8 Noyabr – Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biridir. Bu gün xalqımızın iradəsinin, ordumuzun rəşadətinin, dövlətimizin gücünün təntənəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun igid əsgərləri 2020-ci ilin bu əzəmətli günündə Şuşanı – Qarabağın tacını, milli ruhumuzun beşiyini azad etdilər.
Şuşanın azad olunması xalqımızın qəlbində illərlə qaynayan həsrətin bitməsi, tarixi ədalətin bərpası idi. Bu Zəfərlə bərabər, Azərbaycan yalnız torpaqlarını deyil, həm də öz qürurunu, milli birliyini, dövlətinə olan inamını geri qazandı.
Şuşa – Azərbaycan mədəniyyətinin, musiqisinin, poeziyasının beşiyidir. Burada Natəvanın duyğuları, Üzeyir bəyin melodiyaları, Bülbülün səsi, Xan Şuşinskinin nəfəsi yaşayır. Bu şəhər azad olandan sonra sanki ruhumuz da yenidən doğuldu, millətimizin nəfəsi yenidən açıldı.
Bu gün Şuşa yenidən dirçəlir, yenidən bərpa olunur. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə şəhər qədim gözəlliyini müasir nəfəs ilə birləşdirərək bənzərsiz bir mədəniyyət mərkəzinə çevrilir.
Şuşada keçirilən hər tədbir, səslənən hər musiqi, dalğalanan üçrəngli bayraq bizim Zəfərimizin simvoludur.
8 Noyabr – Şuşa şəhəri günü xalqımızın həm qürur, həm minnətdarlıq, həm də vətənpərvərlik hisslərini birləşdirən unudulmaz gündür. Bu gün biz şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə dərin ehtiramla minnətdarlıq bildiririk.
Biz bu Zəfəri xalqın birliyi, igid övladlarımızın fədakarlığı və dövlətimizin gücü ilə qazandıq.
Bu gün hər bir azərbaycanlı fəxrlə deyir:
Şuşa azaddır! Qarabağ Azərbaycandır!
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı