PDF Oxu

Siyasət

  • 377

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü - ŞƏRH

image

Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edən sənədlərdən biri, müstəqil Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiyadır. Hər bir suveren dövlətin varlığını, idarəetmə prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını təsbit edən bu ali sənəd dövlətin hüquqi-siyasi dayağını təşkil edir.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin hüquqi əsaslarını müəyyənləşdirdi və dövlət quruculuğu prosesində yeni mərhələnin başlanğıcını qoydu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan bu sənəd demokratik, hüquqi və dünyəvi dövlət quruculuğuna möhkəm hüquqi baza yaratdı.

Konstitusiyada Azərbaycan Respublikasının dövlət quruluşu, hakimiyyət qollarının bölünməsi prinsipi – qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyəti və müstəqilliyi təsbit olunub. Eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqları dövlət tərəfindən qorunan ali dəyərlər kimi müəyyən edilib.

Bu gün müstəqil Azərbaycanın inkişafı, hüquqi islahatların uğurla həyata keçirilməsi, demokratik prinsiplərin möhkəmlənməsi Konstitusiyamızın ruhuna və tələblərinə əsaslanır. Azərbaycan dövləti beynəlxalq hüququn prinsiplərinə sadiq qalaraq vətəndaş cəmiyyətinin formalaşması, ədalətin və hüququn aliliyinin təmin olunması istiqamətində ardıcıl addımlar atır.

12 Noyabr tarixi, yalnız bir hüquqi sənədin qəbul olunduğu gün deyil, eyni zamanda, Azərbaycan xalqının azadlıq, müstəqillik və dövlətçilik iradəsinin təntənəsidir. Bu gün biz fəxrlə qeyd edirik ki, Konstitusiyamız Azərbaycan xalqının birliyi, suverenliyi və azad gələcəyi üçün etibarlı zəmanətdir.

Elnur Qəhrəmanov,

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı

Digər xəbərlər