Bu gün artıq Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi tarixə düşüb. Bu əlaqələrin mərkəzində dayanan isə xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmalarıdır. Əgər əvvəllər Azərbaycanla Türkiyə münasibətləri, dostluq və qardaşlıq əlaqələri bütün dünyaya nümunə idisə, bu gün artıq Türkiyə, Pakistan və Azərbaycan arasında formalaşan dostluq və qardaşlıq münasibətləri bütün dünyaya örnəyə çevrilib. Son illərdə həm Türkiyə, həm də Pakistanla Azərbaycanın əlaqələri ən yüksək zirvəyə çatıb. Noyabrın 8-də Azadlıq Meydanında keçirilən hərbi paradda bunun bir daha şahidinə çevrildik. Belə ki, Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər.
Hər zaman qardaş, dost ölkə olan Türkiyə 44 günlük müharibə dövründə Azərbaycanın yanında oldu, dostluq, birlik nümayiş etdirdi. "Bu gün bizim paradda Əziz qardaşım, Türkiyə Cümhuriyyətinin cümhurbaşqanı hörmətli Rəcəb Tayyib Ərdoğan iştirak edir. Əziz qardaşım İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda çıxışı zamanı bildirib. Dövlət başçımız bildirib ki, onun verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı: "Qardaş Türkiyə xalqı hörmətli Prezident Ərdoğanın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı onun "Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!"- deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci ilin iyun ayında Azərbaycana səfəri və Şuşanı ziyarət etməsi çox mühüm tarixi hadisə ilə yadda qalıb. Belə ki, iyunun 15-də burada iki ölkə arasında Şuşa Bəyannaməsi imzalandı. Bəyannamədə bir sıra qarşılıqlı məsələlər, gələcək əməkdaşlığın yol xəritəsi əks olunub. Xüsusilə sənəddə yer alan iki məsələ diqqət çəkir. Bunlardan birincisi odur ki, hər iki ölkə bir-birlərinin təhlükəsizliyinin təminatı üçün BMT Nizamnaməsinə uyğun qarşılıqlı öhdəlik götürdülər. İkincisi isə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması istiqamətində birgə iş birliyi oldu.
Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.
"BEŞ İL BUNDAN ƏVVƏL ZƏFƏR PARADINDA DA ƏZİZ QARDAŞIM RƏCƏB TAYYİB ƏRDOĞAN BİZİMLƏ BƏRABƏR İDİ"
Bəyannamənin 15 iyun -Milli Qurtuluş Günündə məhz Şuşada imzalanması isə təsadüfi deyildir. 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi ərəfəsində idi. Ümummilli lider Heydər Əliyev çox qısa bir vaxtda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 28 ildən sonra isə - 2021-ci ilin 15 iyununda Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtı, azad Şuşada yeni sənəd imzaladı. Bu, ilk növbədə ərazi bütövlüyü təmin olunmuş müstəqil Azərbaycanın və onun rəhbərinin müstəqil siyasətinin bariz nümunəsidir. Şuşada Türkiyə-Azərbaycan qardaşlığının gələcəkdəki qələbələrinin təməli qoyuldu. Bəyannamədə digər önəmli məsələ Zəngəzur dəhlizinin açılmasının xüsusi qeyd edilməsidir. Təbii ki, Zəngəzur dəhlizinin açılması Vətən müharibəsindəki 44 günlük Zəfərimizin yaratdığı geosiyasi şəraitdir. Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasət davranışları ilə bağlı müddəa da yer almışdır. Tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparırlar. Sənədə əsasən, beynəlxalq münasibətlərin inkişafı, yerli, bölgə və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstərirlər."Müharibədən və şanlı Zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Şuşa Bəyannaməsini imzalayaraq bizim əlaqələrimizi ən yüksək zirvəyə - müttəfiqlik səviyyəsinə qaldırmışlar. Bu gün bizim Hərbi paradda Türkiyə hərbçilərinin iştirakı birliyimizin növbəti təzahürüdür", - deyə Prezident diqqətə çəkib: "Beş il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bizimlə bərabər idi".
"İstəyirəm biləsiniz ki, Qarabağın azadlığa qovuşması təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir. Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, istiqlal və şərəf uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi olaraq ortaq tariximizə qızıl hərflərlə yazılmışdır.
Bu gün burada Azərbaycan əsgəri Türkiyədən gələn əsgər qardaşları ilə çiyin-çiyinə, yan-yanadırlar. Əsgərlərimizə baxdıqca “Bir millət, iki dövlət” şüarının nə demək olduğunu hamımız görə bilirik. Şəhidlərimizin bir-birinə qarışan qanlarının üzərində yüksələn Azadlıq Bayrağı Qarabağın dörd bir yanında şanla, şərəflə, qürurla dalğalanır". Bu fikirləri Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bildirib.
"BU GÜN İLK DƏFƏ OLARAQ AZADLIQ MEYDANINDA PAKİSTAN HƏRBÇİLƏRİ DƏ BİZİMLƏ BƏRABƏR İŞTİRAK EDİRLƏR"
Azərbaycanın həm Türkiyə, həm də Pakistanla ikitərəfli əlaqələri xalqlarımızın qardaşlığına, tarixi və mədəni bağlarına, qarşılıqlı hörmət və etimadına əsaslanır. Belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimiz davamlı və hərtərəfli inkişaf, müxtəlif sahələri əhatə edən sıx əməkdaşlıq, qarşılıqlı maraq doğuran məsələlər üzrə beynəlxalq səviyyədə birgə fəaliyyət və dəstəklə səciyyələnib. "Bu gün isə bizimlə bərabər digər əziz qardaşım iştirak edir. Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır. Pakistan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir. Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür", - deyə Prezident bildirib.
Qardaş ölkə Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. 44 günlük Vətən müharibəsində qardaş Türkiyə ilə birlikdə Pakistanın Azərbaycanın yanında olması Azərbaycan-Türkiyə-Pakistan qardaşlığını bütün dünyaya nümayiş etdirdi. İşğaldan azad olunan ərazilərdə bütün şəhər və ölkə boyu Azərbaycanla yanaşı, Türkiyə və Pakistan bayraqlarının olması təəccüblü deyil."Üç qardaş - 2021" beynəlxalq təlimlərinin hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə və fikir mübadiləsi aparılacaq və onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəkdir. Bu təlim ordular arasında mövcud olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsində müstəsna rol oynayacaq.
ÖLKƏLƏRARASI ƏMƏKDAŞLIQ PLATFORMASI
Müasir dünyada üçtərəfli Azərbaycan-Türkiyə-Pakistan arası əməkdaşlıq platforması ölkələr arasında münasibətlərin daha da dərinləşməsinə və inkişafına töhfədir. Hər üç ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq mövcud münasibətlər keyfiyyətcə yeni müstəviyə keçib. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan Türkiyə və Pakistan əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənir. Hər üç dövlət qardaş və müttəfiq ölkələrdir və dövlətlərarası münasibətlərdə xüsusi rol oynayan dostluq, qardaşlıq münasibətləri strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə müsbət təsirini göstərir. Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən "Üç qardaş-2021" beynəlxalq təlimi ölkələrin hər bir sahədə əməkdaşlığının davamlı olduğunu və dostluğa və qardaşlığa söykəndiyini göstərmiş oldu. "Üç qardaş - 2021" beynəlxalq təlimlərinin keçirilməsi mövcud dostluğun daha bir ifadəsidir. Həyata keçirilən birgə layihələri, əməkdaşlığı müasir dövlətlər görür və bir mesaj olaraq dünyaya çatdırılır. Hər üç ölkənin hərbi qulluqçuları arasında aparılan geniş təcrübə və fikir mübadiləsi, onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfədir. Bu təlim bütün sahələrdə olduğu kimi dövlətlərin orduları arasında mövcud olan əlaqələrin daha da gücləndirilməsində müstəsna əhəmiyyətə malikdir. Təlim dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması məqsədi daşıyır. Bu, Azərbaycan, Pakistan və Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın daha bir təzahürüdür.
"PAKİSTAN DÖVLƏTİ VƏ XALQI 44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ ZAMANI AZƏRBAYCANA DƏSTƏK VƏ HƏMRƏYLİK GÖSTƏRMİŞDİR"
Dövlətlərarası münasibətlər 44 günlük Vətən müharibəsi dövründə özünü bir daha büruzə vermiş oldu. Türkiyə və Pakistan Azərbaycanın yanında olaraq, Azərbaycanın haqq işinə öz dəstəklərini ifadə etdilər. Dövlətlərin ölkəmizə həm siyasi, həm də mənəvi dəstəkləri yaxın dost və qardaş ölkələr kimi tarixə düşdü və Azərbaycan dostu ilə düşmənini bir daha siyasi proseslərdə görmüş oldu.
"Bu gün ürəyim fəxarət hissi ilə dolur. Çünki mən burada böyük həvəslə və vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını görürəm".
Bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı söyləyib.
Azərbaycanın Qarabağ uğrunda ağır müharibə şəraitində yaşadığı dövrlərdə beynəlxalq münasibətlərdə Pakistan rəsmilərinin dünya dövlətlərini BMT, İKT kimi nüfuzlu təşkilatlarda Ermənistanı təcavüzkar ölkə kimi tanınmasına çağırmasını da xüsusi olaraq qeyd etmək yerinə düşər. 2020-ci ilin sentyabrın 27-də Azərbaycana qarşı işğalçı Ermənistanın həyata keçirdiyi hərbi təxribata Pakistanın qardaş Türkiyə ilə birlikdə Azərbaycanın yanında olduğunu bəyan etməsi bu ölkələrin qardaşlığını bütün dünyaya nümayiş etdirdi. Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. Ağrı-acını bizimlə birgə yaşadılar və zəfərimizi də öz Zəfərləri tək qəbul etdilər. "Rakistan dövləti və xalqi 44 günlük vətən müharibəsi zamani azərbaycana dəstək və həmrəylik göstərmişdir".
Bu sözləri Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı söyləyib. Dövlətimizin başçısı vurğulayıb: “Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür”.
Təbii ki, bu və ya digər əlaqələr dövlətlərin əməkdaşlığında daha yeni üfüqlər açır.
Zümrüd BAYRAMOVA