9 Noyabr – Dövlət Bayrağı Günü, Azərbaycan xalqının milli yaddaşında və dövlətçilik tarixində dərin mənəvi məna daşıyan ən əziz günlərdən biridir. Azərbaycan Respublikasının Dövlət Bayrağı, təkcə bir simvol deyil, xalqımızın azadlıq, suverenlik və milli kimlik uğrunda apardığı uzunmüddətli mübarizənin, tarixi yaddaşının və ideoloji bütövlüyünün rəmzidir. O, Azərbaycan Xalq Cümhuriyyətindən müasir müstəqil dövlətçiliyimizə qədər uzanan milli ideologiyanın – Türkçülük, İslamçılıq və Müasirlik prinsiplərinin ən parlaq və yeganə vizual təcəssümüdür. Bu üç prinsipi özündə birləşdirən üçrəngli bayraq, xalqımızın tarixi köklərinə, mənəvi dəyərlərinə və gələcəyə yönəlmiş modern inkişaf düşüncəsinə sadiqliyinin ifadəsidir.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə müstəqilliyini elan etdikdən sonra qəbul edilən dövlət bayrağı, milli ideoloji düşüncənin zirvəsi hesab olunur. Mavi rəng türklüyü və milli mənsubiyyəti, qırmızı rəng müasirliyi, tərəqqini və inkişafı, yaşıl rəng isə İslam mədəniyyətinə bağlılığı ifadə edir. Əli bəy Hüseynzadənin "Türkləşmək, İslamlaşmaq, Müasirləşmək" ideyası bu rənglərdə öz tam təcəssümünü tapmışdır. Bayrağın üzərindəki ağ aypara və səkkizguşəli ulduz isə azadlıq, müstəqillik və milli birliyin rəmzidir. Bu elementlər xalqın mənəvi dünyasında azad yaşamaq arzusunu, milli həmrəylik və qəhrəmanlıq ruhunu əks etdirir.
Dövlət Bayrağının 1990-cı ildə Naxçıvanda yenidən qaldırılması, Azərbaycanın müasir siyasi tarixində dönüş nöqtəsi olmuşdur. 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağa dövlət statusunun verilməsi, milli azadlıq hərəkatına yeni hüquqi və mənəvi əsas qazandırdı. Bu hadisə, sovet imperiyasının dağılması ərəfəsində Azərbaycanın müstəqilliyə doğru atdığı ən mühüm addımlardan biri idi. Naxçıvandan başlanan bu milli dirçəliş dalğası, az sonra bütün ölkəyə yayıldı və 1991-ci ildə üçrəngli bayrağımızın yenidən dövlət atributu kimi qəbul olunması ilə müstəqilliyin rəsmi bərpasına çevrildi. Bu, həm də Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarına sədaqətin və dövlətçilik varisliyinin rəsmi təsdiqi idi.
Müasir dövrdə isə Azərbaycan bayrağı, ölkəmizin suverenliyinin, gücünün və beynəlxalq nüfuzunun əsas simvoludur. O, yalnız dövlət idarəçiliyinin atributu deyil, eyni zamanda xalqımızın mənəvi birliyinin və vətən sevgisinin təcəssümüdür. 2020-ci ildəki Vətən Müharibəsi zamanı üçrəngli bayrağın işğaldan azad olunan torpaqlarımızda ucaldılması, onun mənəvi və emosional dəyərini daha da artırdı. Hər bir azad edilən şəhər və kənddə dalğalanan bayraq, şəhidlərimizin qanı bahasına qazanılmış qələbənin, ordumuzun rəşadətinin və xalqımızın birliyinin simvoluna çevrildi. Bu gün Azərbaycan Bayrağı, həm müstəqilliyimizin, həm də ədalətli mövqeyimizin beynəlxalq arenada tanınmasının, diplomatik gücümüzün göstəricisidir.
9 Noyabr – Dövlət Bayrağı Günü, Azərbaycan xalqının keçmişə olan ehtiramını, bu günə duyduğu qüruru və gələcəyə olan inamını birləşdirən əziz bayramdır. Bu gün hər bir vətəndaş üçün bayraq təkcə bir parça deyil, həm də tariximizin, mədəniyyətimizin, qəhrəmanlığımızın və milli iradəmizin canlı şahididir. Bayrağımızda cəmlənən ideyalar Azərbaycan xalqının kimliyini, dövlətin gücünü və azadlıq ruhunu əks etdirir. Üçrəngli bayraq daim ucalarda dalğalanaraq, müstəqil Azərbaycanın əbədi varlığını və xalqımızın qürurlu yolunu simvolizə edir.
Nərmin Azadova
YAP Yasamal rayonu "H.B.Zərdabi küç.96" (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ictimai Səhiyyə və Islahatlar Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini