PDF Oxu

Siyasət

  • 514

Bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir

image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabr ayının 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirak etmişdir. Yubiley mərasimində çıxış edən dövlət başçısı qeyd edib ki, Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır və əlbəttə ki, öz addımlarımızı dəyişən dünyada gedən proseslərə həm uyğunlaşdırmalıyıq, həm də ki, bir çox təşəbbüslər irəli sürməliyik. Ona görə təbii ki, illər keçdikcə qarşıda duran vəzifələr də dəyişir. Ona görə bugünkü inkişafla bağlı, inkişafın gələcək istiqamətləri ilə bağlı əlbəttə ki, prioritetlər əvvəlki dövrdən fərqlənir. Bu gün sirr deyil ki, hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir. Bu gün biz bunu iqtisadi inkişafda görürük, yeni texnologiyaların tətbiqində görürük, yeni müharibələrdə görürük. Ona görə texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür. Təbii ki, Azərbaycan dövlətinin üzərinə böyük vəzifə düşür ki, biz bu texnoloji inkişafı bütün sahələrdə tətbiq edək və beləliklə, bizim inkişafımız dayanıqlı olsun. Artıq hər kəs görür və bilir ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Yəni, təbii resurslar bizim üçün sadəcə olaraq bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun. Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır. Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq. Ona görə dövlət lazımi addımları atır. Biz hər zaman əsas aparıcı xəttin, yəni, “mainstream”in, əgər belə demək mümkündürsə, arxasınca gedirik və geri qalmamalıyıq. Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik. Həmçinin, biz rəqəmsallaşmanı ölkəmizdə geniş miqyasda tətbiq edirik və bunun faydasını görürük. Bu istiqamətdə aparılan digər islahatlar nəticəsində əldə edilmiş uğurlar rəqəmsallaşma ilə bağlıdır. Yəni, bəlkə də geniş ictimaiyyət bunu yaxından izləmir. Ancaq biz görürük ki, rəqəmsallaşma olan sahələrdə artıq işin keyfiyyətinin əmsalı da artır, səmərə də artır və nəticə etibarilə daha gözəl nəticələr hasil edilir. Ona görə təsadüfi deyil ki, artıq bir müddət bundan əvvəl bizim hökumət strukturunda nazirliyə “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” adı verilmişdir və bu istiqamətdə də addımlar atılır. Azərbaycan alimlərini burada yenə də fəal olmağa dəvət edirəm. Digər vacib məsələ kibertəhlükəsizliklə bağlıdır. İndi dünyada kiberhücumlar geniş vüsət alıb. Azərbaycan da bu hücumlara bu il məruz qalmışdır və Kibertəhlükəsizlik Mərkəzinin yaradılması vaxtında atılmış addımdır. Biz beynəlxalq tərəfdaşlarla, bu sahədə böyük təcrübəyə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində işləyirik ki, özümüzü maksimum dərəcədə qoruya bilək, müdafiə edə bilək. Çünki kibertəhlükəsizlik, yəni, virtual təhlükəsizlik deyil. Bu, hər bir ölkənin fiziki təhlükəsizliyidir. Bu gün həm müharibələrin deməli aparılma qaydaları dəyişir, təhlükələrin mənbələri dəyişir və dünya dəyişir. Ona görə bu sahəyə əgər lazımi diqqət göstərilməsə, heç bir başqa müdafiə imkanı bizi böyük problemlərdən qoruya bilməz. Ona görə kibertəhlükəsizliklə bağlı həm dövlət, həm Azərbaycanın elm ictimaiyyəti birgə işləməlidir. Əlbəttə ki, eyni zamanda, bizə qarşı kiberhücumlar təşkil edən ölkələr, ya tərəflər, ya qurumlar cəzasız qalmamalıdır. Biz həm özümüzü müdafiə etməliyik, həm də ki, bizə zərər vermək istəyənlərə də layiqli cavab verməliyik.


Saday Qasımov
Azərbaycan Respublikasının Tibb Universitetinin 1-ci kurs tələbəsi

Digər xəbərlər