvələrimizi dövlət müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirmişdir.

44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı.Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bu bir daha Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı ölkə Prezidenti cənab İlham Əliyevin siyasi diplomatiyasının bütün dünyaya nümayişinin əyani təzahürü idi.

“Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqidir.

2020-ci ildekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən parad əvvəlkilərdən fərqli idi. Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.

Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur.Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir.Qədirbilən Xalqımız ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən, bizə bu Zəfəri yaşadan Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacaq. Onların əziz xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər