PDF Oxu

Siyasət

  • 1 170

Konstitusiyamız xalqın firavanlığına xidmət edən ən mühüm sənəddir

image

12 noyabr tarixi müstəqil Azərbaycan dövlətçiliyi tarixində xüsusi əhəmiyyət kəsb edir. Hər il bu gün xalqımız tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur. 1995-ci ilin məhz bu günündə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Müstəqil Azərbaycanın ilk Konstitusiyası ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi və ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirən hüquqi baza yarandı.

Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) qısaömürlü fəaliyyəti ərzində Əsas Qanunun qəbulu mümkün olmamışdı. Buna görə də, ölkənin konstitusiya quruluşu tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edildi. 1925, 1927 və 1937-ci illərdə SSRİ-nin mərkəzi qərarlarına uyğun olaraq yeni Konstitusiyalar və ya dəyişikliklər qəbul olundu. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul edildi. Bu Konstitusiya layihəsinin hazırlanması zamanı Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddəyə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” bəndinin daxil edilməsi milli dövlətçilik baxımından tarixi əhəmiyyət kəsb edirdi. Həmin Konstitusiyaya 1995-ci ilədək çoxsaylı əlavə və dəyişikliklər edilmişdir, lakin onun müstəqillik aktına zidd olmayan hissələri 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olmuşdur.

Dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə ölkədə yaşanan ağır siyasi, iqtisadi vəziyyət, xaos və parçalanma təhlükəsi Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə aradan qaldırıldı. Məhz bu, dahi rəhbərin uzaqgörənliyi və cəsarəti sayəsində ölkəni inkişaf yoluna çıxaran əsaslı islahatlar proqramının mühüm tərkib hissəsi kimi yeni, milli Konstitusiyanın hazırlanması zərurəti yarandı. Ulu Öndər Heydər Əliyev Konstitusiya layihəsinin hazırlanması ilə bağlı demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun.” Onun rəhbərliyi ilə Konstitusiya Komissiyası tərəfindən hazırlanmış layihə 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 91,9 faizinin dəstəyi ilə qəbul edildi və noyabrın 27-də qüvvəyə mindi. Konstitusiyanın milli dövlətçilik tarixindəki müstəsna əhəmiyyətini nəzərə alaraq, Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən hər il 12 noyabr Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

1995-ci il Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan mükəmməl və mütərəqqi sənəd oldu. Əsas Qanun ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. Konstitusiyanın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. O, dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqlarını geniş təsbit etdi. Əsas Qanunda həmçinin dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək kimi strateji fəaliyyət istiqamətləri təsbit olundu. Hüquqi dövlət quruculuğunun müasir meyillərini nəzərə alaraq, Konstitusiya ədalət mühakiməsi orqanı olan Konstitusiya Məhkəməsinin yaradılmasını nəzərdə tutdu.

Konstitusiyanın sabit olması xarakterik cəhət olsa da, cəmiyyətin sürətli inkişafı və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2002, 2009 və 2016-cı illərdə referendumlar yolu ilə Əsas Qanuna əlavələr və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər insan hüquqlarının və azadlıqlarının daha səmərəli təmin edilməsinə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə yönəlmişdir. Xüsusilə, 2016-cı il dəyişiklikləri nəticəsində idarəetmə sistemində yeni təsisat – Birinci vitse-prezidentlik institutu yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixi sənədin əhəmiyyətini belə ifadə etmişdir: “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”

Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirən, Azərbaycan xalqının firavanlığına xidmət edən sənəddir. Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması sayəsində Konstitusiyamızın bütün müddəaları bu gün ölkəmizin bütün ərazisində tətbiq olunur.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər