PDF Oxu

Siyasət

  • 861

Üçrəngli bayraq – milli kimliyimizin və suverenliyimizin əbədi rəmzi - ŞƏRH

image

9 noyabr Dövlət Bayrağı günü təkcə bir tarix deyil, milli varlığın, dövlətçilik ənənələrinin və müstəqilliyin rəmzidir. Hər bir millətin simvolları – bayrağı, gerbi və himni onun keçmişini, bu gününü və gələcəyə olan inamını ifadə edir. Üçrəngli bayrağımız da məhz bu mənada xalqımızın tarixi yaddaşını, milli birliyini və azadlıq ideallarını özündə birləşdirir. Milli suverenliyimizin, müstəqil dövlətçiliyin və milli birliyin parlaq simvolu olan bayrağımız xalqın keçdiyi şərəfli yolun, istiqlal uğrunda fədakar mübarizənin və gələcəyə olan inamının bədii ifadəsidir. Tarixin dərinliklərindən gələn bayrağımız gələcəyə istiqamət verən mənəvi işıqdır.

Ötən əsrin sonu Azərbaycan tarixində milli azadlıq hərəkatının yüksəlişi ilə yadda qalmış, xalqın dili, dini və milli kimliyi uğrunda mübarizəsində üçrəngli bayraq yenidən əsas simvola çevilmişdir. Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən noyabr 1990-cı il tarixində üçrəngli bayrağı Naxçıvanda rəsmi dövlət bayrağı kimi təsdiq etdi. Bu tarixi an müstəqillik ideyasının bərpası istiqamətində mühüm mərhələ oldu. Nəhayət, uzun fasilədən sonra milli rəmz öz doğma torpağında yenidən ucaldı.

17 noyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 9 noyabr – Dövlət Bayrağı Gününün təsis edilməsi ilə əlaqədar sərəncam imzalamışdır. Bu sərəncam, müstəqil Azərbaycanın milli ideologiyasının və vətənpərvərlik ruhunun möhkəmlənməsində yeni mərhələ açdı. Respublikanın bütün bölgələrində 9 noyabr münasibətilə elmi konfranslar və dövlət tədbirləri keçirilir. Gənclər arasında isə bayrağa hörmət və vətənpərvərlik dəyərlərinin təbliği xüsusi istiqamət kimi inkişaf etdirilir. Bakı şəhəri Milli Park ərazisində yerləşən Dövlət Bayrağı Meydanı bayrağın ucaldığı ən möhtəşəm məkanlardan biridir. 2010-cu il tarixində açılışı olan bu kompleksin dünyanın ən hündür bayraq dirəklərindən birinə malikdir. Meydanda dalğalanan üçrəngli bayrağımız Azərbaycanın suverenliyinin, qüdrətinin və milli qürurunun simvoludur.

27 sentyabr 2020-ci il tarixində başlayan 44 günlük Vətən müharibəsi müasir tariximizdə yeni qəhrəmanlıq səhifəsi açdı. Torpaqlarımız düşməndən azad edildikcə hər bir şəhər və kəndlərdə üçrəngli bayraq dalğalanmağa başlanıldı. Üçrəngli bayraq təkcə dövlət simvolu kimi deyil, həm də Zəfərin, qürurun və milli dirçəlişin rəmzinə çevrildi.

Bu gün Azərbaycan gəncləri təhsil, elm, idman, texnologiya və mədəniyyət sahələrində üçrəngli bayrağımızı beynəlxalq arenalarda qürurla dalğalandırırlar. Üçrəngli bayraq əsrlərin sınağından çıxmış, istiqlal uğrunda şəhid olan minlərlə qəhrəmanın qanı ilə müqəddəsləşmiş bir simvoldur. Dövlət bayrağı günü keçmişlə gələcəyin qovuşduğu, milli yaddaşın dirçəldiyi, Azərbaycançılıq ideologiyasının təntənə etdiyi gündür. Bu bayraq hər bir azərbaycanlının qəlbində ucalan vətən sevgisinin, birlik və qürurun nişanəsidir.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər