Azərbaycanın konstitusiya quruluşunun tarixi dövlətçiliyimizin formalaşma mərhələlərini və milli hüquq sisteminin inkişafını nümayiş etdirir. Bu tarixi proses xalqın azadlıq iradəsini, ədalətə və qanunçuluğa sadiqliyini özündə ehtiva edir. Bütün bunlar milli dövlət quruculuğunun möhkəmlənməsinə və hüquqi əsasların təkmilləşdirilməsinə xidmət edib.
1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması mühüm hadisə idi. Lakin dövlətin qısa müddət mövcudluğu səbəbindən Konstitusiya qəbul edilə bilmədi. 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında ilk Konstitusiya qəbul olundu, sonrakı illərdə - 1925, 1927 və 1937-ci illərdə yeni redaksiyalar təsdiqləndi. 1978-ci il aprelin 21-də qəbul edilən son sovet dövrü Konstitusiyasının hazırlanmasında Ümummilli Lider Heydər Əliyevin mühüm rolu olmuşdur. Onun təşəbbüsü ilə 73-cü maddəyə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası əlavə edildi. Bu faktor milli kimliyin qorunması və dil siyasətinin hüquqi əsaslarının formalaşdırılması ilə əlaqədar tarixi əhəmiyyət daşıyırdı.
1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Akt müstəqil dövlətin yeni hüquqi əsaslarını müəyyənləşdirdi. Lakin 1991–1993-cü illərdəki siyasi böhran səbəbindən yeni Konstitusiyanın hazırlanması mümkün olmadı. Yalnız 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə sabitlik bərpa olundu və dövlət quruculuğu prosesinə yeni nəfəs verildi.
1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası milli dövlət quruculuğunun hüquqi əsasını formalaşdırdı və ölkənin gələcək siyasi, sosial və iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirdi. Bu mühüm sənədin qəbul edilməsi ilə Azərbaycan xalqı öz dövlətçilik iradəsini təsdiqlədi, müstəqilliyin əbədiliyini və dönməzliyini qanunvericilik səviyyəsində möhkəmləndirdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və xalq tərəfindən qəbul edilmiş Konstitusiya dövlət müstəqilliyinin möhkəmlənməsində, hüquqi və demokratik prinsiplərin bərqərar olmasında dönüş nöqtəsi oldu. Ulu Öndər Konstitusiyanın qəbulunu müasir, dünyəvi, hüquqi dövlətin əsas sütunu kimi dəyərləndirirdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasi kursu sayəsində müstəqil Azərbaycanın dövlətçilik modeli beynəlxalq hüququn tələblərinə, milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan bir sistemə çevrildi.
Müstəqil dövlətin Əsas Qanunu kimi Konstitusiya dövlət hakimiyyətinin bölünməsi, insan hüquq və azadlıqlarının qorunması, hüquqi və sosial dövlət prinsiplərinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Konstitusiyanın əsas fəlsəfəsi ondan ibarətdir ki, vətəndaş və dövlət münasibətləri qarşılıqlı məsuliyyət, hüquq bərabərliyi və qanun aliliyi prinsipləri üzərində qurulmalıdır. Bu baxımdan Azərbaycan Konstitusiyası həm hüquqi islahatların, həm də demokratik idarəetmənin təməl sənədi olmuşdur. Prezident İlham Əliyev qeyd etmişdir: “1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur”.
1995-ci il Konstitusiyasının qəbulundan sonra ölkədə hüquqi islahatlar ardıcıl surətdə həyata keçirilmiş, qanunvericilik bazası müasirləşdirilmiş, dövlət idarəçiliyində şəffaflıq və məsuliyyət prinsipləri möhkəmləndirilmişdir. Əsas Qanunun tələblərinə uyğun olaraq, məhkəmə, qanunvericilik və icra hakimiyyəti orqanlarının qarşılıqlı fəaliyyəti səmərəli şəkildə qurulmuşdur. Bu prosesdə 1998-ci ildə fəaliyyətə başlayan Konstitusiya Məhkəməsi xüsusi rol oynamış, vətəndaşların hüquqlarının müdafiəsində mühüm təsisat kimi çıxış etmişdir.
Sonrakı illərdə həyata keçirilən referendumlar Konstitusiyanın dövrün çağırışlarına uyğun təkmilləşdirilməsini təmin etmişdir. 2002, 2009 və 2016-cı illərdə edilən dəyişikliklər demokratik idarəetmə modelinin gücləndirilməsi, insan hüquq və azadlıqlarının daha etibarlı təminatı, dövlət orqanlarının fəaliyyət mexanizmlərinin səmərəliliyinin artırılması məqsədinə xidmət etmişdir. 2016-cı il dəyişiklikləri ilə idarəetmə sisteminə müasir dövrün tələblərinə cavab verən yeni təsisat – Birinci vitse-prezidentlik institutu təsis olunmuşdur.
Konstitusiyanın əsas prinsipləri – dövlətin suverenliyi, ərazi bütövlüyü və vətəndaşların hüquq bərabərliyi – reallıqda tam təmin olunmuşdur. 2020-ci ilin Vətən müharibəsində qazanılmış tarixi Zəfər, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünün və suverenliyin bərpası Konstitusiyanın hüquqi əsaslarının təsdiqi kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi həm müstəqil dövlətçiliyin, həm də Əsas Qanunun qəbulunun 30 illiyinin təntənəsidir. Bu qərar bir tərəfdən tarixi Zəfərimizin hüquqi mənada tamamlanmasını ifadə edir, digər tərəfdən isə Konstitusiyanın dövlətin davamlı sabitliyi və tərəqqisi üçün strateji əhəmiyyətini önə çəkir.
Dövlətimizin başçısının təşəbbüsü ilə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalının təsis olunması isə bu sənədin milli dövlətçilik tarixində əvəzsiz roluna verilən yüksək dəyərin göstəricisidir. Müasir mərhələdə Konstitusiya xalqın iradəsini, milli həmrəyliyi və müstəqil dövlətin dayanıqlı inkişaf yolunu ifadə edən ali hüquqi sənəd kimi yeni dövrün reallıqları fonunda tarixi əhəmiyyət daşıyır.
Bədəl Bədəlov
Milli Məclisin deputatı